Məhkəmə qərarları › İş №2(063)-300/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-300/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-300/2025 16.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X3 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 70 (yetmiş) qram 585 əyyarlı, 65 (altmış beş) qramlı 750 əyyarlı qızıl əşyalarının bu günə olan dəyərinin, yəni 6000 (altı min) manat pul məbləğinin və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdehi uzun müddətdir ki, tanıyır, lombarda qızıl-zinət əşyalarını girov qoyub pul götürmüş və pulunu vaxtında ödəyirdi. Cavabdehlə münasibətləri olmuşdur. 2022-ci ilin sentyabr ayının 07-də cavabdehə ərinin iştirakı ilə nisyə olaraq 4500 manat dəyərində 70 qram çəkidə 585 əyyarlı qızıl dəsti (sırğa, üzük, sep, klon) və 6500 manat dəyərində 65,3 qram çəkidə 750 əyyarlı qızıl saatı nisyə olaraq satmışdır. Cavabdeh 6 ay müddətində ödəməyi öhdəsinə götürmüş, əri ilə birlikdə qəbz yazıb ona təqdim etmişlər. Nərmin nisyə olaraq aldığı 11000 manat qızıl-zinət əşyalarının dəyərindən 5000 manatı hissə-hissə olmaqla ödəmiş, 6000 manat ona borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcunun ödənilməsini tələb etsə də ödəməmiş və ödəməyi vəd etsə də buna əməl etməmişdir. Hazırda cavabdehin nisyə aldığı qızıl-zinət əşyalarına görə 6000 manat borcu qalmışdır. Əlavə olaraq izahatında göstərdi ki, məhkəməyə təqdim edilmiş qəbzdə qızıl saatın əri tərəfindən alınması göstərilsə də qızıl saatı Nərmin əri üçün almışdır və o, ərini ümumiyyətlə tanımamışdır. İddiaçı həmçinin, izahatında əlavə olaraq bildirdi ki, Nərmin ona hissə-hissə olmaqla əri üçün aldığı qızıl saat görə 5000 manat ödəniş etmişdir, özü üçün aldığı qızıl-zinət əşyalarına görə isə ümumiyyətlə ödəniş etməmişdir, həmçinin, qızıl saata görə 1500 manat, özü üçün aldığı qızıl-zinət əşyalarına görə 4500 manat, cəmi 6000 manat borcu qalmışdır. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə əsasən məhkəmə bildirişi və əlavə olunmuş sənədlər ünvan sahibinə-cavabdehə çatdırılması üçün yerli icra hakimiyyəti orqanına verilmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 may 2025-ci il tarixli, 5-80-22/2-195/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh Ucar rayonu, Təzə Şilyan kəndində daimi yaşayış qeydiyyatında olmasına baxmayaraq hal-hazırda nümayəndəlik ərazisində yaşamır. O, hal-hazırda Rusiya Federasiyasında yaşayır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrələrinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə “SMS xəbərdarlığı” barədə bildiriş göndərilsə də mesajların statusunda “çatdırılmayıb” qeyd olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı ilə əvvəllər bir yerdə işləmişdir. Nərmin xanım Rafael xanımdan 2022-ci ilin sentyabr ayının əvvəlində nisyə olaraq özü və əri üçün qızıl saat, qızıl bilərzik, qızıl sep, qızıl üzük və qızıl sırğa almış, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bildiyinə görə Nərmin borcunun bir qismini ödəmiş, çox hissəsini isə ödəməmişdir. Nərmini özü də tanımışdır və aralarında borca görə dəfələrlə telefon danışığı olmuşdur. Nərmin xanıma qalan borcunun ödənilməsi üçün köməklik məqsədi ilə borcunun hissə-hissə ödənilməsini təklif etsə də təklilə razılaşmış, amma borcunun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı ilə birlikdə lombardda işləmişdir, Nərmin xanım 2022-ci ilin sentyabr ayının əvvəlində İddiaçı nisyə olaraq borcunu hissə-hissə ödəmək şərti ilə 11000 manat dəyərində qızıl qolbaq, qızıl saat, qızıl sırğa, qızıl üzük və qızıl sep almışdır. Borcunun bir qismini hissə-hissə ödəmiş, 6000 manat borcunu isə ödəməmişdir. Əlavə olaraq ifadəsində göstərdi ki, Rafael xanım Cavabdeh qızıl-zinət əşyalarını onun yanında vermişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sadə yazılı qəbzdən görünür ki, X2 Rafael Xudaverdi qızından 3800.80 manatlıq qızıl götürmüş+700 manatlıq, ümumi 4500 manatlıq. 180 manat ödəmiş, hər ay 616 manat ödəyəcəkdir. Həmçinin, həmin qəbz 07 sentyabr 2022-ci ildə X5 tərəfindən imzalanmışdır. İş materiallarında olan sadə yazılı qəbzdən görünür ki, X1 Rafael Xudaverdi qızından qızıl saat götürmüşdür, 63,3 qr. 750 pr, 6500 manat borcu qalmışdır, 700 manat ilkin ödəniş etmiş, 5800 manat hər ay 800 manat ödənişlər edib borcunu bağlayacağını göstərmişdir. Sadə yazılı sənədi 09 sentyabr 2022-ci ildə R.Gadzhıev və zamin Cavabdeh Valeh qızı imzalamışlar. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Tovuz rayonu, Qəribli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında iddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan nisyə olaraq qızıl-zinət əşyaları almış, həmin nisyə aldığı mallara görə 4320 manat borcu qalmışdır. Cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarına görə borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, iddiaçının, Ruslan Gadzhıevin aldığı qızıl-zinət əşyasının dəyərini hazırkı iş üzrə cavabdehdən tutulması ilə bağlı tələbini əsaslı hesab etmir və bununla bağlı qeyd edir ki, məhkəmə iclasında iddiaçı cavabdehin ona məhz 6000 manat məbləğində borcunun olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddiaçıya 4320 manat borcunun olması həm işdə olan sadə yazılı qəbzlə, həm də şahid ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, iddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək bu nəticəyə gəlir ki, mübahisə ilə bağlı qeyd olunan şəxsin ifadəsi digər sübutlarla (borc müqavilələri ilə) təsdiq olunduğundan sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4320 və ödənilmiş dövlət rüsumuna görə 72 manat, cəmi 4392 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4320 (dörd min üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 72 (yetmiş iki) manat, cəmi 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar