Məhkəmə qərarları › İş №2(063)-307/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-307/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-307/2024 07.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 manat məbləğində pulun, digər xərclərə görə çəkilmiş 500 manat məbləğində xərcin və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. Belə ki, səhhətində yaranmış problemdən sonra mülkiyyətində olan evin satışından ona çatmış 25000 manat məbləğində puldan 22500 manat məbləğində pulu cavabdehə verərək onun üçün doğulduğu kənddə fərdi yaşayış evi tikdirməsini xahiş etmişdir. Bundan sonra, təxminən bir ay müddətində o, cavabdeh və ailə üzvlərilə birlikdə sonuncuların yaşadıqları ata yurdlarında birlikdə yaşamışlar. Bu zaman cavabdehi əlavə borca salmamaq üçün maaş və pensiya kartını ona verərək evin bazarlığını, həmçinin özünün əlavə xərclərini həmin vəsaitdən ödənilməsini bildirmişdir. Qaldığı bir ay müddətində cavabdeh evi üçün bir neçə məişət avadanlığı almış, həyətində əlavə tikililər tikmişdir. Bu zaman o, bütün bunların verdiyi pullardan əldə olunduğuna dair şübhələnməyə başlasa da, bununla bağlı cavabdehə heç bir söz deməmişdir. Lakin, səhhətində yaranan problemlər düzəldikdən sonra məsləhətləşərək fərdi yaşayış evinin tikintisindən imtina etmişdir. Bundan sonra, cavabdehə onda olan pulun qaytarılması üçün müraciət etdikdə sonuncu pulları xərclədiyini bildirərək həmin puldan 5000 manat pulu qaytarsa da, yerdə qalan 17500 manat pulu həyətdə olan mal qaradan sataraq qaytaracağını bildirmişdir. Bununla bağlı o, cavabdehə dəfələrlə telefon vasitəsilə və üzüzə məsələni həll etməyi xahiş etsə də cavabdeh buna əhəmiyyət verməyərək pulu qaytarmaqdan imtina edərək verdiyi öhdəliyə əməl etməmişdir. Bu səbəbdən də 14 iyun 2023-cü il tarixdə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti araşdırılan zaman qeyd olunan xüsusatlarla bağlı cavabdehin izahatı alınarkən onun öləcəyini zənn edərək qeyd olunan pul məbləğini öz şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmiş və həyətində olan mal qaranı sataraq 19 iyun 2023-cü ilədək pulu ödəyəcəyinə dair söz vermişdir. Bütün bu araşdırmalardan sonra Qaradağ RPİ-i tərəfindən 21 sentyabr 2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2022-ci ilin noyabr-dekabr aylarında qardaşı Fazil ailəsi ilə problemləri olduğu üçün Bakı şəhərində yerləşən yaşadıqları mənzili satmış və qardaşı özünə düşən payı götürmüşdür. Fazil həmin pula əvvəlcə Bakı şəhərində ev almaq istəsə də, daha sonra Ucar rayonunda ata yurdunda ev tikdirmək qərarına gəlmişdir. Fazil ev satılandan sonra bacıları oğlu Ramizin evində yaşamışdır. Evin satılmasından sonra Fazilə 25.000 manat pul çatmış və həmin pulu da saxlaması üçün Ramizə vermişdir. Bundan sonra, 2023-cü ilin fevral ayında Fazil infakrt keçirdiyindən xəstəxanaya yerləşdirilmişdir. Həmin vaxt o, xəstəxanaya qardaşının yanına gedərkən Fazil ev tikdirərək rayonda yaşamaq istədiyini, gələcəkdə də onu kənddə dəfn etməyini xahiş etmişdir. Bundan sonra, qardaşı Fazil 25000 manat puldan 4000 manat pulu kəfən və yas xərclərini qarşılamaq üçün Ramizə vermiş, qalan pulu isə ona verməyi üçün Ramizə tapşırmışdır. Ramiz təxminən 2023-cü ilin fevral ayının axırlarında ona 17000 manat pulu vermiş, qalan pulu isə Fazilin xəstəxana xərcləri, dərmanları və digər ehtiyaclarına xərclənmişdir. Fazil xəstəxanadan çıxdıqdan sonra onu taksi ilə yaşadığı Ucar rayonu, Təzə Şilyan kəndinə aparmışdır. Fazil təxminən 1 ay onun evində yaşamışdır. Həmçinin həmin ev əvvəll onların ata yurdu olmuşdur. Fazil onun evində yaşadığı müddət ərzində ev tikdirməkdən imtina etmişdir. Fazil onun evində yaşadığı üçün Fazilin öz razılığı ilə sonuncuya məxsus onda olan 17000 manat puldan 9000 manatını öz evini təmir etdirmiş, soyuducu, paltaryuyan və digər əşyalar almış, həmçinin hamam köhnə olduğu üçün yeni hamam da tikdirmişdir. Bundan başqa, yerdə qalan 8000 manat pulun isə 3000 manatını Fazilin onun evində qaldığı müddət ərzində Fazilin müalicə xərclərinə xərcləmiş və Fazilin öz razılığı ilə özünün borclarını ödəmişdir. Qalan 5000 manat pulu isə Fazilin ailə üzvlərinə qaytarmışdır. Hesab edir ki, hazırda Fazilə heç bir borcu yoxdur və odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr-dekabr aylarında dayısı Fazil ailəsi ilə problemləri olduğu üçün Bakı şəhərində yerləşən yaşadıqları mənzili satmış və özünə düşən payı götürmüşdür. Fazil həmin pula əvvəlcə Bakı şəhərində ev almaq istəsə də, lakin sonradan Ucar rayonunda ev tikdirmək qərarına gəlmişdir. Dayısı Fazil ev satılandan sonra bir müddət onun evində yaşamışdır. Ev satıldıqdan sonra Fazilə 25000 manat məbləğində pul çatmış və həmin pulu da saxlamaq üçün ona vermişdir. 2023-cü ilin fevral ayında dayısı Fazil infarkt keçirdiyindən onu xəstəxanaya yerləşdirmişlər. Xəstəxanada olarkən Fazil ev tikdirərək rayonda yaşamaq istədiyini, gələcəkdə onu kənddə dəfn etmələrini istəmişdir. Dayısı Fazil ona verdiyi 25000 manat puldan 4000 manatını ondan kəfən pulu və yas xərclərini qarşılamaq üçün saxlamağını, müalicə xərclərindən başqa yerdə qalan pulu isə digər dayısı Amilə verməyini tapşırmışdır. Bundan sonra, təxminən 2023-cü ilin fevral ayının axırlarında 4000 manat pulu kəfən pulu kimi özündə saxlamaqla, yaşadığı evdə 17000 manat pulu dayısı Amilə vermiş, qalan pulu isə Fazilin xəstəxana xərclərinə, dərmanlarına və digər ehtiyaclarına xərcləmişdir. Dayısı Fazil xəstəxanadan çıxdıqdan sonra onu taksi ilə digər dayısı Amilin yaşadığı Ucar rayonu, Təzə Şilyan kəndinə göndərmişlər. Fazil təxminən 1 ay dayısı Amilin evində yaşamışdır. Fazil orada yaşadığı müddətdə evi təmir etmişlər, soyuducu, paltaryuyan və digər əşyalar almış, həmçinin hamam köhnə olduğu üçün yeni hamam da tikdirmişlər. Fazil sağaldıqdan sonra 2023-cü ilin mart ayında Amildən şikayət etməyə başlamışdır. Əslində Fazilin şikayət etməsinə səbəb ailəsinin ondan pul tələb etməsi olmuşdur. Bu zaman o, əlavə mübahisə olmaması üçün onda qalan 4000 manat pulunu Fazilə qaytarmışdır. Şahid X1 ifadəsində göstərdi ki, Amil onun qaynatasıdır. 2022-ci ilin noyabr-dekabr aylarında dayısı Fazil ailəsi ilə problemləri olduğu üçün Bakı şəhərində yerləşən yaşadıqları mənzili satmış və özünə düşən payı (hansı məbləğdə götürməsi barədə məlumatı yoxdur) götürmüşdür. Daha sonra, Fazil səhhətində yaranmış problemlə əlaqədar onların yaşadığı evə gəlmiş, o və digər ailə üzvləri birlikdə iddiaçıya qulluq etmişlər. Lakin qaynatasına hansı məbləğdə pulun verilməsindən, eləcə də, hara və nə üçün xərclənməsindən məlumatı olmamışdır. Lakin iddiaçının onlarda qaldığı müddət ərzində evlərini təmir etdirərək yeni əşyalar almışlar. Bildiyi qədəri ilə bunlar da məhz iddiaçının öz razılığı ilə olmuşdur. Şahid1 Seyidabad qızı ifadəsində göstərdi ki, Cavabdeh onun qaynıdır. Fazilin səhhətində yaranmış problemdən sonra sonuncunun mülkiyyətində olan evin satışından əldə olunan 25000 manat məbləğində puldan 22500 manat məbləğində pulu Fazil özünə ev aldırmaq üçün bacısı oğlu Ramizə vermiş, daha sonra, həmin pulla kənddə, ata yurdunda ev tikdirmək qərarına gəlmişdir. Sözügedən məbləğdə pul verilən zaman o Fazil və Ramiz orada olmuşlar. Bundan sonra, Fazil təxminən bir ay müddətində Amil və sonuncunun ailə üzvlərilə birlikdə yaşadıqları ata yurdlarında birlikdə yaşamışlar. Fazil Amili əlavə borca salmamaq üçün maaş və pensiya kartını verərək evin bazarlığını, həmçinin əlavə xərcləri həmin vəsaitlə qarşılamasını bildirmişdir. Qaldığı bir ay müddətində cavabdeh evi üçün bir neçə məişət avadanlığı almış, həyətində əlavə tikililər tikmişdir. Sonradan Fazil cavabdehə onda olan pulun qaytarılması üçün müraciət etdikdə sonuncu pulları xərclədiyini bildirərək həmin puldan 5000 manat pulu qaytarsa da, yerdə qalan 17500 manat pulu həyətdə olan mal qaradan sataraq qaytaracağını bildirmiş, lakin hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində dələduzluq cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı ona 17000 manat pul verdiyini etiraf etmişdir. İşdə olan 21 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 141 (bir yüz qırx bir) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Məhkəmə hər bir halda, tərəflər arasında yaranmış münasibətlərdən irəli gələn və məhkəmə müstəvisinə çevrilmiş işin mübahisələndirilən və mübahisələndirilməyən hallarını müəyyən etməklə belə qərara gəlir ki, işin mübahisələndirilməyən halı 17000 manat məbləğində pulun cavabdeh tərəfindən alınmasıdır. Belə ki, bu hal işdə olan 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatlarla, eləcə də məhkəmə iclasının audi-video qeydiyyatı zamanı cavabdehin özünün etirafedici izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır. İşin mübahisələndirilən halları isə iddiaçıya münasibətdə yerdə qalan 500 manatı (iddia ərizəsində göstərdiyi 17500 manat puldan), eyni zamanda, çəkilmiş xərclər baxımından əlavə olaraq 500 manat pulu tələb etməsidir. Cavabdehə münasibətdə isə cavabdehin özünün etirafedici izahatı ilə 17000 manat pulun alınması olsa da, sözügedən vəsaitin məhz iddiaçının müalicə xərcləri və sair istiqamətdə xərcləməsi, eyni zamanda, 5000 manatını isə iddiaçı tərəfə qaytarması ilə bağlı olmuşdur. Məhkəmə qeyd edilən hallara əlaqəli şəkildə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsində 500 manat pulu (iddia ərizəsində göstərdiyi 17500 manat puldan) və çəkilmiş xərclər baxımından əlavə olaraq 500 manat pulu cavabdehdən tələb etsə də, bu halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə mülki prosessual qanunvericiliyin norma və prinsipləri baxımından məhz iddia tərəfinin üzərinə düşür. Belə olan halda, məhkəmə iddianın göstərilən hissələrinin təmin edilməsini əsassız və qanunsuz olmasını vurğulamaqla istisna edir. Bundan başqa, cavabdehin iddia edilən məbləği iddiaçının ehtiyaclarına xərcləməsi və ya digər məqsədlərlə xərcələməsi hallarına münasibətdə isə, onu qeyd etmək olar ki, bu halın sübut edilməsi isə sübutetmədə dönüş olaraq məhz cavabdehin üzərinə düşmüşdür (iddia edilən məbləğin etiraf edilməsi nəticəsində). Cavabdeh də öz növbəsində, məhkəmə araşdırması zamanı xərclədiyi vəsaitlərin iddia edilən mələğ hesabına xərclənməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, məhz Cavabdeh İddiaçı 17000 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı Cavabdeh qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Yəni, məhz Cavabdeh iddiaçının qarşısında sonuncudan aldığı pulun qaytarılmaması ilə əlaqədar məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 17000 manat pul və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Həmçinin, iddianın “digər xərclərə görə xərcin cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə hər hansı bir mötəbər sənəd və ya sübutlarla təsdiq edilmədiyindən təmin edilməsi istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 17000 (bir on yeddi min) manat pul və ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar