Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-352/2024 17.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası manatı məzənnəsi ilə əsas borc olaraq 145000 rubl və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasının Novosibirsk şəhərində hüquq təhsili almaqla orada müəyyən işlərlə məşğul olur. Rusiya Federasiyasının Novosibirsk şəhərində işlər görsə də, lakin həmişə çalışmışdır ki, vətənpərvərlik edərək öz Azərbaycan xalqının vətəndaşlarına öz xeyiri dəysin. Bu məqsədlə o, hər il Azərbaycandan Rusiya Federasiyasının Novosibirsk şəhərinə işləmək üçün işçilər dəvət edir və onlara gəlməmişdən qabaq aviabiletini alır, ailəsi müvəqqəti çətinlik çəkməsin deyə əlavə xərclik də pul göndərir. İşçilər də həmişə ondan razı qalmışlar. Yük maşınlarında işləmək üçün sürücülər lazım olduğu üçün o, elanlar şəbəkələrinə (Facebook) müraciət etmişdir. Müraciət zamanı Azərbaycandan bir neçə işçi Rusiya Federasiyasının Novosibirsk şəhərində işləmək üçün razılaşmışlar və o da bunun əvəzində onlara aviabiletini alaraq, ailələri müvəqqəti çətinlik çəkməsin deyə əlavə xərclik də pul göndərmişdir. Həmçinin hazırkı cavabdehə 13 may 2022-ci il tarixdə 35000 rubl dəyərində aviabiletini almış və ailəsi müvəqqəti çətinlik çəkməsin deyə əlavə xərclik olaraq 10000 rubl göndərmişdir. Bundan başqa, əlavə xərc çəkərək cavabdehə ev kirayə tutmuş və maşını cavabdehin günahı ucbatından neçə vaxtlar işsiz qaldığı üçün əlavə xərcləri çıxmışdır. Odur ki, cəmi olaraq 145000 rubl xərcləmişdir. Lakın Azərbaycandan gələn sürücülər hələ Azərbaycanda olan zaman ona zəng edərək həmin adamın aeroportda olmadığını bildirmişlər. O, isə cavabdehə zəng etmiş, cavabdeh isə bildirmişdir ki, guya yoldadır və gəlir. Lakin sonra telefona cavab vermədi. O da başa düşmüşdür ki, cavabdeh onu aldadır. Sonradan çoxlu sayda zənglərdən sonra telefona cavab verərək guya problemləri çıxmış və tezliklə gələcəkdir, gələ bilməsə pulunu geri qaytaracaqdır deyərək onu hər dəfə aldatmışdır. Buna dair iddia ərizəsinə əlavə olunmuş diskdə səs yazıları və “WhatsApp” yazışmaları da vardır. Cavabdeh ona olan borcundan hazırkı vaxta kimi geri qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını və yaxud da Novosibirsk şəhərinə gələcəyini bildirmişdir. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu qaytarmır. Artıq cavabdehin borclu olduğu pulu qaytaracağı ilə bağlı verdiyi vədlər yalan olduğundan aralarında borc pulla bağlı mülki mübahisə yaranmışdır. Cavabdehin keçən müddət ərzində borclu olduğu pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil və ona görə də cavabdehdə olan borcunun yalnız məhkəmə qaydasında alınması məqsədəmüvafiqdir. Ona görə də cavabdehdən məhkəmə baxışı qaydasında ona borclu olduğu 145000 rublu və dövlət rüsumu olaraq ödənilmiş 50 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Əəlavə olaraq bildirdi ki, həmin 1 dəqiqə 23 saniyəlik səs yazısını cavabdeh iddiaçıya göndərmiş və pulu qaytaracağını demişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında olan “WhatsApp” yazışmasında da cavabdeh iddiaçıya borcunu qaytarcağını demişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamamasına görə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 may 2024-cü il tarixli, 5-80-26/2-467/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda ərazidə yaşamır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “sms” xəbərdarlığı barədə bildiriş göndərilsə də, habelə zəng olunmaqla məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 may 2024-cü il tarixli, 12 nömrəli arayışının lazımi qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (pasport C0396533, xx xxx 1996-cı il təvəllüdlü) 16 aprel 2022-ci il tarixdə sərnişin İdirs Əliyevə (pasport C 02935700, xx xxxxxxxx 1968-ci il təvəllüdlü), Aeroflot aviaşirkətin transfer reyslərinə 13 may 2022-ci il tarixində, saat 16:40-da Bakıdan Moskvaya 6604 reysi ilə və sonra 14 may 2022-ci il tarixində, saat 01:05-də Moskvadan Novosibirskə qədər uçmaqla, aviabilet almışdır. Uçma dəyəri 34320 rubl təşkil edir. Ödəniş forması nəğdidir. İşdə olan ********* saylı köçürülmənin lazımi qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, 25 aprel 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 9920,59 rubl məbləğində pul köçürülmüşdür. İş materiallarından görünür ki, məhkəməyə mobil telefon vasitələri ilə 15 iyun 2022-ci il və 23 iyun 2022-ci il tarixlərdə aparılmış “WhatsApp” yazışmaları, habelə diskdə olan səs yazısı əlavə edilmişdir. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2024-cü il tarixli, 104 nömrəli arayışından görünür ki, iddiaçı, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, iddiaçı 16 aprel 2022ci il tarixdə cavabdehə Aeroflot aviaşirkətin transfer reyslərinə 13 may 2022-ci il tarixində, saat 16:40-da Bakıdan Moskvaya 6604 reysi ilə və sonra 14 may 2022-ci il tarixində, saat 01:05-də Moskvadan Novosibirskə qədər uçmaqla, aviabilet almış və uçma dəyəri 34320 rubl təşkil edir. Həmçinin, 25 aprel 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 9920,59 rubl məbləğində pul köçürülmüşdür. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğin məhz 145000 rubl olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, habelə cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də iddiaya qarşı etirazını və münasibətini bildirməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə iddiaçının iddiasının qismən əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 44240,59 Rusiya rublu məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 19 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 44240,59 (qırx dörd min iki yüz qırx, əlli doqquz) Rusiya rublu məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 19 (on doqquz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-352/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-352/2024
17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver