Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-374/2024 22.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı "vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizə ilə məhkəməyə müraciət edərək, Ucar Rayonu Boyat Bələdiyyəsinin dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna 2658,21 manat, İşsizlikdən Sığorta Fonduna 74,73 manat, İcbari Tibbi Sığorta Fonduna 295,09 manat borclarının ödənilməsini təmin etmək üçün həmin şəxsin rəhbəri Maraqlı şəxs (doğulduğu tarix –xx xxxxx 1964-cü il, doğulduğu yer- Ucar rayonu, Bağman kəndi şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi–xxxxxxx seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 25 yanvar 2024-cü il tarixə vergi ödəyicisi olan Ucar Rayonu Boyat Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2658,21 manat, İşsizlikdən Sığorta Fonduna 74,73 manat, İcbari Tibbi Sığorta Fonduna 295,09 manat olmaqla, ümumilikdə 3028,03 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 19 oktyabr 2023-cü il tarixli, **********596000, **********961500 və **********480300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də Ucar Rayon Boyat Bələdiyyəsinin dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, eləcə də İcbari Tibbi Sığorta Fonduna borclarının ödənilməsini təmin etmək üçün bələdiyyənin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək izahatında göstərdi ki, o, 20 avqust 2018-ci il tarixdən Ucar Rayon Boyat Bələdiyyəsinin sədri vəzifəsindən protokol qaydasında azad edilərək, həmin tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının 66 saylı əmri ilə Ucar rayon Boyat kənd inzibati dairəsinə nümayəndə vəzifəsinə təyin edilmişdir. Ona görə də hesab edir ki, yaranmış borc 2019-cu ildən cari ilə qədər olan borcu ehtiva etdiyindən bu halların ona hər hansı aidiyyəti yoxdur. Odur ki, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Maraqlı şəxs izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən, o cümlədən maliyyə sənədlərindən və bildirişlərdən görünür ki, Ucar Rayonu Boyat Bələdiyyəsi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə şöbənin ərizə verilən tarixə dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna 2658,21 manat, İşsizlikdən Sığorta Fonduna 74,73 manat, İcbari Tibbi Sığorta Fonduna 295,09 manat olmaqla, ümumilikdə 3028,03 manat borcu yaranmış, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 2018-ci il tarixli, 66 saylı əmrindən çıxarışdan görünür ki, Maraqlı şəxs qeyd edilən tarixdən (əmrin verildiyi tarixdən) etibarən Ucar rayon Boyat kənd inzibati dairəsinə nümayəndə vəzifəsinə təyin edilmişdir. İşdə olan Ucar rayon Boyat Bələdiyyəsinin 20 avqust 2018-ci il tarixli, 11 saylı protokolundan görünür ki, Maraqlı şəxs qeyd edilən tarixdən (protokolun tərtib edildiyi tarixdən) sözügedən bələdiyyənin üzvlüyündən və sədr vəzifəsindən öz ərizəsi əsasında azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Bu Məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Bu Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu Məcəllənin 355-7-ci maddəsinin İ, İİİ və İV hissələrinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, 20 avqust 2018-ci il tarixdən etibarən Maraqlı şəxs Ucar Rayon Boyat Bələdiyyəsinin sədri vəzifəsində işləmir. Vergi ödəyicisi Ucar Rayon Boyat Bələdiyyəsinin borcu isə 22 oktyabr 2019-cu il tarixdən etibarən yaranmış dövrü özündə ehtiva edir. Beləliklə, yaranmış borcun tarixi Maraqlı şəxs Ucar Rayon Boyat Bələdiyyəsinin sədri vəzifəsində çalışdığı dövrü əhatə etmir. Odur ki, sözgedən şəxs barəsində hər hansı məsuliyyət tədbirinin tətbiqi qanunvericiliyin norma və prinsiplərinin mahiyyəti ilə ziddiyyət təşkil etməklə, istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-374/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-374/2024
22.02.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver