Məhkəmə qərarları › İş №2(063)-491/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-491/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-491/2025 22.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 550 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, səhhətindəki problemlər, zəif görmə qabiliyyəti, yanında övladı olmadığından və yaşının irəliləməsi səbəbilə təsərrüfat işlərini tək idarə edə bilmədiyi üçün yaxın qohumu – bacanağı Tarif Ömərovun köməyindən istifadə edir. Oğlunun vəfatından sonra yaranmış borclarını ödəmək məqsədilə kredit götürmüş və həmin vəsaitin bir hissəsini bacanağına vermişdir ki, onun üçün bir baş heyvan (inək və ya camış) alıb öz həyətində baxsın və bu heyvanın süd və süd məhsullarınından onlara da təqdim etsin. 20 yanvar 2024-cü il tarixində bacanağı Tarif ona bildirirmişdir ki, Ucar rayonu, Bərgüşad kəndindən Şirin adlı şəxsə məxsus bir camışı 1700 manata satın almışdır. Həmin vaxt cavabdeh heyvanın döllənmiş heyvan olduğunu və bir aya balalayacağını bildirmişdir. Bundan sonra, o, arvadı ilə birlikdə heyvana baxmaq üçün getmişdir. Bu zaman arvadı ona camışının dəli olduğunu bildirmişdir. Bundan iki ay keçəndən sonra camış bala verməmiş, həmçinin, tövləni uçurub dağıtmışdır. Bu zaman camışın qohum-qonşunun uşağını vurmağından qorxduğu üçün bunu cavabdehə bildirmişdir. Cavabdeh heyvanı satan şəxsində onu aldatdığını, lakin, buna baxmayaraq camışı aparıb qaytaracağını və onun əvəzinə inək alacağını bildirib ondan 50 manatda əlavə pul almışdır. Bacanağı Tarif cavabdehə verilən pula 50 manatda əlavə etdikdən sonra onlar inəyi 1750 manata sonuncudan almışlar. Bu dəfə də cavabdeh onlara inəyin dəqiq döllənmiş heyvan olduğunu və 2-3 aya balalayacağını bildirmişdir. Bacanağı həmin inəyə yeddi ay qulluq etsə də, inək bala verməmişdir. Daha sonra məlum olur ki, cavabdeh Şirin Əliyev uzun müddətdir ki, qeyri-qanuni yolla heyvan alveri ilə məşğuldur – o, damazlıq məqsədilə alınmış heyvanları balalarından ayıraraq başqa şəxslərə satır. Bu səbəbdən, həmin heyvanlar nə düzgün bala verir, nə də islah olunur. Alınan camış da bu cür yararsız vəziyyətdə olub. Bu vəziyyətdən sonra o, bacanağına bildirir ki, artıq bu şəxsdən – yəni Şirin Əliyevdən heç bir heyvan almaq istəmir və aldığı yararsız camışa görə ödənilmiş 1750 manat pulun ona geri qaytarılmasını tələb edir. Bacanağı da Cavabdeh inəyin yarasız çıxdığını, bala vermədiyini və uyğunlaşmadığını bildirmişdir. Bunda sonra cavabdeh gəlib inəyi aparmışdır. Daha sonra isə Cavabdeh iki dəfə yenə yararsız inək gətirsə də bacanağı inəkləri qəbul etməmişdir. Belə ki, 30 avqust 2024-cü il tarixdə mərhum oğlunun il mərasimində bacanağı ona 1200 manat məbləğində pul verərək həmin, pulu cavabdeh Şirinin verdiyini, lakin, hazırda əlində pul olmadığından qalan 550 manatı isə sonra verəcəyini bildirmişdir. Ancaq hazırda altı aydan çoxdur ki, cavabdehdən qalan 550 manat məbləğində pulunu ala bilmir. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq, sonuncu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Bununla bağlı Ucar RPŞ-yə müraciət etmiş, müraciəti araşdırılmış və müraciət mülki xarakterli olduğu üçün bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, 04 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/1562 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan Ucar RPŞ-nin TB-nin baş təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Ucar RPŞ-də izahat verərkən İddiaçı borcunun olduğunu etiraf etmişdir. İşdə olan Cavabdeh tərəfindən 07 aprel 2025-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edərək, İddiaçı 550 manat borcunun olduğunu təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 5-80-21/2-91/25 nömrəli arayışdan görünür ki, İddiaçı Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İşdə olan 03 mart 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı bacanağı Tarif Ömərov vasitəsilə Cavabdeh 2024-cü ildə 1700 manat müqabilində bir baş iri buynuzlu (camış) heyvan satın almışdır. Alqı-satqı prosesində heyvan iddiaçının təsərrüfatına gətirilmiş, lakin gətirilən heyvan yararsız olduğundan cavabdeh sonradan heyvanı geri apararaq onun əvəzində başqa heyvan gətirəcəyini və bunun üçün iddiaçının əlavə olaraq 50 manat ödəməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin dediyi məbləği - 50 manatı da ödəyərək yeni heyvan gətirməsinə razılıq vermişdir. Lakin, gətirilən ikinci heyvan da (inək) keyfiyyətsiz və təsərrüfat üçün yararsız olduğundan cavabdeh bu heyvanı da geri aparmış və nəticə etibarilə iddiaçı nə ilkin, nə də sonradan alınan heyvandan faydalana bilməmişdir. Baş verən bu hadisələrdən sonra iddiaçı cavabdehdən ümumilikdə ödədiyi 1750 manatın geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə yalnız 1200 manat məbləğində ödəniş etmiş, qalan 550 manat borcunu ödəməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçıya 550 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 550 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 550 (beş yüz əlli) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 550 (beş yüz əlli) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar