Məhkəmə qərarları › İş №2(063)-494/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-494/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-494/2025 20.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında 06 oktyabr 2023-cü il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17 noyabr 2023-cü il tarixdə “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomabilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞdən iddiaçının ünvanına inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmiş, həmçinin qərarda Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Xətai RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 23 aprel 2019-cu ıl tarixli, 005-9513-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QQİ tərəfindən verilmiş AA 770590 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 07 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitəsini idarə etmək haqqında ƏN-İV seriyalı, 717006 nömrəli etibarnamənin surətlərindən görünür ki, mülkiyyət hüququ ilə X3 məxsus olan “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil 07 sentyabr 2023-cü il tarixdən 19 dekabr 2026-cı il tarixədək Cavabdeh etibarnaməli (sərəncam hüququ əsasında) idarəçiliyindədir. İşdə olan 19 dekabr 2018-ci il tarixli, AE 233459 saylı Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “BC” dərəcəli vəsiqə 19 dekabr 2028-ci il tarixədək etibarlıdır. İşdə olan AD 166259 saylı X2 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “B” dərəcəli vəsiqə 07 yanvar 2024-cü il tarixədək etibarlıdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QQİ tərəfindən verilmiş AD 998833 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X2 məxsusdur. İşdə olan 06 oktyabr 2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də həmin tarixdən 06 oktyabr 2024-cü il tarixədək sığorta olunmuşdur. İşdə olan mötəbər sübutlardan, o cümlədən yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Xətai RPİ DYPŞ-nin əməkdaşı tərəfindən 20 noyabr 2023-cü il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun və 20 noyabr 2023-cü il tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 17 noyabr 2023-cü il tarixdə, saat 05:40 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ərazisində yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə əsasən təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 17 yanvar 2024-cü il tarixli sığorta aktının surətindən görünür ki, “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən 17 may 2024-cü il tarixdə sığortaçı "xxxx" ASC "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. İşdə olan 26 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 70 manat dövlət rüsumu ödəmişdir. İşdə olan cavadehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, sonuncu iddia tələbini qəbul etməklə iddianın təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinin İ, İİ və V bəndlərinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh X3 məxsus olan “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Bu isə onu göstərir ki, “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən qanuni əsas olmaqla idarə edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuş və bununla da, həmin avtomaşını idarə edən şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə mülki məsuliyyəti mövcud olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh "xxxx" ASC-də sığortalanmış “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 5000 manat məbləğində zərər dəymiş, o cümlədən zərər məbləğinə müvafiq olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənildiyinə görə şirkətin yol-nəqliyyat hadisəsini törətmiş və bundan sonra hadisə yerindən yayınmış Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Hazırda vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" ASC-yə 5000 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehdən 5000 manat məbləğində sığorta ödənişinin, 70 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar