Məhkəmə qərarları › İş №2(063)-714/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-714/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-714/2024 22.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3000 manat maddi ziyanın və 1000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, X4 məxsus "Mersedes Benz 190 minik" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Göyçay şəhərindən Ucar rayonu istiqamətində hərəkətdə olan zaman "Potu alaqapısı" adlanan yerə çatarkən sonuncudan arxada hərəkətdə olan "Mercedes Benz C180 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yəni, cavabdeh idarə etdiyi avtomobillə onların olduqları avtomobili arxa sol tərəfdən vurmuşdur. Hadisə zamanı o, xəsarət almış və hal- hazırda da aldığı xəsarətlərdən əziyyət çəkir. Bununla bağlı Göyçay rayon Polis şöbəsində araşdırma aparılmış, lakin RPŞ-nin 22 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, "Cavabdeh 12 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi "Mercedes Benz C180 minik" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olan zaman ara məsafəsini gözləmədiyindən ondan qarşıda hərəkətdə olan sürücü X1 vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində o, yəni, İddiaçı dərəcəsi təyin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır. Hadisə Cavabdeh təqsiri ucbatından baş vermişdir. Baş vermiş hadisədən sonra onda kəllədaxili beyin silkələnməsi baş vermiş və hazırda da bununla bağlı Bakı şəhərində mütəmadi müalicə alır. Cavabdeh təqsiri sübuta yetirilməsinə baxmayaraq sonuncu ona heç bir maddi və mənəvi olaraq yardım göstərməmişdir. Qeyd olunan hadisədən sonra aldığı travma səbəbindən müalicə olunmaqdan ötrü tez-tez Bakı şəhərinə getmək məcburiyyətində qalmışdır ( bununla bağlı iddia ərizəsinə əlavə olunmuş həkim reseptləri və qəbzlər mövcuddur). Belə ki, 12 noyabr 2023-cü il tarixdən bu günə kimi onun müalicə olunmağına ümumilikdə 3000 manat xərci çıxmışdır. Həmçinin, sözügedən hadisə ilə bağlı rayon polis şöbəsinə dəvət olunarkən mənəvi sartıntılara məruz qalmış, elə cə, cavabdehin bütün bu olanlara laqeydlik göstərməsi onun sarsıntılarını daha da artırmışdır. Məhz cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş həm maddi, həm də, mənəvi zərər cavabdehdən onun xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını və bununla bağlı maddi və mənəvi ziyana düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, hadisə zamanı Ayna heç bir xəsarət almayıb. Dedikləri yalan olmaqla şər və böhtan xarakteri daşıyır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayır, boş vaxtlarında isə müştəri olanda ödəniş qarşılığında aparır. İddiaçı təxminən 10 il olar ki, tanıyır. Sonuncu ilə eyni qəsəbədə yaşayır və 2023-cü ilin noyabr ayında Ayna avtoqəza keçirdiyi zaman xəsarət aldığından sonuncunu Göyçay Rayon Şöbəsinə və Göyçay Mərkəzi xəstəxanasına mütamadi olaraq aparıb gətirmişdir. İddiaçı qəza keçirdikdən sonra müxtəlif vaxtlarda təxminən 6-7 dəfə aparıb gətirmiş, sonuncu da hər dəfə aparıb gətirmək müqabilində ona 40 manat ödəniş etmişdir. (bununla bağlı yazılı şəkildə təqdim etdiyi ərizəsində isə cəmi 4 dəfə apardığını və ümumilikdə 160 manat ödəniş edildiyini bildirmişdir). Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayır, boş vaxtlarında isə Bakı şəhərinə ödəniş qarşılığında müştəri aparır. İddiaçı ilə eyni qəsəbədə yaşayır və 2023-cü ilin noyabr ayında Ayna avtoqəza keçirdiyi zaman xəsarət aldığından sonuncunu Bakı şəhərinə 5 dəfə aparıb gətirmiş, sonuncu da hər dəfə aparıb gətirmək müqabilində ona 140 manat, cəmi 700 manat ödəniş etmişdir (bununla bağlı yazılı şəkildə təqdim etdiyi ərizəsi də vardır). İşdə olan 22 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/2056 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan 18 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/2056 nömrəli material üzrə Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı, Anar Osmanovun 22 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsassız olduğu üçün ləğv edilərək əlavə araşdırılması üçün Göyçay RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. İşdə olan 19 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanılması rədd edilmiş, aidiyyəti üzrə tədbir görülməsi məqsədilə qərarın surəti Göyçay RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 14 noyabr 2023-cü il tarixli, 561 saylı ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı sonuncunun başının sağ təpə nahiyəsində yumşaq toxumanın bir qədər şişkinliyi xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yaranma müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, 12 noyabr 2023-cü il tarixə baş vermiş avtonəqliyyat qəzası zamanına uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İşdə olan Göyçay RPŞ-nin 14 sentyabr 2024-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh barəsində 12 noyabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 3(046)- 857/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, və həmin cərimə məbləğini 01 oktyabr 2024-cü il tarixdə ödəmişdir. İşdə olan müayinə sənədlərindən və həkim reseptlərdən görünür ki, İddiaçı 12 noyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra mütəmadi olaraq müalicələr almışdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı dərman xərclərinə görə 19 yanvar 2024-cü il tarixdə 140 manat, 30 aprel 2024-cü il tarixdə, 101,40 manat və 9,59 manat məbləğində ödəniş etmişdir. İşdə olan Rezonans Klinikası tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 00034 nömrəli göndərişin surətindən görünür ki, İddiaçı həmin tarixdə “Boyun MRT” müayinəsindən keçmək üçün 130 manat məbləğində ödəniş etmişdir. İşdə olan Bakı Elmi Tədqiqat X8 tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli ödəniş məlumatından görünür ki, İddiaçı dərman xərclərinə görə 14,39 manat və 11,74 manat məbləğində ödəniş etmişdir. İşdə olan AA seriyalı, 270407 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi qeydiyyata alınmaqla, hazırda Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində məskunlaşmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh idarə etdiyi "Mercedes Benz C180 minik" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə 12 noyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində hərəkətdə olarkən ara məsafəsini gözləmədiyindən ondan qarşıda hərəkətdə olan X2 idarə etdiyi "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "Mersedes Benz 190 minik" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə sərniş qismində əyləşmiş İddiaçı dərəcəsi təyin edilmədiyi üçün sağlamlığına zərər vurmayan xəsarət almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Göyçay RPŞ-nin 14 sentyabr 2024-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu əsasında Göyçay Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 3(046)-857/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi və həmin qərarı mübahisələndirməyərək tətbiq edilmiş cəriməni 01 oktyabr 2024cü il tarixdə ödəməsi 12 noyabr 2023-cü il tarixə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkar şəxsin məhz Cavabdeh olmasına dəlalət edir və bu hal işin mübahisələndirilməyən halı sayılır. Məhkəmə işin mübahisələndirilən halına münasibətdə isə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddianı sübut etmək vəzifəsi daşıyır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından və təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində çəkdiyi xərcləri qismən sübuta yetirə bilmişdir. Çəkilən xərclərin sübuta yetirilən hissəsi, həm məhkəməyə təqdim edilmiş qəbzlərlə (ödəniş qəbzləri), həm də məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə iddianın sübuta yetirilən hissəsi ilə bağlı iddianın qismən əsaslılığı qənaətinə gəlir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Bundan başqa, iddiaçı ona dəymiş mənəvi zərərə görə 1000 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhz baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarət və həmin xəsarət nəticəsində çəkdiyi xərci qismən sübuta yetirə bildiyindən çəkdiyi mənəvi iztirab da qismən sübuta yetirilmiş sayılır. Odur ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə sonuncunun müayinə və müalicəsi üçün çəkilmiş xərc 1374,12 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat pul və iddiaçının ödəməkdən azad edildiyi 60 manat dövlət rüsumunun 63,68 %-i, yəni 38,21 manatı tutulmalıdır. Həmçinin, maddi zərərin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən tam müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə sonuncunun müayinə və müalicəsi üçün çəkilmiş xərc 1374,12 (bir min üç yüz yetmiş dörd manat on iki qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul və iddiaçının ödəməkdən azad edildiyi 60 (altmış) manat dövlət rüsumunun 63,68 %-i, yəni 38,21 (otuz səkkiz manat iyirmi bir qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar