Məhkəmə qərarları › İş №2(063)-72/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-72/2024

08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-72/2024 08.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «öhdədə olma faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Ucar şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «öhdədə olma faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, 1986-cı ildən anasının yanında qalması və onun öhdəsində (himayəsində) olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1979-cu il tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində doğulmuşdur. Mərhum X1 anası X6 ilə 14 iyun 1976-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər və bu nikahdan o və bacısı Bayramova (Hümmətova) Xatirə Süleyman qızı doğulmuşlar. Lakin, mərhum atası və anası 1986-cı ildən faktiki olaraq ayrı yaşamışlar. Anası 1993-cü ilin may ayında Ağdam rayonunun işğal olunmasından əvvəl nikahın pozulması barədə ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, lakin, 23 iyun 1993-cü il tarixdə Ağdam rayonunun işğal olunması ilə əlaqədar ərizənin baxılması 1999-cu il tarixədək baxılmamış qalmışdır. Ağdam rayonunun işğal olunmasından sonra o və bacısı anaları ilə birgə hazırda yaşadıqları Ucar rayonuna gələrək burada məskunlaşmışlar. Belə ki, 1993cü ildən 1999-cu ilədək valideynləri ayrı yaşamışlar. O və bacısı 1986-cı ildən etibarən anaları ilə birgə yaşamışlar. Ağdam rayon Xalq Məhkəməsinin 24 avqust 1999-cu il tarixli qətnaməsi ilə valideynlərinin 14 iyun 1976-cı il tarixli nikahlarının pozulması qət edilsə də, qətnamədə onun və bacısının analarının yanında qalmaları göstərilməmişdir. X1 14 iyun 2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Belə ki, o hazırda övladlarına məcburi köçkün vəsiqəsi almaq istəyir. Uşaqlarından biri 2005-ci il təvəllüdlü X11 Kollecində ödənişli ixtisas üzrə əyani təhsil alır. Oğlunun təhsil haqqından azad olunması üçün məcburi köçkün olmaqlarına dair arayış təqdim etsə də, Kollec oğlunun məcburi köçkün olması ilə bağlı vəsiqəsini tələb edir. O, bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə və digər aidiyyəti təşkilatlara müraciət etsə də, onun anasının himayəsində olması ilə bağlı heç bir rəsmi sənəd tapılmamışdır. Belə olduğu təqdirdə də, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi onun övladlarına məcburi köçkün vəsiqəsini verə bilmir. Daha sonra, mərhum atası və anası arasında nikah pozulduqdan sonra anasının yanında qalması ilə bağlı sənəd ala bilməsi üçün Maraqlı şəxs1 Başçısının yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etsə də, müraciəti müsbət həll olunmamış, bununla bağlı ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verməklə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən 14 fevral 2007-ci il tarixdə verilmiş AA seriyalı, 154575 nömrəli məcburi köçükün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün kimi Ucar şəhərində məskunlaşmışdır. İşdə olan Ağdam Rayon Xalq Məhkəməsinin 24 avqust 1999-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X4 ilə X2 arasında 14 iyun 1976-cı il tarixdə VVAQ orqanında bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Ağdam rayon VVAQ şöbəsi tərəfindən 03 sentyabr 1999-cu il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 293272 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 arasında olan nikah 03 sentyabr 1999-cu il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 26 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi və qadın öz soyadında qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli, 1867 nömrəli və 06 noyabr 2023-cü il tarixli , 1924 nömrəli arayışların surətlərindən görünür ki, X7 övladları Ərizəçi və X3 ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Ucar şəhərinə gəlmiş və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-in 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Məhkəmə qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, qanunun tələblərinə görə məhkəmə şəxsin öhdədə olması faktını müəyyən edərkən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasını və digər bütün halları aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ərizəçinin qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olması halı məhkəmədə işin hər hansı halı ilə aşkarlanmamışdır. Qanunvericiliyin tələbinə görə, şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə ərizəçi anasının öhdəliyində olması faktının müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etsə də, qanunvericilikdə belə bir hüquqi faktın yəni, sağ olan şəxsin öhdəsində olmasının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bununla da, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin xahişində göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından hüquqi fakt kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi «öhdədə olma faktının müəyyən edilməsinə» dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödənilməlidir. Bu Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyi halda, dövlət rüsumu ərizəçiyə aid edilməli və ya ondan alınmalı olmasına baxmayaraq, Ərizəçi Ağdam rayonundan məcburi köçkün olduğuna görə məhkəmə verilən iddialar (ərizələr) üzrə dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan göstərilən bu hal hazırkı mülki iş üzrə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307.2.2, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «öhdədə (himayədə) olma faktının müəyyən edilməsinə» dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar