Məhkəmə qərarları › İş №2(063)-763/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-763/2025

18.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-763/2025 18.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, iddiaçı Nümayəndə (o, məhkəmə iclasında həmçinin, digər İddiaçı1 nümayəndəsi kimi də iştirak edir) və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı su bərəsinin açılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı su bərəsinin açılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonunun Bərgüşad kəndində yerləşən-onların və digər ailə üzvlərinin paylı mülkiyyətində olan 0,87 hektar torpaq sahəsinə əvvəllər gələn su bərəsinin tam açılması və həmin su bərəsinin bir daha bağlamasının cavabdehə qadağan edilməsi, həmçinin vəkilə iddia ərizəsinin tərtib etdirmək üçün ödədiyi 120 manat məbləğində qonorarın və 100 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiш etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, surətini bu iddia ərizəsinə əlavə etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrındən çıxarışdan göründüyü kimi Ucar rayonunun Bərgüşad kəndində onların və digər ailə üzvülərinin paylı mülkiyyətində 0.87 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində birinci İddiaçı1 məxsus 130,7 kv.metr sahəsi olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə əvvəllər bərə vasitəsi ilə içmək və ağacları sulamaq üçün su gəlirdi. Həmin bərə onların mülkiyyətlərində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahəsinin ortasından keçib gəlirdi. Lakin 2015-cı ilin yayında həmin bərə cavabdeh tərəfindən düzlənmiş və artıq 10 ilə yaxındır ki, onlar həmin bərədən istifadə edə bilmirlər. Onlar başqa yerdən su bərəsi çəkməyə məcbur olsalar da həyətyanı sahələrinin yarısından əkin məqsədləri üçün istifadə edə bilməmişlər. Hal-hazırda həmin sahədən istifadə etmək istəyirlər. Lakin cavabdeh su bərəsini bərpa etmək istəmir. Halbuki, həmin bərə kəndin planında da nəzərdə tutulmuşdu. İddiaçı Nümayəndə həm öz adından, həm də təmsil etdiyi şəxsin adından məhkəmə iclasında iddianı müdafiə edərək təmin edlməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında iddia ərizəsinə dair etirazında göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində 2015-ci ilin yayında sözügedən bərənin onun tərəfindən düzlənməyi qeyd edilmişdir. Əvvəla onu qeyd edir ki, həmin hadisə 2015-ci ildə yox, 2008-ci il tarixdə olmuşdur. Qonşular öz aralarında razılaşdıraraq başqa alternativ bərəni su arxından öz istifadələrinə lazım olan yerə kimi çəkmişlər. Bundan sonra, o, sözügedən bərəni düzləyib bağlamışdır. 2008-ci il tarixdən bu günə kimi həmin qonşular sonradan çəkilən alternativ bərədən istifadə edirlər. Bu günə kimi də su çətinliyi ilə bağlı nə ona, nə kənd icra nümayəndəliyinə, nə də kənd bələdiyyəsinə müraciət edilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində ümumi sahəsi 130.7 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına və 0,87 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə İddiaçı1, X4, X8, X6, X9, Nümayəndə və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində 27 mart 2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan A 190481 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonu, Bərgüşad kəndində X3 fərdi yaşayış evi tikmək üçün 6299.86 kv.m ölçüdə torpaq sahəsi verilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, İddiaçı1 Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı Nümayəndə Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(063)-763/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı su bərəsinin açılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim İbrahimov və 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Nurlan Xəlilov tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, idarənin elektron baza məlumatlarında **********01-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27 mart 2024-cü il) İddiaçı1 və digərlərinin (ailə üzvlərinin) ümumibirgə mülkiyyətlərinə verilmiş 0.87 ha torpaq sahəsinə su bərəsinin haradan nəzərdə tutulması ilə bağlı hər hansı məlumat və xəritə materialı aşkar olunmamışdır. Baxış zamanı iddiaçılar İddiaçı1 və Nümayəndə və onların ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan və Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0.87 ha torpaq sahəsinə gedən faktiki su bərəsinin (mövsümi arx) mövcud olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada müşahidə edilən su bərəsinin istifadə üçün əlverişli olub-olmaması ilə bağlı aidiyyatı üzrə mütəxəssisə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq bildirilir ki, baxış zamanı iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi X2 Ucar rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə iclasında mütəxəssis rəyi ilə müəyyən edilir ki, idarənin elektron baza məlumatlarında **********01-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27 mart 2024-cü il) İddiaçı1 və digərlərinin (ailə üzvlərinin) ümumibirgə mülkiyyətlərinə verilmiş 0.87 ha torpaq sahəsinə su bərəsinin haradan nəzərdə tutulması ilə bağlı hər hansı məlumat və xəritə materialı aşkar olunmamışdır. Baxış zamanı iddiaçılar İddiaçı1 və Nümayəndə və onların ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan və Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0.87 ha torpaq sahəsinə gedən faktiki su bərəsinin (mövsümi arx) mövcud olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada müşahidə edilən su bərəsinin istifadə üçün əlverişli olub-olmaması ilə bağlı aidiyyatı üzrə mütəxəssisə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin, mütəxəssis rəyində göstərilmişdir ki, baxış zamanı iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi X2 Ucar rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem də mütəxəssis rəyinə əlavə olunmuşdur. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kmi istinad etdiyi halları sübut etməlidir, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mütəxəssis rəyinə görə də iddiaçının naturada su bərəsi olaraq göstərdiyi torpaq sahəsi X2 Ucar rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsinin bir hissəsidir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur, odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumu və vəkilə iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş qonorar) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı su bərəsinin açılması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar