Məhkəmə qərarları › İş №2(064)-1009/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1009/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1009/2025 18.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən törətdiyi inzibati hüquqpozmalara görə onun əvəzindən ödədiyi 1104 manat pulun, əldən çıxmış gəlir və faydaya görə 7500 manat maddi ziyanın, yük maşının təmiri üçün aldığı 500 manat pulun, 500 manat mənəvi zərərin və ödənilmiş 116,04 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan 2002-ci il buraxılışlı, “İsuzi” yük markalı, 90- CE-728 dövlət nömrə nişanlı avtomobili 08 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda aparılan sənədləşmə əsasında 03 sentyabr 2026-cı il tarixə qədər idarəetmə hüququ ilə notariat kontorunda verilmiş etibarnaməyə əsasən Füzuli rayonu Aybasanlı kəndində qeydiyyatda olan, lakin faktiki Bakı şəhərində yaşayan Cavabdeh icarəyə vermişdir. “İsuzi” markalı, 99CE728 dövlət qeydiyyat nömrəli yük maşınını 08 yanvar 2018-ci il tarixli etibarnamə ilə Cavabdeh icarəyə verildikdən sonra avtomobil İddiaçının istifadə və sahibliyindən çıxmaqla Cavabdeh faktiki sahiblik və istifadəsində olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən icarəyə verilmiş yük maşınına görə Cavabdeh hər ay İddiaçıya 400 manat məbləğində icarə haqqı ödəmək haqqında öhdəlik götürmüş, İddiaçı da bu məqsədlə saz vəziyyətdə olan yük maşınını ona icarə məqsədilə təhvil vermişdir. Cavabdeh icarəyə götürdüyü həmin yük maşını ilə sifariş əsasında nasaz avtomobillərin bir məntəqədən digər məntəqəyə daşınmasını həyata keçirməklə məşğul olmuşdur. Cavabdeh maşını icarəyə götürdükdən sonra ilk dəfə 2018-ci ilin sentyabr ayında İddiaçıya 400 manat, 2019-cu ilin yanvar ayında 300 manat icarə haqqı ödəmiş, sonradan icarə haqqını ödəməmiş, dəfələrlə ödəməsini tələb etsə də, ödəməyə söz verməsinə baxmayaraq ödəməmiş, 2019-cu ilin mart ayında isə maşının mühərrikini baxımsızlıq və düzgün qulluq etmədiyindən nasaz vəziyyətə salmış, İddiaçıya bildirmişdir ki, mühərriki öz hesabına təmir etdirib işləməyə başlayandan sonra icarə haqqını ödəyəcəkdir. Bundan sonra Cavabdeh uzun müddət maşını təmir adı ilə İddiaçıya məlum olmayan ustanın yanında saxlamış, təxminən 2020-ci ilin fevral ayında isə bildirmişdir ki, maşının təmiri başa çatıb, lakin təmir haqqını ödəmək üçün pulu olmadığına görə maşını usta təhvil vermir, ona görə də İddiaçıdan 500 manat pul alıb ustaya verəcəyini, həmin pulu icarə haqqı ilə birlikdə qaytaracağına vəd vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçəndən sonra İddiaçı ondan verdiyi 500 manatı və aylıq icarə haqqını tələb etsə də, hər dəfə ödəcəyini bildirsə də, ödəmədi, bu qaydada uzun müddət aldatmışdır. Nəhayət 2023-cü ilin payız ayları olardı, İddiaçı ondan maşını geri qaytarmağını tələb edib, bildirdi ki, maşın Sumqayıt şəhərində Elnur adlı ustanın işlədiyi təmir sexindədir, İddiaçı maşını həmin sexdən götürəndə usta bildirdi ki, maşının təmiri üçün İlkin ona pul vermədiyinə görə uzun müddətdir ki, təmirsiz halda sexdə qalıbdır. İddiaçı maşını oradan gətirdikdən sonra 12000 manat şəxsi vəsaiti hesabına təmir etdirib saz vəziyyətə gətirib. Təmirdən sonra yük maşınından təyinatı üzrə istifadə etmək istəyən zaman maşını sığorta etdirmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh yük maşını onun icarəsində olan vaxtı dəfələrlə Bakı şəhərində yol hərəkəti və avtomobilin istismarı qaydalarını pozduğuna görə inzibati qaydada cərimə olunmuş, lakin həmin cərimələri vaxtında ödəməmiş, buna görə də cərimə məbləğlərinin üzərinə dəbbə pulu da hesablanmışdır. Cavabdehlə bu barədə dəfələrlə söhbət edib, cərimənin ödənilməsini xahiş etmiş, lakin şifahi qaydada vəd verməsinə baxmayaraq ödəməkdən imtina etmişdir. Cərimənin ödənilməsi ilə bağlı dəfələrlə aralarında telefon söhbəti olmuş, telefon danışığı zamanı Cavabdeh cərimələri ödəcəyinə söz vermişdir. Cavabdeh cərimələri ödəmədiyindən yük maşınından təyinatı üzrə istifadə etmək istədiyinə görə məcbur olub həmin cərimələri hesablanmış dəbbə pulu ilə birlikdə onun əvəzindən ödəmişdir, hal-hazırda onun əvəzindən ödədiyi pulu və ona dəymiş ziyanın əvəzini Cavabdehdən tələb edir. Həmçinin yuxarıda qeyd olunduğu kimi, Cavabdeh uzun müddət müxtəlif bəhanələrlə İddiaçını aldadıb icarə haqqını ödəməmiş, yol verdiyi qanun pozuntuları və istismara yararsız vəziyyətə saldığı maşının təmiri ilə əlaqədar İddiaçıya xeyli miqdarda maddi ziyan vurmuş, böyük ölçüdə gəlir və faydadan məhrum etmiş, ona görə də bu hallarla bağlı böyük narahatçılıq, stress, əsəb keçirmiş, ruhi, mənəvi sarsıntılar, əsəb gərginliyi sağlamlığına böyük ölçüdə mənfi təsir göstərmişdir, ona görə də İddiaçıya vurulmuş 500 manat məbləğində mənəvi zərər də Cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır . Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 yanvar 2018-ci il tarixli Bakı şəhəri 43 saylı Notariat Kontorunda aparılan sənədləşmə əsasında müəyyən olunur ki, mülkiyyətçi İddiaçı tərəfindən etibar edilən Cavabdeh 8 il 7 ay 26 gün müddətinə “İsuzi” yük markalı, 90- CE- 728 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir və etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, EQ1277093 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2018-ci il tarixli, 389499 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ1574190 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, AP0107949 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin tələbinə əsasən 96 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ994102 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ948721 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ836052 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ707994 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, MMX7133155 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələbinə əsasən 32 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ529989 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, İXP2311574 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən 96 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ603863 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ678828 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ783002 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixli, EQ1131953 nömrəli protokol əsasında müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbinə əsasən 80 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan **********6 nömrəli qəbz əsasında 96 manat, **********9 nömrəli qəbz əsasında 96 manat, **********9 nömrəli qəbz əsasında 80 manat, **********7 nömrəli qəbz əsasında 80 manat, **********1 nömrəli qəbz əsasında 80 manat, **********5 nömrəli qəbz əsasında 80 manat, **********6 nömrəli qəbz əsasında 80 manat, **********6 nömrəli qəbz əsasında 80 manat, **********1 nömrəli qəbz əsasında 32 manat, **********5 nömrəli qəbz əsasında 80 manat, **********3 nömrəli qəbz əsasında 80 manat, **********4 nömrəli qəbz əsasında 80 manat, **********9 nömrəli qəbz əsasında 80 manat, **********2 nömrəli qəbz əsasında 80 manat olmaqla İddiaçı tərəfindən cəmi 1104 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş səs yazıları əsasında tərəflərin fikirləri dinlənilmişdir. Cavabdehin məsələ ilə bağlı fikirləri: “anam yıxılıb, vəziyyəti yaxşı deyil”, “iki gün sonra əməliyyata girəcək, 8000 manat pul lazımdır, pulum yoxdur”, “o maşının üstündə mən 20000 itirdim”, “yığırsınız, utanıram, açmıram, amma qaytaracam”, “1000 manat puldur, elə də bir şey deyil, amma indi qaytara bilmirəm”, “mən yalan demirəm, sizə borclu qalmayacam”, “bayramdan sonra həll edəcəm”, “sizlə danışdım, sonra atam rəhmətə getdi”, “baş daşın düzəltdirim, gələcəm yanınıza, mütləq”, “məni heç kim təhqir edə bilməz, bu sözləri yığışdıraq”, “sənədi düz olub, siz mənə davernus vermisiniz, mən də sürmüşəm”, “imkanım yoxdur”, “o cərmələr mənim vəsiqəmdədir”, “o maşını 3 ildir gəzdirirəm”, “vəsiqəmə məhdudiyyət qoyulub”, “bu ay imkanım yoxdur, cərimələri gələn aydan ödəyəcəm”. İddiaçının məsələ ilə bağlı fikirləri: “çox yalan danışırsan”, “zəng edəndə telefonu aç, əsəbimlə oynama”, “insan dilindən başa düşmədin, başqa cür həll edək”, “mən lotu deyiləm, dövlət özü həll edəcək”, “demişdin aprel ayının sonundan sənə pul ödəyəcəm”, “5 ildir söz deyirsən, 5 manat ödəməmisən, deyim ki, problemin var, yola verim”, “çörək kəsdik, problemin yarandı, yola verdim”, “hər şey bir yana, maşını keflə sürmüsən, radarları mən ödəyəsi deyləm”, “mən səni təhqir etmirəm”, “fırıldaqçılıqla məşğulsan”, “sənlə sözümüz tutmadı”, “ayın 5-nə kimi vaxtın var, ödəməsən özün bilərsən”. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (103)- 3021/2020 saylı qətnaməsi əsasında müəyyən olunur ki, “İsuzu” yük markalı, 90- CE-728 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı aralarında olan şifahi alqı-satqı əsasında Cavabdeh satmış sonuncu isə həmin avtomobilin dəyərini İddiaçı tam olaraq ödəmişdir. Məhkəmə hazırki mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 08 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda aparılan sənədləşmə əsasında mülkiyyətçi qismində İddiaçı tərəfindən etibar edilən Cavabdeh 8 il 7 ay 26 gün müddətinə “İsuzu” yük markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir və etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. Hüquq münasibətlərinin xarakterindən müəyyən olunur ki, Cavabdeh İddiaçının hesabına heç bir qanuni və müqavilə əsası olmadan varlanmışdır. Belə ki, iddia ərizəsi və iş materilallarında olan qəbzlər əsasında müəyyən olunur ki, İddiaçı Cavabdeh tərəfindən ödənilməli olan 1104 manat məbləğində inzibati cərimələri heç bir qanuni və müqavilə əsası olmadan ödəmiş, Cavabdeh isə bunun nəticəsində varlanmışdır. Eyni zamanda İddiaçı tərəfin Məhkəməyə təqdim etdiyi səs yazıları tədqiq edilərkən müəyyən olunur ki, Cavabdeh İddiaçıya inzibati cərimələrlə bağlı 1000 manat məbləğində borcunun olmasını etiraf etmiş, lakin hər dəfə müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçının xeyrinə Cavabdehdən 1104 manat tutulmalıdır. Cavabdeh tərəfin aralarında şifahi razılıq əsasında üzərinə düşən öhdəliyi tam icra etməməsi nəticəsində İddiaçıya dəymiş maddi ziyanın məbləğinə gəldikdə isə Məhkəmə hesab edir ki, İddiaçının 7500 manat tələb etməsinə baxmayaraq bu məbləğ iş materialları əsasında öz təsdiqini tapmır. Əksinə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (103)-3021/2020 saylı qətnaməsi əsasında müəyyən olunur ki, “İsuzu” yük markalı, 90- CE-728 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı aralarında olan şifahi alqı-satqı əsasında Cavabdeh satmış, sonuncu isə həmin avtomobilin dəyərini İddiaçı tam olaraq ödəmişdir. Göründüyü kimi, sözügedən avtomobil faktiki olaraq dəyəri tam ödənilməklə İddiaçı tərəfindən cavabdehə verilmişdir. Belə olan halda, dəymiş ziyanla bağlı iddia tələbinin irəli sürülməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun yuxarıda göstərilən tələbinə və iş materiallarında olan sənədlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbinin dəymiş maddi ziyanla bağlı 7500 manat hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə İddiaçının yük maşınının təmiri üçün Cavabdehə ödədiyi 500 manat məbləğin əvəzinin Cavabdehdən xeyrinə tutulması tələbinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, bu faktı təsdiqləyən sübutlar iş materiallarına əlavə edilməmiş, həmçinin Cavabdeh tərəfindən etiraf edilməmişdir. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hüquqi aktların yuxarıda göstərilən tələblərindən çıxış edərək Məhkəmə hesab edir ki, İddiaçının Cavabdehin hərəkətləri nəticəsində keçirtdiyi mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübuta yetirən sübutetmə vasitələrini Məhkəməyə təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə İddiaçı tərəfindən ödənilmiş 116,04 manat dövlət rüsumunun 31.04 manat hissəsinin Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyirinə törətdiyi inzibati hüquqpozmalara görə onun əvəzindən ödənilmiş 1104 manat və ödənilmiş 31.04 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar