Məhkəmə qərarları › İş №2(064)-1387/2023

Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1387/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1387/2023 13.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X2 iddia tələbi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 2.000 manat pulun, 2.000 manat maddi zərərə görə və mənəvi zərərə görə 500 manat olmaqla cəmi 4.500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı identifıkasiya nömrəsi L84NCBP2XLKF09003 “Rks Blazer 50 XR” markalı və modeli motosikl mopedi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1.600 manata Ələkbər Muradovdan almışdır. Ona məxsus olan “Rks Blazer 50 XR” markalı mopedi icarəyə vermək məqsədi ilə sosial şəbəkədə xx.xx.2022-ci il tarixdə elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh ona müraciət edərək mopedi icarəyə götürmək istədiyini bildirmişdir. xx.xx.2022ci il tarixdə cavabdehlə aralarında olan razılığa əsasən qeyd edilən mopedi bir gün 10 manat olmaqla 40 gün müddətinə icarəyə vermişdir. Cavabdeh həmin gün 10 manat ödəniş etmişdir və hər gün 10 manat ödəmək şərti ilə mopedi cavabdehə icarəyə vermişdir. Cavabdehlə razılaşdırıllmış məbləği ödəyəcəyi barədə vəd vermişdir və həmin tarixdən mopedi ondan təhvil almışdır. Lakin cavabdeh razılaşdırılmış pulu ödəməmiş və mopedi geri qaytarmamışdır, telefon zənglərinə isə cavab verməmişdir. İddiaçı bu barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir və xx.xx.2022-ci il tarixdə (Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyati üzrə göndərilməsi barədə) qərar qəbul edilmişdir. Həmçinin 10.2022-ci il tarixidə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və iddiaçıya məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Ona görə də, cavabdehdən mopedin dəyəri olan 1.600 manat məbləğində pul və razılaşmaya əsasən 40 gün üçün nəzərdə tutulmuş icarə haqqı olaraq 400 manat, cəmi 2000 manat alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin cavabdehin təqsiri üzündən qeyd edilən tarixdən bü günə qədər qazancdan məhrum olmuşdur və nəticədə maddi zərərə məruz qalmışdır, belə ki, o, motosikleti başqa bir şəxsə verərək qazanc əldə edə bilərdi, lakin cavabdehin təqsiri ucbatından bu baş tutmamışdır. Ona görə də, cavabdehdən əldən çıxmış fayda olaraq 2.000 manat alınaraq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stres keçirmişdir, əsəb gərginliyinə məruz qalması səbəbindən o, mənəvi zərərə məruz qalmışdır, aldadılması, qazancdan məhrum edilməsi, ona məxsus motosikletin onun məlumatı olmadan digər şəxsə satılması, maddi zərərə məruz qalması və s. hallar onun şüurumda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verdi və ərizə ilə müraciət edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. İddiaçı həmçinin iddia tələbinin həcmini azadılaraq cavabdehdən 1.600 manat dəyərində mapedin və ya dəyərinin, 390 manat icarə haqqının və mənəvi zərərə görə 500 manat pulun tutularaq ona verilməsini xahiş etdi. İddiaçı bildirdi ki, aralarındakı razılşamaya görə cavabdeh 40 günlük icarəyə görə hər günü 10 manat olmaqla 400 manat ödəməli olduğu halda, yalnız birinci günə görə 10 manatı almış, qalan 39 günə görə 390 manat icarə haqqını ala blməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ona məxsus “Rks Blazer 50 XR” markalı və modelli motosikl mopedi günü 10 manat olmaqla 40 gün müddətinə Cavabdeh icarəyə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək 390 manat icarə haqqını və mopedi iddiaçıya qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə vermişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı sayılaraq təmin edilməli və cavabdehdən icarə haqqına görə 390 manat, eləcə də 1.600 manat dəyərində “Rks Blazer 50 XR” markalı və modelli motosikl mopedi naturada və ya bu mümkün olmadıqda onun dəyəri pulla alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159-cu maddəsində deyilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə bütün diqqətəlayiq halları araşdırdıqdan sonra aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: İddiaçı iddia tələbini bu hissədə belə əsaslandırmışdır ki, cavabdehin təqsiri üzündən o, çox ciddi stres keçirmişdir, əsəb gərginliyinə məruz qalması səbəbindən o, mənəvi zərərə məruz qalmışdır, aldadılması, qazancdan məhrum edilməsi, ona məxsus motosikletin onun məlumatı olmadan digər şəxsə satılması, maddi zərərə məruz qalması və s. hallar onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Məhkəmə iddiaçının bu mülahizələri ilə razılaşaraq bildirir ki, iddiaçının az qala bir ilə yaxın müddətdə sahibliyində olan daşınar əmlakdan məhrum olması dərin sarsıntı və iztirablar keçirməsinə və bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilərdi. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Başqa sözlə ifadə etsək, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 aprel 2020-ci il tarixli Qərarında göstərmişdir ki,…..mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir…. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının: 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 10-cu maddəsində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan müddəaları yekunlaşdıraraq bu qənaətə gəlir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının qazancı ilə yanaşı daşınar əmlakından məhrum olması iddiaçıda psixoloji sıxıntı, narahatlıq və məyusluq hissləri yaratmışdır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının mənəvi zərərə görə cavabdehdən 500 manat tələb etməsi ədalətli və ağlabatandır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1.600 manat dəyərində “Rks Blazer 50 XR” markalı və modelli motosikl mopedi naturada və ya bu mümkün olmadıqda dəyəri pulla, eləcə də icarə haqqına görə 390 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 890 manat iddiaçı X1 xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar