Məhkəmə qərarları › İş №2(064)-1637/2023

Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1637/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1637/2023 22.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə cavabdeh X1 maddi ziyana görə 3.000 manat və mənəvi zərərə görə 2.000 manat olmaqla cəmi 5.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə sanitar-təlimatçı vəzifəsində işləyirdi. Uyğunsuzluğa görə 2017-ci ilin aprel ayında oradan təxris olunmuşdur. Bundan sonra rayonda “dörd yol” adlanan ərazidə yerləşən atasına məxsus çayxananı işlətməyə başlamışdır. Çayxananın yaxınlığında “Azqranat” adlı firma mağazası tikilərkən mağazanın tikintisində iş icraçısı işləyən X7 ilə tanış olmuşdur. O, hərbi hissədən təxris olunduğunu bildirəndə cavabdeh dedi ki, hərbi hissədə tanışları var və onların vasitəsi ilə onu həmin hərbi hissəyə işlədiyi vəzifəyə 3.000 manat müqabilində bərpa edə bilər. O, razılaşıb 2.000 manatını 04 sentyabr 2017-ci il tarixdə, qalan 1.000 manatını isə 06 sentyabr 2017-ci ildə poçt vasitəsi ilə göndərmişdir. Bir müddət keçdikdən sonra cavabdeh onu işə bərpa etmədi və ona verdiyi 3.000 manat pulu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırırdı. Buna görə də, onun barəsində Füzuli rayon Polis Şöbəsinə müraciət etdi. Füzuli rayon X5 bölməsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən 14 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdehin ona qarşı törətdiyi əmələ görə o və bütün ailə üzvləri psixaloji streslər keçirərək, mənəvi əzablara məruz qalmışlar. Bununla da ona dəyən mənəvi zərəri 2.000 manat məbləğində qiymətləndirir. Buna görə də, cavabdehdən ona dəyən 3.000 manat məbləğində maddi ziyan və 2.000 manat məbləğində mənəvi zərər, cəmi 5.000 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında alınıb ona ödənilməlidir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı işə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını və cavabdehdən onun xeyrinə 3.000 manat pulun tutulmasını xahiş etdi. İddiaçının təşəbbüsü ilə dəvət edilmiş Şahid bildirdi ki, iddiaçı onun əridir. Cavabdeh T.Hüseynquliyev ərini işə düzəltmək adı ilə ərindən iki dəfəyə cəmi 3.000 manat pul almışdır. Lakin nə işi düzəltmiş, nə də ki, aldığı pulu qaytarmışdır. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun təşəbbüsü ilə dəvət edilmiş şahidi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh T.Hüseynquliyev qanuni əsaslar olmadan İddiaçı 3.000 manat pulunu almış və geri qaytarmamşdır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının xeyrinə cavabdehdən 3.000 manat pul tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 3.000 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı gündən 10 (on) gün müddətində onun ləğvinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar