Məhkəmə qərarları › İş №2(064)-173/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-173/2023

13.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-173/2023 13.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət vasitəsinin yararsız hala salınmasına görə, həmin elektron nəzarət vasitəsinin dəyəri olan 2.277,40 manat pulun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 (001)-217/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001 )-561 /2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə şöbənin icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “attenti markalı” 35631307 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur.xx.xx.2021-ci il tarixli yoxlama zamanı Cavabdeh təhkim olunan elektron mobil qurğunun deformasiyaya uğradığı məlum olmuşdur. Araşdırma zamanı 35631307 saylı “attenti” markalı elektron nəzarət vasitəsinin ana plataya aid radielektron antena pininin zədələndiyi, təkrar qaynağının mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmışdır. Müvafiq akt və protokol tərtib edilmişdir. Cavabdehin günahından elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və nəticədə maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmamışdır. Belə ki, həmin vasitə təhvil veriləndə yararlı halda olmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və sair vəzifələr qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə şöbənin icra məmuru müvafiq protokol tərtib etmiş və məhkum-cavabdehə onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “attenti markalı” 35631307 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2021-ci il tarixli yoxlama zamanı məhkuma təhkim olunan elektron mobil qurğunun deformasiyaya uğradığı məlum olmuşdur. Araşdırma zamanı 35631307 saylı “attenti” markalı elektron nəzarət vasitəsinin ana plataya aid radioelektron antena pininin zədələndiyi, təkrar qaynağının mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmadığını və həmin vasitəni təhvil veriləndə yararlı halda olduğunu bildirsə də məhkəmə cavabdehin bu mülahizələrini rədd edərək bildirir ki, iş materiallarına əlavə edilmiş müvafiq akt, protokol və məhkumun izahatından göründüyü ki, məhkum-cavabdeh elektron nəzarət vasitəsini zədələdiyini etiraf etmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkum Cavabdeh öz vəzifələrini (öhdəliklərini) lazımınca yerinə yetirməməsində ifadə olunan təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi zərər 2.277,40 manat təşkil etdiyindən məhkəmə həmin pulun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respubliksı Cəzaların İcrası Məcəlləsinin: 15-1.1. Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.3. Probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15-1.4. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetirirlər: 15-1.4.1. məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. 51-1.3. İcra məmuru məhkumu qeydiyyata alır, ona məhkəmə hökmünün tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini izah edir, elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlayır və bu barədə protokol tərtib edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vururlmuş maddi ziyana görə 2.277,40 manat pul tutularaq X1 M/H: AZ41NABZ******************** VÖEN:**********, Kod : 210005, Swift: CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H:AZ66CTRE********************, VÖEN:********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar