Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1793/2025 13.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən payın naturada ayrılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən payın naturada ayrılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr nömrəsi **********40 olan, 04 iyul 2025-ci il tarixli çıxarış əsasında onlara - yəni ailə üzvlərinin adına verilmiş mülkiyyətlərində olan 1,6536 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən paylarının naturada ayrılması (bölünməsi) və onlara təhkim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. İddiaçılar məhkəməyə müraciət edərək paylı mülkiyyətlərində olan torpaq sahəsindən paylarının naturada ayrılmasını və bölünməsini xahiş etmişdir. İddia ərizəsinin dəlillərindən belə bəlli olur ki, mahiyyət etibarı ilə paylarının naturada ayrılmasını tələb edirlər. Hesab edirəm ki, hazırki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən maddi hüquq normasının tələblərindən də göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri öz paylarının naturada ayrılmasını qarşılıqlı razılıq əsasında həyata keçirə bilərlər. Məhkəmə yalnız paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması barədə razılığa gələ bilmədikdə yaranan mübahisəyə baxır. İndiki haldan isə görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında payın bölünməsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. Belə olan halda payın bölgüsü onların razılığı əsasında məhkəmədən kənar qaydada həll edilə bilər. Odur ki, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçılara izah edilir ki, iddiaçılar öz paylarının naturada ayrılmasını qarşılıqlı razılıq əsasında, yəni məhkəmədən kənar qaydada həll edə bilərlər. Mülkiyyətçilər arasında payın ayrılması və bölünməsi barədə razılıq əldə edilmədiyi halda payının ayrılmasını istəyən paylı mülkiyyətçilər məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən payın naturada ayrılması tələbi”nə dair iddia icraatı qaydasında iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara qaytarılsın. İddiaçılara izah edilir ki, mülkiyyətçilər arasında payın ayrılması və bölünməsi barədə razılıq əldə edilmədiyi halda payının ayrılmasını istəyən paylı mülkiyyətçilər məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1793/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1793/2025
13.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver