Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-190/2023 26.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4, X5, X2 və X3 qarşı yaşayış hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh, X4, X5, X2 və X1 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, göstərilən mənzili atası ona bağışlama müqaviləsinə əsasən hədiyyə etmişdir. Həmin vaxt bacısı Nazilə uşaqları Kənan və Sənanla birlikdə dövlət tərəfindən 1982-ci ildən onun adına qeydiyyata alınmış evdə yaşayırdılar. Onun indiyədək bu barədə mübahisəsi olmamışdır. Bundan başqa Nazilə həmin evin onun adına qeydiyyata alınmasından xəbəri olmuş və atasının həmin evi ona bağışlaması ilə bağlı hər hansı narazılığı olmamışdır. Lakin bir müddət əvvəl bacısı Nazilənin, oğlanlarının və nəvələrinin ona məxsus evdə qeydiyyatda qalmaları ona məlum olmuşdur. O, hal-hazırda tam mülkiyyətlə adına qeydiyyata alınmış evə sərəncam hüququnu həyata keçirə bilmir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, qeyd olunan fərdi yaşayış evi 2012-ci ildən onun mülkiyyətindədir. Cavabdeh onun bacısıdır, digər cavabdehlər isə bacısının uşaqları və nəvələridir. Cavabdehlər 5-6 ildir ki, ünvan 1 ünvanında yaşamırlar. Belə ki, Cavabdeh ünvan 2nin birində özünə məxsus mənzildə yaşayır. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə və iddiaçı ilə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da 5-6 ildir ki, orada yaşamır. Belə ki, orderlə ona verilmiş Horadiz şəhəri, Qurban Namazəliyev küçəsi, ev 13, mənzil 9da digər cavabdehlər X4, X5, X2 və X6 ilə birlikdə yaşayır. Digər cavabdehlər X4, X5, X2, X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilən çıxarışdan görünür ki, Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, ev 52 xx.xx.2012-ci il tarixdən İddiaçı şəxsi mülkiyyətindədir. Füzuli RPŞ-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş başqa ünvana qeydiyyata alındıqdan sonra bildiriş əsasında və ya məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Füzuli rayon İH Mənzil İstismar Kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 saylı arayışda qeyd edilir ki, Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, Qurban Namazəliyev küçəsi, ev 13, mənzil 9-da X4, X5, X2 və X6 ilə birlikdə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, ev 52 xx.xx.2012-ci il tarixdən İddiaçı şəxsi mülkiyyətindədir. Cavabdeh və ailə üzvləri olan digər cavabdehlər həmin evdə qeydiyyatda olsalar da 5-6 ildir ki, orada yaşamırlar və yaşayış sahəsindən istifadə hüquqlarını Füzuli rayonu, Horadiz şəhəri, Qurban Namazəliyev küçəsi, ev 13, mənzil 9-da gerçəkləşdirmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsində qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki,
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi, yuxarıda istinad olunan qanunvericiliyin tələbləri baxımından cavabdehlər Cavabdeh və digərləri İddiaçı ailə üzvləri sayılmadıqlarından onunla bərabər yaşayış sahəsindən istifadə etmək hüquqlarını da əldə etməmişlər. Lakin cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun bir mülkiyyətçi kimi bir sıra hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaradır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X4, X5, X2 və X1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanı üzrə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov