Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2008/2023 18.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 4.739 manat pulun, ödənilmiş dövlət rüsumunun və mənəvi ziyana görə 3.000 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 09 iyul 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, E.Bahayev küçəsi ilə özünə məxsus olan “Hyundai Sonata” markalı, **-RH-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun qarşı hissəsi ilə əks istiqamətdə hərəkətdə olan “Toyota RAV 4” markalı, **-TU-*** dövlət nömrə nişanlı avtomobil qəflətən yol zolağının ona aid hissəsinə çıxaraq üzərinə doğru hərəkət etmiş, avtomobilini zərbədən yayındırmağa çalışsa da o, avtomobilini sol tərəfdən vuraraq əzmiş və avtomobili saxlamadan hərəkətə davam etmiş, ona xeyli miqdarda maddi ziyan vurmuşdur. O, idarəetmənin itirilməsi səbəbindən yolun sol tərəfində dayanmış vəziyyətdə olan “Hyundai” və “Mercedes” markalı maşınlarını da vuraraq dayanmışdır. Təkrar avtomaşını işə salaraq hadisə yerindən qaçmaq istəsə də, təkərinin buraxması nəticəsində hərəkət edə bilməmişdir. Hadisə nəticəsində onun avtomobilinə xəsarət yetirən Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinərək 40 manat inzibati cərimə olunmuş, bu barədə 28 iyul 2023-cü il tarixli TR5878290 nömrəli qərar qəbul olunmuşdur. Baş vermiş hadisə nəticəsində onun sağlamlığına xəsarat yetirilmiş, bir neçə gün iş qabiliyyətini tamamən itirmiş, böyük psixoloji və mənəvi sarsıntı yaşamışdır. Belə ki, hadisə indi də gözünün qabağına gələndə özündən asılı olmayaraq şok keçirir və əhvalı dəyişərək stress yaşayır. Cavabdeh hadisə nəticəsində ona yetirdiyi maddi ziyandan 2.000 AZN pul ödəsə də, sonradan qalan pulu ödəməkdən yayındı. Məcbur olub avtomaşınını özünün və ailəsinin şəxsi büdcəsi hesabına təmir etdirmişdir. Həmçinin bu müddətdə maşınsız qaldığından ailə üzvləri ilə birgə taksi və digər nəqliyyat vasitələrindən istifadə edərək əlavə məsrəflərə məcbur olmuş, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olduğu üçün müvafiq gəlirdən məhrum olmuşdur. Qeyd edir ki, 2 aya yaxın müddətdə isti yay günlərində başına gün vura-vura maşınsız avtotəmir emalatxanalrında, avto hissələrin satışı dükanlarında, maşın ustalarında qalaraq əlavə gərginlik keçirmiş və bu il yayı ailəsi ilə birgə heç bir istirahət yerinə gedə bilməmiş, əksinə çox böyük məhrumiyyətlər və zillət yaşamışdır. Ona görə də, hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi də tutulmalıdır. Ona görə də, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ünvanlayraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar, “Hyundai Badamdar” avtotəmir sexi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktla müəyyən edilir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı mülkiyyətində olan əmlakına 6.739 manat maddi ziyan dəymişdir. Cavabdeh həmin ziyanın 2.000 manatını ödəsə də qalan 4.739 manatı ödəməkdən yayınmışdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin müvafiq müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə olan halda, iddiaçı haqlı olaraq həmin maddi ziyanın ödənilməmiş qalan hissəsinin məhkəmə qaydasında ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan başqa, iddiaçı mənəvi ziyana görə 3.000 manat pulun ödənilməsini tələb etmiş və iddiasını bu hissədə belə əsaslandırmışdır ki, cavabdeh vurduğu ziyanı tam şəkildə ödəmədiyindən məcbur olub avtomaşınını özünün və ailəsinin şəxsi büdcəsi hesabına təmir etdirmişdir. Həmçinin bu müddətdə maşınsız qaldığından ailə üzvləri ilə birgə taksi və digər nəqliyyat vasitələrindən istifadə edərək əlavə məsrəflərə məcbur olmuş, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olduğu üçün müvafiq gəlirdən məhrum olmuşdur. Həmçinin 2 aya yaxın müddətdə isti yay günlərində başına gün vura-vura maşınsız avtotəmir emalatxanalarında, avto hissələrin satışı dükanlarında, maşın ustalarında qalaraq əlavə gərginlik keçirmiş və bu il yayı ailəsi ilə birgə heç bir istirahət yerinə gedə bilməmiş, əksinə çox böyük məhrumiyyətlər və zillət yaşamışdır. Məhkəmə iddiaçının bu mülahizələri ilə qismən razılaşaraq bildirir ki, onun 2 aya yaxın müddət ərzində, özü də yay aylarında özünün və ailəsinin gündəlik tələbat əmlakı kimi mülkiyyətində olan avtomobilinə dair sahiblik və istifadə hüquqlarından məhrum olması dərin sarsıntı və iztirablar keçirməsinə və bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilərdi. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Başqa sözlə ifadə etsək, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 aprel 2020-ci il tarixli Qərarında göstərmişdir ki,…..mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir…. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının: 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 10-cu maddəsində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan müddəaları yekunlaşdıraraq bu qənaətə gəlir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomobilin əzilərək bərbad vəziyyətə düşməsi və iddiaçının 2 aya yaxın müddət ərzində özünə məxsus daşınar əmlakından məhrum olması və cavabdehin soyuq münasibət göstərməklə vurulmuş maddi ziyanın tam şəkildə aradan qaldırılmasına təşəbbüs belə göstərməməsi iddiaçını əlavə nəqliyyat xərclərinə salması ilə yanaşı, həm də onda psixoloji sıxıntı, narahatlıq və məyusluq hissləri yaratmışdır. Odur ki, məhkəmə belə hesab edir ki, mənəvi zərərin iddia tələbində göstərilən 3.000 manat məbləği çox olmaqla real qiymətləndirilmir və bu məbləğ 500 manat müəyyən olunarsa daha ədalətli və ağlabatan olar. Bununla yanaşı, AR MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci dövlət rüsumuna görə ödənilmiş cəmi 100 manatdan ibarətdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 100 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 7.739 manat : təmin olunmuş hissəsi 5.239 manat = 1.47, 100 manat : 1.47 = 68,02 manat) 68,02 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (100- 68,02 = 31,98) 31,98 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 4.739 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş 100 manat dövlət rüsumunun 68,02 manatı tutulsun. İş üzrə 100 manat dövlət rüsumunun 31,98 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-2008/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2008/2023
18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver