Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-256/2023 08.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh H 022 545 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş cəmi 9.634 manat pulun və 116,74 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixində “Hyundai Sonata” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Nissan Sunny” markalı, H 022 545 dövlət qeydiyyat nişanlı avtomobilə 9.684 manat maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Nissan Sunny” markalı, H 022 545 dövlət qeydiyyat nişanlı avtomobilə görə 9.634 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də, 9.634 manat pul Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyirinə tutulmalıdır. Məhkəmə iclasında: İddiaçı SŞ ASC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, tələb olunan məbləğdə pulu maddi imkansızlığından ödəyə bilməyəckdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7321 saylı ekspert rəyindən görünür ki, H 022 545 dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9.082 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2013-cü il tarixində “Hyundai Sonata” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Nissan Sunny” markalı, H 022 545 dövlət qeydiyyat nişanlı avtomobilə 9.684 manat maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Nissan Sunny” markalı, H 022 545 dövlət qeydiyyat nişanlı avtomobilə görə 9.634 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə (bu hal xx.xx.2013-cü il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərarla və Cavabdeh izahatı ilə təsdiq edilmişdir) iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı cavabdehdən 9.634 manat pulun qaytarılmasını tələb etsə də məhkəmə ekspert rəyinə əsasən müəyyən edilmiş 9.082 manat pulun tutulmasını əsaslı hesab edir. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsində qeyd edilir ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsində deylir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişinə görə 9.082 manat və ödənilmiş dövlət rüsumuna görə 116,74 manat pul tutulmalıdır. Bununla yanaşı, ekspertiza xərci 100 manat Cavabdeh tutularaq MEM-in balansına keçirilməlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 9.082 manat pul və ödənilmiş dövlət rüsumuna görə 116,74 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-256/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-256/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver