Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-318/2023 20.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehlərdən subroqasiya hüququ əsasında əsasında vurulmuş zərərə görə 150 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 180 manat məbləğində pulun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “DAF FTXF 105.460T” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 iyun 2020-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışdır. 28 fevral 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi həmin avtomobil Bakı şəhəri, Moskva prospektində “SKODA FABİA” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYP tərəfindən tərtib edilmiş 28 fevral 2021-ci il tarixli, İPX ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 544 nömrəli qiymətləndirmə aktına əsasən həmin hadisə zamanı sonuncu avtomobilin zədələnməsi nəticəsində sahibi X2 vurulmuş maddi ziyana görə 31 mart 2021ci il tarixdə 150 manat məbləğində pul ödəmişdir. Digər Cavabdeh2 MMC “DAF FTXF 105.460T” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olduğuna görə həmin avtomobilin Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilməsindən məlumatlı olmalı idi. Buna görə də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehlərin iddia ərizəsinə etiraz verməməsi, xüsusilə də Cavabdeh1 20 fevral 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində iddianı qəbul etdiyini və iddiaya etirazının olmadığını göstərməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - sığortalı Cavabdeh2 MMC-nin mülkiyyətində olan “DAF FTXF 105.460T” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən 02 iyun 2020ci il tarixdən 02 iyun 2021-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (02 iyun 202-ci il tarixli, PXA**********5 nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətinə əsasən). - Cavabdeh1 28 fevral 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Moskva prospektində idarə etdiyi “DAF FTXF 105.460T” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SKODA FABİA” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasından ibarət inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci (Nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir (Bakı şəhər DYP tərəfindən tərtib edilmiş 28 fevral 2021-ci il tarixli, İPX ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən). - göstərilən inzibati xəta nəticəsində “SKODA FABİA” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc 150 manat təşkil etmişdir ("xxxx" MMC tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 544 nömrəli qiymətləndirmə aktının surətinə əsasən). - sığortaçı "xxxx" ASC göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “SKODA FABİA” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 adına açılmış bank kartının hesabına 31 mart 2021-ci il tarixdə 150 manat məbləğində pul ödəmişdir (PXA 82277 nömrəli sığorta aktı, “Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı” və “Cari hesabdan çıxarış”ın surətlərinə əsasən). Məhkəmə göstərilən maddi hüquq normaları və sənədlərə əsasən hesab edir ki, Cavabdeh1 Bakı şəhər DYP tərəfindən tərtib edilmiş 28 fevral 2021-ci il tarixli, İPX ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini “DAF FTXF 105.460T” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili etirbarnamə olmadan idarə etməsi zamanı törətdiyinə, beləliklə də baş vermiş həmin sığorta hadisəsi ilə Cavabdeh1 təqsirli hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçı "xxxx" ASC-nin həmin hadisəyə görə zərər dəymiş X2 ödədiyi 150 manat məbləğində pulu Cavabdeh1 subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 20 fevral 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində iddianı qəbul etdiyini və iddiaya etirazının olmadığını göstərməklə iddiaçının hazırki tələbini əsaslandırdığı faktları etiraf etmişdir. Məhkəmə bu etirafı qanuni olduğuna görə qəbul edir. Bu hal iddiaçını tələbində Cavabdeh1 aid hissədə əsaslandırdığı faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən Cavabdeh2 MMC-nin sığortalı kimi mülkiyyətində olan “DAF FTXF 105.460T” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə sığorta hadisəsinin baş verdiyi tarix və vaxtda digər Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilməsindən məlumatlı olmağa borclu olmasının səbəbini sübut edə bilməmiş, ümumiyyətlə, bu halla bağlı hər hansı dəlil irəli sürməmişdir. Belə olan halda, iddiaçının Cavabdeh2 MMC-yə qarşı iş üzrə sığorta hadisəsinə görə subroqasiya qaydasında tələb etmək hüququ yaranmır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 münasibətdə əsaslı, digər Cavabdeh2 MMC-yə münasibətdə isə əsassız olduğuna görə Cavabdeh1 aid hissədə təmin edilməli, digər Cavabdeh2 MMC-yə aid hissədə isə təmin edilməməli, beləliklə də qismən edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia Cavabdeh1 aid hissədə, yəni qismən təmin edilsin. Cavabdeh1 ödənilmiş sığorta ödənişə görə 150 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 180,00 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aqil Musayev
Məhkəmə qərarları › İş №2(064)-318/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-318/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver