Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-448/2023 09.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında əsasında vurulmuş zərərə görə 1982,16 manat və ödənilmiş dövlət rüsumuna görə 38,50 manat olmaqla, cəmi 2020,50 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “LEXUS RX330” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 dekabr 2020-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışdır. 27 dekabr 2020-ci il tarixdə cavabdehin sürücülük vəsiqəsi olmadığına görə idarə etmə hüququ olmadan Bakı-Quba- Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci km.-də idarə etdiyi həmin avtomobil sonuncu tərəfindən idarəetmənin itirilməsi nəticəsində yolayrıcı metal çəpərə çırpılıb yolun əks hərəkət hissəsində X2 idarə etdiyi “VOLKSWAGEN POLO” markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Buna görə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 yanvar 2021-ci tarixli qərar əsasında tərtib edilmiş 15 fevral 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli qiymətləndirmə aktına əsasən həmin hadisə zamanı sonuncu avtomobilin zədələnməsi nəticəsində sahibi X4 vurulmuş maddi ziyana görə 09 mart 2021-ci il tarixdə 1982,16 manat məbləğində pul ödəmişdir. Buna görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - sığortalı X1 mülkiyyətində olan “LEXUS RX330” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən 08 dekabr 2020-ci il tarixdən 09 dekabr 2021ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (08 dekabr 2020-ci il tarixli, PXA********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətinə əsasən). - cavabdeh sürücülük vəsiqəsi olmadığına görə idarə etmə hüququ olmadan Bakı- Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci km.-də idarə etdiyi “LEXUS RX330” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirməsi nəticəsində yolayrıcı metal çəpərə çırpılıb yolun əks hərəkət hissəsində X2 idarə etdiyi “VOLKSWAGEN POLO” markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmasından ibarət inzibati xətanı törətməsinə görə Azərbaycan Respublikası İXM-in 332.4-cü (Nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir (15 fevral 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən). - göstərilən inzibati xəta nəticəsində “VOLKSWAGEN POLO” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc cəmi 3200 manat təşkil etmişdir ("xxxx" MMC tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli, 608 nömrəli qiymətləndirmə aktının surətinə əsasən). - sığortaçı iddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “VOLKSWAGEN POLO” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 adına açılmış bank kartının hesabına 09 mart 2021-ci il tarixdə 1982,16 manat məbləğində pul ödəmişdir (PXA 81692 nömrəli sığorta aktı, “Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı” və “Cari hesabdan çıxarış”ın surətlərinə əsasən). Məhkəmə göstərilən maddi hüquq normaları və sənədlərə əsasən hesab edir ki, cavabdeh tərtib edilmiş 15 fevral 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini “LEXUS RX330” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadığına görə idarə etmə hüququ olmadan idarə etməsi zamanı törətdiyinə, beləliklə də baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş X4 ödədiyi 1982,16 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 1982,16 manat, dövlət rüsumuna görə 38,50 manat olmaqla, cəmi 2020,50 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-448/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-448/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver