Məhkəmə qərarları › İş №2(064)-535/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-535/2023

08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-535/2023 08.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi – Cəlilabad rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 və Cavabdeh oğlunun nümayəndəsi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı verdiyi “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan (bundan sonra - cavabdeh) vurulmuş maddi zərərə görə 8800 manat, mənəvi zərərə görə 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 132 manat olmaqla, cəmi 13932,00 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayında dişlərini müalicə etdirmək üçün ünvan 1 ünvanında yerləşən “Nurum Dental” diş klinikasında stomatoloq həkim kimi fəaliyyət göstərən cavabdehə müraciət etmişdir. Sonuncu onun dişlərini müayinə etdikdən sonra şifahi qaydada əldə etdikləri razılığa əsasən onun bütün dişlərini müalicə edib qapaq altına salmağı, o, isə bunun müqabilində cavabdehə 8800 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüşlər. O, cavabdehə iki dəfəyə cəmi 8800 manat məbləğində pul ödəməklə öhdəliyini icra etsə də, sonuncu öhdəliyini lazımi qaydada icra etməmişdir. Nəticədə dişlərində baş vermiş kəskin ağrılar onu çox narahat etmiş, buna görə də cavabdehə bu barədə təkrarən müraciət etmişdir. Sonuncu onun dişləri ilə bağlı təkrarən müəyyən tibbi tədbirlər gördükdən sonra onu dişlərindəki ağrıların tədricən azalacağına və müəyyən müddətdən sonra olmayacağına əmin etsə də, bir neçə ay ərzində dişlərindəki ağrılar azalmamış, onu narahat etməkdə davam etmiş, hətta cavabdehin dişinə taxdığı qapaq sınmış, nəticədə qidalanmaqda çətinliklər çəkmiş, normal həyatı pozulmuşdur. Buna görə də başqa klinikada işləyən həkimə müraciət edib dişlərini tam müayinə və müalicə etdirmişdir. Həmin həkim ona cavabdeh tərəfindən dişlərinin yonulması, diş kanallarının işlənilməsi və dişlərinin müalicəsi ilə bağlı digər tədbirlərin düzgün qaydada icra edilməməsi nəticəsində dişlərində kəskin ağrıların olduğunu demişdir. Bu səbəbdən cavabdehə müraciət etmiş, sonuncudan dişlərini düzgün müalicə etməməsinə görə ödədiyi 8800 manat məbləğində pulu ona qaytarmasını tələb etmişdir. Cavabdeh ona çənə quruluşunda problem olduğuna görə dişlərində ağrı olmasının normal olduğunu, dişlərinin müalicəsi üçün 6300 manat məbləğində pul xərclədiyini, bu səbəblərdən ona yalnız 2700 manat məbləğində pul qaytara biləcəyini demişdir. Lakin o, cavabdehin bu təklifi ilə razılaşmamış və sonuncudan ödədiyi 8800 manat məbləğində pulu tamamilə qaytarmasını tələb etmişdir. Cavabdeh ona həmin pul məbləğini qaytarmaqdan imtina etdiyinə görə cavabdeh barəsində Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə yazılı qaydada şikayət etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı və cavabdehin nümayəndələri iş üzrə məhkəmə iclaslarının iddiaçı və cavabdehin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 (bundan sonra – iddiaçının nümayəndəsi) verdiyi izahatında iddiaçının iddia ərizəsində göstərdiklərinə əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin iyun ayında iddiaçı ilə cavabdeh arasında şifahi qaydada əldə edilmiş razılıq əsasında sonuncu iddiaçının ağız boşluğunda olan 26 ədəd dişləri yonmuş, onlara qapaq qoymuş, bununla əlaqədar digər tibbi tədbirlər görmüş, lakin bu işləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçıda diş ağrıları kəskinləşmiş, səhhəti və normal həyat tərzi pisləşmişdir. Sonradan iddiaçı həm buna, həm də cavabdehin onun dişlərinə saldığı qapaqların estetik görünüşündən narazı qaldığına görə cavabdehə iki dəfə müraciət etmiş, sonuncu göstərilən səbəblərdən iddiaçının dişləri ilə bağlı tibbi tədbirləri lazımi qaydada icra etməməsindən ibarət olan faktlarla barışmaq məcburiyyətində qalıb, həmin tədbirləri iddiaçıdan hər hansı məbləğdə pul almadan iki dəfə görmüş, lakin bu işləri də lazımi qaydada icra etməmişdir. Cavabdehin sonradan həmin tibbi tədbirləri iki dəfə pulsuz olaraq icra etməsi, “WhatsApp” proqramı vasitəsilə iddiaçının ərinə göndərdiyi səsli mesajda iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı gördüyü müvafiq tibbi tədbirlərin uğursuz nəticələnməsinin səbəbini bilmədiyini deməsi, buna görə də ona ödənilmiş 8800 manat məbləğində pulun yarısını iddiaçıya qaytara biləcəyini təklif etməsi bunların səbəbləri ilə bağlı işin faktiki hallarının cavabdehin məhkəməyə göndərdiyi yazılı etirazı və sonuncunun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında göstərdikləri kimi deyil, iddiaçının iddia ərizəsində və onun izahatında göstərdikləri məzmunda baş verdiyini göstərir. Çünki cavabdeh iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri əvvəlcədən qüsursuz icra etsəydi, sonradan iki dəfə icra etməzdi, yaxud iddiaçının estetik baxımdan xahişi əsasında icra etsəydi, pulsuz icra etməzdi. Cavabdehin sonuncu dəfə iddiaçının dişinə keçirdiyi qapağın sınması səbəbindən sonuncuda diş ağrıları daha da kəskinləşmiş, səhhəti və normal həyat tərzi daha da pisləşmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb 21 noyabr 2022-ci il tarixdə kəskin diş ağrıları ilə əlaqədar “Hi-Fİ Stomatoloji Klinikası”nda işləyən başqa həkimə müraciət etmişdir. Orada iddiaçının dişləri müayinə edilərkən dişləri üzərinə taxılmış üst qapağın sol üst hissədən sındığı, yuxarı Vİ və aşağı V diş kanallarının tam təmizlənmədiyi, bir dişin kökündə uzun müddətli irinləmə olduğu, diş və damaq ağrılarının göstərilən səbəblərdən baş verdiyi müəyyən edilmiş, buna görə də iddiaçının ağız boşluğunda olan alt-üst qapaqlar kəsilib çıxarılmış, müalicə işləri yenidən aparılmış, diş kanalları tamamilə yenidən işlənilmiş, 26 ədəd dişin hər birinin üzərinə tək-tək olmaqla qapaq taxılmış, nəticədə iddiaçının diş və damaq ağrıları tamamilə aradan qaldırılmışdır. Buna görə də iddiaçı “Hi-Fİ Stomatoloji Klinikası”na müəyyən məbləğdə pul ödəmişdir. Cavabdehin göstərilən hərəkətləri ilə müqavilə öhdəliyini pozması təxminən 5 ay ərzində iddiaçının kəskin diş ağrılarından əziyyət çəkməsi və ya iztirab keçirməsi, səhhəti və normal həyat tərzinin pozulması ilə nəticələnmişdir. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi, iddia tələbinə olan yazılı etirazında, eləcə də məhkəmənin sorğusu əsasında təqdim edilmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsində araşdırılması aparılmış HK-1/3639 nömrəli material üzrə verdiyi yazılı izahatında göstərmişdir ki, 2022-ci ilin təxminən may ayının əvvəllərində iddiaçı onun işlədiyi klinikaya gəlib ona dişlərini başqa həkimə müalicə etdirdiyini, lakin nəticəsindən narazı qaldığını deyib ondan dişlərini müalicə etməsini xahiş etmişdir. O, iddiaçının dişlərini müayinə etdikdən sonra sonuncuya 26 ədəd dişlərini müalicə edəcəyi, yonacağı və bütün dişlərinə “Zirkon Emax” materiallı qapaqlar taxacağı müqabilində ona 8800 manat məbləğində pul ödənilməli olduğunu demişdir. İddiaçı onunla razılaşmış, bu səbəbdən ona iki dəfəyə cəmi 8800 manat məbləğində pul ödəmişdir. O, iddiaçının bütün dişlərini müalicə etmiş, ölçü işlərini gördükdən sonra 26 ədəd dişlərinə “Zirkon Emax” materiallı qapaqlar taxmışdır. İddiaçı onun gördüyü işlərin nəticəsindən əvvəlcə razı qalsa da, təxminən 3 ay sonra ona dişlərinə taxdığı qapaqların rəngini bəyənmədiyini, ağ olmasını istədiyini demişdir. Buna görə də iddiaçının təklifini qəbul etmiş, diş köklərinin zədələnməməsi üçün bütün dişlərinə taxdığı qapaqları kəsmiş, yenidən ölçü işlərini gördükdən sonra bütün dişlərinə “Zirkon Emax” materiallı qapaqlar taxmışdır. İddiaçı onun gördüyü işlərin nəticəsi ilə razılaşsa da, bir gün sonra ona dişlərinə keçirilmiş qapaqları ağız boşluğunda bir-biri ilə üst-üstə düşməsinə görə bəyənmədiyini, onların nisbətən sağa meyilli olmaqla bir-birinin üzərinə otuzdurulmasını israrla tələb etmişdir. O və texnik Əli Əsədov iddiaçıya çənə quruluşunun düzgün olmamasına görə diş qapaqlarının istədiyi tərzdə qoyularsa, sınacağını, bu səbəbdən təklifini qəbul etmədiklərini demişlər. Lakin iddiaçı israrla tələb etdiyinə görə laboratoriyada sonuncunun istəyinə uyğun olaraq, diş qapaqlarının quruluşuna kompyüter qrafikası vasitəsilə düzəlişlər edib yenidən bütün dişlərinə “Zirkon Emax” materiallı qapaqlar taxmışdır. İddiaçı iki həftə sonra ona diş qapağının sındığını demiş və ondan diş qapaqları sökülmədən etdiyi ödənişin tam olaraq qaytarılmasını tələb etmişdir. İddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri növbəti iki dəfə öz şəxsi vəsaiti olan cəmi 4400 manat məbləğində pul hesabına icra etdiyinə görə iddiaçının tələbini qəbul etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 (bundan sonra – cavabdehin nümayəndəsi) verdiyi izahatında işin faktiki hallarını cavabdehin iddia tələbinə olan yazılı etirazında göstərdiyi ilə eyni məzmunda bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi, 19 may 2023-cü il tarixli 1:45 dəqiqəlik fayldakı səs cavabdehə məxsusdur. Həmin səs yazısında cavabdeh iddiaçının ona ödədiyi 8800 manat məbləğində pulun yarısını iddiaçıya qaytara biləcəyini təklif etsə də, bu hal cavabdehin iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri qüsurlu icra etməsini etiraf etməsi kimi qəbul edilə bilməz. Çünki cavabdeh iddiaçıya bu təklifi edərkən yalnız humanizm prinsipindən çıxış etmişdir. Cavabdeh 2022-ci ilin iyun ayından noyabr ayına kimi olan müddət ərzində iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri hər üç dəfə qüsursuz icra etmişdir. İddiaçı cavabdehə yalnız birinci dəfə gördüyü həmin tibbi tədbirlərin müqabilində cəmi 8800 manat məbləğində pul ödəmişdir. Cavabdehin həmin tədbirləri birinci dəfə gördükdən sonra növbəti iki dəfə də icra etməsi iddiaçının əvvəlcə nəticələrlə razı olsa da, sonradan diş qapaqlarının estetik görünüşündən narazı qalması və bu halların aradan qaldırılmasını təkidlə tələb etməsi, beləliklə də cavabdehdən asılı olmayan səbəblərlə əlaqədar olmuşdur. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər və səs yazıları əsasında müəyyən etmişdir ki,: - 21 noyabr 2022-ci il tarixdə iddiaçı “Hi-Fi” Stomatoloji Klinikasına kəskin diş ağrıları və dişlərinə salınmış qapaqların estetik görünüşündən narazı qalması ilə əlaqədar müraciət etmişdir. Orada iddiaçının ağız boşluğu vizual və videoqraf müayinə edilərkən dişləri üzərinə taxılmış üst qapağın sol üst hissədən sındığı, yuxarı Vİ və aşağı V diş kanallarının tam olaraq təmizlənmədiyi, bir dişin kökündə uzun müddətli irinləmə baş verdiyi, bu səbəblərdən iddiaçının ağız boşluğunda diş və damaq ağrılarının baş verdiyi müəyyən edilmiş, iddiaçının xahişi ilə onun ağız boşluğunda olan alt-üst qapaqlar kəsilərək çıxarılmış, müalicə işləri yenidən aparılmış, diş kanalları tam olaraq yenidən işlənilmiş, hər bir dişin üzərinə tək-tək olmaqla, cəmi 26 ədəd qapaq taxılmışdır. İddiaçı aparılmış müalicə və müayinə işlərindən razı qalıb onların dəyərini “Hi-Fi” Stomatoloji Klinikasının kassasına ödəmişdir (“Hi-Fi” Stomatoloji Klinikasının 03 may 2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş fotocədvəllərə əsasən). - Cavabdeh iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri üç dəfə təkrarlamaqla icra etməsinin və həmin tədbirlərin lazımi qaydada nəticələnməsinin səbəblərinin ona məlum olmadığını bildirmiş, buna görə də iddiaçıya ona ödədiyi 8800 manat məbləğində pulun yarısını qaytara biləcəyini təklif etmişdir (İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin nümayəndəsi tərəfindən cavabdehə məxsus olması təsdiq edilmiş, cavabdehin iddiaçının ərinə “WhatsApp” proqramı vasitəsilə göndərdiyi 19 may 2023-cü il tarixli 1:45 dəqiqəlik fayldakı səs yazısına əsasən). - cavabdeh Azərbaycan Tibb Universitetinin “Stomatologiya” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir (BB-İ seriyalı, 007053 nömrəli Diplomun surətinə əsasən) - “X4” MMC kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh həmin klinikanın təsisçisidir (Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2010-cu il tarixli, **********857100 nömrəli Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən). - “X4” MMC-yə stomatologiya sahəsində özəl tibbi fəaliyyətlə məşğul olmasına icazə verilmişdir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 27 noyabr 2019-cu il tarixli, İNİL-425/2019 nömrəli lisenziya və onun əlavəsinin surətlərinə əsasən). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə göstərilən mülki-prosessual qanunvericilik normalarına əsaslanaraq, cavabdehin məhkəməyə göndərdiyi, iddia tələbinə olan yazılı etirazında, eləcə də məhkəmənin sorğusu əsasında təqdim edilmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsində araşdırılması aparılmış HK-1/3639 nömrəli material üzrə verdiyi yazılı izahatında göstərdiyi, həmçinin, AR-İİ seriyalı, 972662 nömrəli etibarnamə əsasında müvafiq səlahiyyəti olan cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi və məhkəmə tərəfindən qəbul edilmiş qismən etirafedici izahatları, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı və məhkəməyə təqdim etdiyi, cavabdehin nümayəndəsi tərəfindən cavabdehə məxsus olması təsdiq edilmiş, sonuncunun iddiaçının ərinə “WhatsApp” proqramı vasitəsilə göndərdiyi 19 may 2023-cü il tarixli 1:45 dəqiqəlik fayldakı səs yazısı, eləcə də “Hi-Fi” Stomatoloji Klinikasının 03 may 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş fotocədvəllər əsasında işin ümumiləşdirilmiş faktiki halları ilə bağlı: - 2022-ci ilin iyun ayından noyabr ayına kimi olan müddət ərzində cavabdeh tərəfindən iddiaçının diş kanallarının işlənilməsi, cəmi 26 ədəd dişlərinə qapaqların taxılması və digərlərindən ibarət müalicə tədbirlərinin (dişlərin yonulması istisna olmaqla) üç dəfə icra edilməsi, - iddiaçı tərəfindən cavabdehə həmin tədbirlərin yalnız birinci dəfə icra edilməsi müqabilində cəmi 8800 manat məbləğində pulun verilməsi, - cavabdehin iddiaçının dişləri üzərinə üçüncü dəfə taxdığı üst qapağın sol üst hissədən sınması və - 21 noyabr 2022-ci il tarixdə iddiaçının “Hi-Fi” Stomatoloji Klinikasında müayinə edilməsindən sonra həmin klinikanın həkimi tərəfindən ağız boşluğunda olan alt-üst qapaqların kəsilərək çıxarılması, müalicə işlərinin yenidən aparılması, diş kanallarının tam olaraq yenidən işlənilməsi, hər bir dişin üzərinə tək-tək olmaqla, cəmi 26 ədəd qapağın taxılmasını müəyyən etmişdir. Məhkəmənin müəyyən etdiyi həmin hallar tərəflərin mübahisələndirmədikləri işin faktiki hallarını və ya işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin mübahisələndirdikləri işin faktiki halları ilə bağlı hesab edir ki, cavabdeh iddia ərizəsinə verdiyi yazılı etirazında və onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri hər üç dəfə qüsursuz icra etməsini göstərsələr də, cavabdehin həmin tədbirləri birinci dəfə gördükdən sonra növbəti iki dəfə də icra etməsinin iddiaçının əvvəlcə nəticələrlə razı olmasına baxmayaraq, sonradan diş qapaqlarının estetik görünüşündən narazı qalması və bu halların aradan qaldırılmasını təkidlə tələb etməsi, beləliklə də cavabdehdən asılı olmayan səbəblərlə əlaqədar olması ilə izah etsələr də,: - cavabdehin iddiaçının diş kanallarının işlənilməsi, cəmi 26 ədəd dişlərinə qapaqların taxılması və digərlərindən ibarət müalicə tədbirlərini birinci dəfə iddiaçıdan cəmi 8800 manat məbləğində pul alıb gördükdən sonra daha iki dəfə iddiaçıdan hər hansı məbləğdə pul almadan icra etməsi, - cavabdehin iddiaçının dişləri üzərinə üçüncü dəfə taxdığı üst qapağın sol üst hissədən sınması, - nəticədə iddiaçıda diş ağrılarının daha da kəskinləşməsi, sonuncunun səhhəti və normal həyat tərzinin daha da pisləşməsi, - iddiaçının “Hi-Fi” Stomatoloji Klinikasında müayinə və müalicə edilməsindən sonra diş ağrılarının və bununla əlaqədar digər şikayətlərinin aradan qaldırılması, - cavabdehin “WhatsApp” proqramı vasitəsilə iddiaçının ərinə göndərdiyi səsli mesajda iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı gördüyü müvafiq tibbi tədbirlərin uğursuz nəticələnməsinin səbəbini bilmədiyini deməsi, beləliklə də, bunun özünün təqsirindən deyil, iddiaçıdan asılı olmuş hər hansı səbəbdən baş verdiyini deməməsi, buna görə də ona ödənilmiş 8800 manat məbləğində pulun yarısını iddiaçıya qaytara biləcəyini təklif etməsi özü-özlüyündə, cavabdehin iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı tibbi tədbirləri lazımi qaydada icra etməməsindən ibarət olan faktlarla barışmaq məcburiyyətində qalıb təkrarən icra etməsi, lakin hər dəfə də öhdəliyini lazımınca icra etməməsi barədə iddiaçı və onun nümayəndəsinin irəli sürdükləri dəlillərin iş materialları ilə sübut edilməsi, cavabdehin və onun nümayəndəsinin iddia tələbinə etiraz olaraq irəli sürdükləri dəlillərin isə əsassız olması barədə nəticəyə gəlməyə kifayət qədər daxili inam yaratmaqla, əsas verir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi kimi, cavabdehin iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri əvvəlcədən qüsursuz, lazımi qaydada icra etsəydi, sonradan iki dəfə icra etməyəcəyini, yaxud iddiaçının estetik baxımdan xahişi əsasında icra etsəydi, pulsuz icra etməyəcəyini də nəzərə alır. Çünki işin qüsursuz icra edildiyi halda, sifarişçinin əlavə icra tələb etmək hüququ yaranmır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, iş görməli, xidmətlər göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. - 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. - 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri ödəməlidir. - 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən işin müəyyən edilmiş faktiki halları və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, 2022-ci ilin iyun ayında aralarında şifahi qaydada bağlanmış podrat müqaviləsinin tərəfləri olmuş cavabdeh podratçı kimi müqavilədə nəzərdə tutulan işi, yəni iddiaçının dişlərinin müalicə edilməsi ilə bağlı müvafiq tibbi tədbirləri lazımi qaydada icra etməyi, iddiaçı isə sifarişçi kimi podratçıya razılaşdırılmış muzd olan 8800 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşlər. İddiaçı cavabdehə 8800 manat məbləğində pulu ödəməklə müqavilə öhdəliyini icra etmişdir. Sonuncu iddiaçı üçün podratı elə icra etməli idi ki, podratın nəticəsi qüsurlardan azad olsun. Cavabdeh podratı qüsurli icra etdiyinə görə iddiaçı cavabehdən iki dəfə əlavə icra tələb etmiş, buna görə də sonuncu podratın qüsurunu şəxsi vəsaiti hesabına tam aradan qaldırmalı olduğu və bu istiqamətdə müvafiq tədbirlər gördüyü halda, aradan qaldıra bilməmiş, əksinə, cavabdehin sonuncu dəfə iddiaçının dişinə keçirdiyi qapağın sınması səbəbindən sonuncuda diş ağrıları daha da kəskinləşmiş, səhhəti və normal həyat tərzi daha da pisləşmişdir. Buna görə də iddiaçı yalnız bundan sonra müqavilədən imtina etmiş, cavabdehdən müqavilə ilə bağlı ödədiyi 8800 manat məbləğində pulun ona qaytarılmasını tələb etmişdir. Cavabdeh iddiaçıya həmin məbləği tamamilə ödəməkdən imtina etdiyinə görə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən səbəblərdən cavabdeh müqavilə öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya vurduğu maddi ziyanın məbləğini təşkil edən 8800 manat pulu tamamilə ödəməyə borcludur. Buna görə də iddia tələbi vurulmuş maddi zərərin ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iş üzrə iddia tələbinin vurulmuş mənəvi zərərin ödənilməsi barədə hissəsinin düzgün həll edilməsi məqsədilə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki,: - mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. - Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X1”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. - Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. - Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. - Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə bağladığı podrat müqaviləsi üzrə öhdəliyini yuxarıda göstərilən məzmunda lazımınca icra etməməsi təxminən 5 ay ərzində iddiaçının kəskin diş ağrılarından əziyyət çəkməsi və ya iztirab keçirməsi, səhhəti və normal həyat tərzinin pozulması, beləliklə də iddiaçıya mənəvi zərər vurması ilə nəticələnmişdir. Buna görə də iş üzrə iddia tələbinin vurulmuş mənəvi zərərin ödənilməsi barədə hissəsi ağlabatan olan 1000 manat məbləğində, yəni qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan 13 fevral 2023-cü il tarixli mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumu ilə əlaqədar 132 manat məbləğində pul ödəmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli olduğuna görə işə baxılması ilə əlaqədar iddiaçının dövlət rüsumuna görə ödədiyi 132 manat məbləğində pulun iddianın qismən təmin edilən hissəsinə mütənasib olan 100 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan vurduğu maddi zərərə görə 8800 manat, mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 9900,00 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia mənəvi zərərin ödənilməsi ilə bağlı qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar