Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-586/2025 15.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ortaq divarda açılmış nəfəsliyin müəyyən olunmuş qaydada bağlanmasının təmin edilməsi, xoşagəlməz qoxunun mənzilə daxil olmasının dayandırılması, mənəvi zərər olaraq 9600 manat vəsaitin, maddi zərər olaraq 375 manat vəsaitin, hüquqi yardım üçün çəkilmiş ümumi 200 manat xərcin, cəmi 3633 manat dərman vastələrinin dəyərinin, 20 manat çəkilmiş yol xərcinin və 135 manat çəkiləcək yol xərcinin əvəzinin Cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, bina 160A-nın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində məskunlaşmış. Həmçinin, onun divar qonşusu X4 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, bina 160A-nın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində məskunlaşmışdır. Yaşadıqları binanın konstruktiv quruluşuna görə sözügedən mənzillərin ortaq divarı vardır. Həmin divar hər iki mənzilin sanitar qovşağının divarıdır. X4 yaşadığı sözügedən mənzildə təmir işləri apararkən ortaq divarda onun hər hansı bir razılığı, xəbəri olmadan söküntü işləri aparmış, divarda oyuq açmış, bina evində qanunazidd olaraq onun otağına havalandırma quraşdırmağa çalışmışdır. Yaranmış vəziyyət onun mənzildən təyinatı üzrə istifadə etməyində əsaslı çətinliklərə, problemlərə səbəb olmuşdur. Belə ki, X4 öz mətbəxindən və sanitar- qovşaqdan istifadə etdiyi zaman ətrafa yayılan xoşagəlməz qoxu və buxar bilavasitə onun mənzilinə yayılır, onun əsaslı gərginlik, əsəb keçirməyinə, səhhətimin pisləşməsinə səbəb olur. O, bu qeyri-qənaətbəxş vəziyyəti, yaşadığı çətinlikləri X3 dəfələrlə bildirsə də, o, buna məhəl qoymamış, aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir, ilkin olaraq, onun tələbi Şəbinə Kazımovanın ortaq divarda havalandırma məqsədilə açdığı sözügedən nəfəsliyin, cavabdehin idddia etdiyi kimi zamaska ilə deyil, lazımi qayda ilə yəni, daş və sementlə olan suvaq ilə bağlamasıdır. Belə ki, onun polisə gedəcəyi xəbərini eşidəndən sonra Şəbinə Kazımovanın ərinin tələm-tələsik zamaska ilə bağladığı divarın sonradan onun evindəki kirayənişinin bir gün səhərdən axşamadək mətbəxtdə qoyub qaynatdığı banka-balon qazanından yaranan buxar nəticəsində həmin zamaska məmulatı əriyərək yararsız hala düşmüş və nəticədə kirayənişinlər tərəfindən orda istifadə olunan siqaret, yemək, yemək yanığı, tualet natəmizliyinin iyi yenə onun otağına daxil olmuşdur (bu günə kimi də bu belə davam edir). Buna görə o, qışın günü pəncərəni açıq saxlayıb zornan qızdırdığı evi soyudur ki, iyi çıxsın. Yayda da eyni qayda ilə kondisioner işləsə də qonşunun yaratdığı buxar, iyi-qoxudan pəncərəni açıq saxlayır ki, bu da onun üçün artıq pul itkisi deməkdir. Cavabdeh şəxs qonşusu Şəbinə Kazımova tərəfindən məruz qaldığı şəxsinə olunan hörmətsizlik, sinir sisteminin pozulmasına yönəlik etdiyi laqeyid münasibət, sanki şəxsi eviymiş kimi davranıb onun xəbəri və razılığı olmadan ortaq divarda gizlin olaraq açdığı havalandırmadan illərdir ki, onu narahat edən iyi-qoxudan ona şikayət edərkən durub səhvini düzəltmək əvəzinə onu günahlandırıb əsəblərini tarıma çəkdikdən sonra nəhayətində uzun illərdən bəri onun tükənən səbri üzərinə, 2024-cü ilin sentyabr ayının əvvəlində tualetdən gələn kəskin siqaret iyinə görə onu polisə verəcəyini bildirəndə durub səhər tezdən qapısına gəlib “Sənin evindən açılıb, bizdən deyil”- deyib sonuna qədər onun əsəblərilə oynayandan sonra keçib öz evində divarda açdığı havalandırmanın dəqiq harda yerləşdiyini bildiyi üçün tələm-tələsik zamaska ilə oranı tutmuşdur. İllərdir onun qonşuluğa qoyduğu hörmət, qonşu özbaşınalığına göstərdiyi toleransa qarşı onun etdiyi bu ədəbsiz hərəkətə görə keçirtdiyi əsəb sarsıntısından sonra vücudunda birdən yaranan boşluq, halsızlıq, kəskin susuzluq ( dil-ağızın boğazadək qupquru quruması) şikayəti ilə səhəri gün gedib 26 saylı poliklinikada verdiyi analizin nəticəsinə əsasən təqdim etdiyi Bakı ’’Respublika Endokrinoloji Mərkəz”in qoyduğu 2-ci tip şəkər (yəni, irsən deyil, qəfil stress zamanı sonradan yaranan) diaqnozu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim edilmiş, 2690004ABSXS nömrəli ambulator kitabçadan xəstəlik tarixindən çıxarışdan göründüyü kimi, ona D-z.El 1.9.Şəkərli diabet tip 2.dekompensasiya diaqnozu qoyulmuşdur. Beləliklə, onun etdiyi hörmətə qarşılıq şəxsinə olunan qonşu xəyanətini başa düşəndə keçirdiyi əsəb sarsıntısından o, sağalmayan xəstəliyə tutulub ömür boyu dərmanlardan asılı vəziyyətdə yaşamaq məcburiyyətində buraxılmanın şokunu hələ də yaşayır. O, onun bu hərəkətlərindən keçirtdiyi mənəvi sarsıntı səbəbindən səhhətində gedən prosseslərin mənfi təsirlərini aradan qaldırmaq üçün oturduğu yerdə bir sıra xərcə düşmüşdür. Belə ki, ilk növbədə qonşunun tualetindən gələn iyini azaltmaq üçün yay-qış bütün günü pəncərəni açıq saxlayır ki, bu onun illərdir ki, artıqdan qaz və işıq istifadə edib ziyana düşməsi deməkdir. Cavabdehin hüquqazidd bu hərəkəti ucbatından onda yaranmış əsəb və şəkər xəstəliklərinə görə müxtəlif vaxtlarda öz vəsaiti hesabına müalicə almışdır. Nəhayətində 2024-cü ilin sentyabr ayında qonşu xəyanətini öyrəndiyində keçirtdiyi sinir sarsıntısından ona tutduğu xəstəliyə görə müalicə yazılmışdır ki, müalicə və dərmanlar üçün çəkilən xərclər yenə də onun vəsaitləri hesabına başa gəlmişdir. Müayinə-müalicə xərcləri üçün tərəfindən ümumilikdə, 375 (üç yüz) manat məbləğində xərc çəkilmiş və ömürlük dərmandan asılı yaşamağa məhkum olunmuşdur. Bundan əlavə, sənəddə qeyd olunduğu kimi əvvəlcə o, həkimin təyin etdiyi Sitazil-M adında dərman preparatını qəbul etməyə başlamşdır. Daha sonra 2025-ci ilin yanvar ayında həkim həmin pereparatın böyrəyinə göstərdiyi əks təsirlər nəticəsində onu yeni Galvus Met adında preparatla əvəz etdi ki, hər iki preparatın təyin olunmuş həkim reseptini və aptekdən alınma çekini təqdim edir. Mövcud aptek qiymətlərini nəzərə alsaq, sentyabr ayındakı məlum hadisədən sonra tutduğu bu sağalmaz, ömürlük onunla gedəcək xəstəliyin fəsadlarını qismən aradan qaldırmaq üçün istifadə etdiyi bu preparatları bu günədək kiminsə ona etdiyi maddi köməklik ilə ala bilmiş. Həkimin dediyinə görə xəstəliyini qismən yüngülləşdirəcək bu sonuncu yazdığı preparatı nə qədər baha olsa da davamlı qəbul etməlidir. Artıq 9 ilə yaxın olan bir vaxtda mövcud vəziyyətdən dolayı keçirtdiyi stress və əsəbin tək səbəkarı olan qonşusu X2 hüquqazidd hərəkətləri olmasına baxmayaraq, onun qonşuluğa etdiyi hörmətdən, qonşuluğa xatir göstərdiyi toleransdan sui- istifadə edərək onun gizlin tutduğu bu şəxsinə yönəlik ədəbsiz hərəkətindən bir dəfə də olsun peşimançılıq hissi keçirtdiyini və belə hərəkətin düzgün olmadığını dilinə gətirməmiş, əksinə, onun özünü günahkar hiss etməsi yönündə sözlər söyləmiş, sanki bu işicavabdeh yox, o, görüb kimi davranmış, heç vaxt illərlə sürən bu məşəqqətli durumu aradan qaldırmağa çalışmamışdır. Yalnız 2024-cü ilin sentyabr ayında ona polisə gedəcəyimi bildirdikdən sonra tez hərəkətə keçib etdiyi əməli ört-basdır etməyə çalışmışdır. Ona görə də hesab edir ki, ədalətlilik və mütənasiblik meyarları baxımından ona dəymiş maddi və mənəvi zərərin kompensasiya edilməsi üçün onun qonşuya və qonşuluğa qoyduğu hörmət, göstərdiyi toleransa qarşılıq şəxsinə olunan hörmətsizlik, səhhətinə bilərəkdən zərbə vurma, 9 ilə gələn bu vaxt ərzində aldadılma, günahkarlıq hissinə vadar edilmə, onun qonşulara, insanlara olan hörmət, güvən, inam və etibarından sui-istifadə etməklə sonunda bu insanlıq hisslərindən məhrum olunmaqla nəticələnən xəstəlik, hər gün 4 nəfərin nəcis, sidik, hamam buxarı və yemək iyini almaq məcburiyyətində buraxıldığı və nəticədə pozulan əsəblərində sağlamlığına vurulan zərbə nəticəsində ömürlük sağalmaz xəstəliyə tutulduğu üçün ona vurulan maddi və mənəvi zərər olaraq, cavabdehin ailəsinin evdə olmadıqları günləri 1 il qəbul edərək, qalan 8 il üçün hər günə 1 manat olmaqla 9600 manat məbləğində pul vəsaitinin, üstəgəl müalicə (375 manat) və məhkəmə xərcləri ( 220 manat + bundan sonra Fizuli rayon məhkəməsinə gediş-gəliş xərcləri min. 135 manat olmaqla ) toplam 10330 manat birdəfəlik olaraq, habelə ömürlük dərmandan asılı vəziyyətdə yaşamaq məcburiyyətində buraxildığı üçün ən azı 4 il ərzində hər ay 75 manat 69 qəpik (toplamda 3 633.12 Azn ) olmaqla dərman pereparatının qiymətinin hər ayın 15-dən gec olmayaraq verilməklə, ümumilikdə 13963 ( on üç min doqquz yüz altmış üç ) manat olaraq ona ödəməsini X1 tələb edir. İddiaçıya məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, hazırda mübahisəli mənzildə həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Yaşadıqları yer şəxsi deyil, ümumidir və hər kəs özü üçün şərait yaradıb. İddiaçı qonşu kimi çox problemli bir şəxsdir. Ona və ailəsinə qarşı daim əsassız iftiralar yaxaraq qadına yaraşmayan nalayiq ifadələr işlədir. İddiaçının bildirdiklərinin hər biri yalandır. Onlar tərəfindən heç bir havalandırma quraşdırmamışdır. Yaşadıqları evin hamam otağının yuxarı hissəsindən keçən turbanın kənarından xırda bir daş düşdüyü üçün həmin hissədə kiçik bir oyuq yaranmış və həmin hissə də İddiaçının əsassız səs-küyünü, nalayiq ifadələrini eşitməmək üçün bağlanmışdır. O və ya onun ailəsi tərəfindən heç bir nəfəslik açılmamışdır. Necə nəfəslik açıla bilər ki, İddiaçının bildirdiyi hissə hamam otağının tavanından yuxarıda yerləşir? Onlar tərəfindən İddiaçının yaşadığı mənzilə heç bir iy-qoxu gedəcək hərəkətlərə yol verilməmişdir. Yoldaşı və oğlu İddiaçının evinə yaxınlaşıb həmin hissəyə baxmaq üçün icazə istəyiblər. Lakin İddiaçı təhqiramiz ifadələr işlədərək onları evə qoymayıb. Bir müddət sakitlik olsa da, İddiaçı yenə narazılıq etməyə başlayıb. Söz-söhbət kəsilsin deyə təkrar həmin yeri təmir ediblər. Hətta nümayəndəlikdən də həmin hissəyə baxılıb, həqiqətən, heç bir problem olmadığı aşkar edilib. Bütün bunlara baxmayaraq İddiaçı razı qalmır, daim onların evinə gəlir, qapı-pəncərəni döyür, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir. Cavabdeh bildirir ki, özü qəsdən qapını açmır və ona məhəl qoymur. Belə ki, ağıza alınmayacaq dərəcədə nalayiq danışır və qorxur ki, özünü itirib cavab qaytarar. Evdə kirayəşin olması məsələsinə münasibətdə isə bildirir ki, onun evində heç kim kirayə qalmayıb, yaxın adamı müvəqqəti olaraq bir müddət yaşayıb. Səhəti ilə bağlı (ayağı sındığına görə) bir müddət evdə ola bilməyib, xəstəxanalarda olub. Əksinə, İddiaçı məhkəmə icraatı dövründə onlara məxsus hamam otağı divarının yuxarı hissəsini sökərək onlara ziyan vurmuşdur. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə qeyd olunan iddia tələbi üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında bildirilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı Cavabdeh tərəfindən hər ikisinin istifadəsində olan ortaq divarda nəfəslik açılmasını, bunun onu narahat etməsini və Cavabdehin buna məhəl qoymayaraq heç bir tədbir görməməsini iddia etsə də və bunu sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçı Cavabdehin qeyd edilən əməlinin nəticəsini (əsəb və stressdən səhətində yaranmış problemləri) Məhkəməyə təqdim etdiyi resept blankları, tövsiyə vərəqələri və qəbzlərlə sübut etməyə çalışsa da, Məhkəmə bu sübutu Cavabdehin İddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Bununla yanaşı Məhkəməyə təqdim edilmiş, doğruluğu 88 saylı MKİS-nin rəisi N.Rüstəmovun, mühəndisi M.İsgəndərovun və sahə nəzarətçisi Ə.İmanovun imzaları ilə təsdiqlənmiş arayış əsasında müəyyən olunur ki, İddiaçının 88 saylı Mənzil Kommunal İstismar Sahəsinə ünvanladığı şikayət əsasında mübahisəli mənzilə baxış keçirilmiş, bu zaman Cavabdehin şikayət olunan tərəfdən divara suvaq vurması aşkar edilmişdir. Məhkəmə qeyd olunanları yekunlaşdıraraq bildirir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçının çəkdiyi məhkəmə xərcləri İddiaçının özünə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı çəkdiyi məhkəmə xərcləri özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-586/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-586/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver