Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-70/2023 08.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Sığorta ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən subroqasiya qaydasında 250 manat məbləğində sığorta ödənişinin və 20 manat dövlət rüsümunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh idarə etdiyi ** VB *** dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi ** UZ *** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən zərərçəkənə 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə və "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq "xxxx" ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 250 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Bundan irəli gələrək, Cavabdeh 22 sentyabr 2016-cı il tarixdə şirkət tərəfindən məktub ünvanlanaraq 15 təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Tələbin irəli sürülməsinə baxmayaraq, bu günə qədər cavabdeh şəxs tərəfindən heç bir ödəniş həyata keçirilməyib. Odur ki, subroqasiya qaydasında həmin vəsaitin cavabdehdən tutulması xahiş edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" Siğorta ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştrakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış Cavabdeh idarə etdiyi ** VB *** dövlət qeydiyyat nişanlı, “İsuzu Ecobus” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində G.Zeynalovanın idarə etdiyi ** UZ *** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı avtonəqliyyat vasitəsinə vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Belə olan halda, iddiaçının "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq sığorta ödənişinin geri qaytarılmasına dair cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Lakin tədqiq edilmiş sübutlarla həm də o müəyyən olunur ki, iddia tələbinin yönəldiyi şəxs, yəni Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra hüquqi varisi müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin yönəldiyi şəxs müəyyən edilmədiyindən iddia əsassız sayılaraq rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 238, 241-244, 252-253-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Sığorta ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-70/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-70/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver