Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-704/2023 31.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Cavabdeh1 nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında vurulmuş maddi zərərin ödənilməsi barədə verdiyi tələbə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərə görə subroqasiya hüququ əsasında 15250 manat və ödənilmiş dövlət rüsumuna görə 136,15 manat olmaqla, cəmi 15386,15 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, eləcə də iş üzrə icraat dövründə məhkəməyə göndərdiyi yazılı müraciətlərində iddia tələbini onunla əsaslandırmışdır ki, 22 aprel 2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus olan “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş, sahibinə maddi zərər vurulmuşdur. Sığortalı iddiaçıdan sonuncu avtomobilə vurulmuş zərərin əvəzi olaraq sığorta ödənişinin verilməsini xahiş etmişdir. “İNŞAAT SERVİSEZ” tərəfindən aparılmış qiymətləndirmə əsasında tərtib edilmiş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə dəymiş zərər 20250 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 25 avqust 2022-ci il tarixli “Sığorta aktı”na əsasən 20250 manat məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi bank hesabına köçürülmüşdür. Cavabdeh1 idarə etdiyi avtomobilin icbari sığortaçısı olmuş sığorta şirkəti tərəfindən iddiaçının hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. Buna görə də iddiaçı cavabdehlərə subroqasiya hüququ əsasında 15250 manat məbləğində pulun ödənilməsi barədə məktub göndərmiş, lakin cavabdehlər həmin məbləği iddiaçıya ödəməmişlər. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 yanvar 2022-ci il tarixdə digər Cavabdeh2 dəyərini ödəməklə almış, buna görə də həmin tarixdə sonuncu Cavabdeh1 adına “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” notariat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. 22 aprel 2022-ci il tarixdə saat 11:30-da Füzuli rayonu, Kənd Horadiz-Güzdək yolunda Cavabdeh1 idarə etdiyi “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasından ibarət olan yolnəqliyyat hadisəsi real həqiqət mənasında Cavabdeh1 deyil, “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirindən baş versə də, Cavabdeh1 həmin hadisə ilə bağlı Füzuli RPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 aprel 2022-ci il tarixli, TP ******* nömrəli qərardan şikayət vermədiyinə, şikayət vermə müddətini xeyli ötürdüyünə və həmin qərar hazırda qüvvədə olduğuna görə həmin hadisənin onun təqsirindən baş verməsini hazırda hüquqi mənada mübahisələndirmir. Lakin onun məhkəməyə təqdim etdiyi fotoşəkillərə əsasən Cavabdeh1 iddiaçının tərtib etdiyi “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”da hadisə nəticəsində “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin əslində zədələnməmiş ön şüşə, inter kuller, antifriz çəni, bir ədəd rama, onun iki ədəd yastıqları, yastıqların iki ədəd şpilkaları və bir ədəd təkərinin (Nokian 235/70R16) zədələnməsinə görə dəyişdirilməli olmasının, eləcə də müvafiq ehtiyac olmadığı halda, həmin avtomobilə 1 dəst mühərrik, 1 ədəd ön şüşə, radiatorlar, ön sağ alt, üst çaşkalar və şaravoyların quraşdırılmalı olmasının göstərilməsini, həmçinin digər ehtiyyat hissələrin zədələnməsini qəbul etsə də, onların dəyərinin kifayət qədər şişirdilməsini əsassız hesab edir. Cavabdeh1 göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə vurduğu maddi zərərin həcminin maksimum 5000 manat məbləğində olduğunu qəbul edir. Cavabdeh1 idarə etdiyi avtomobilin icbari sığortaçısı olmuş sığorta şirkəti tərəfindən göstərilən hadisə ilə əlaqədar iddiaçının hesabına 5000 manat məbləğində pul köçürüldüyünə görə iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında 29 yanvar 2022-ci il tarixdə mülkiyyətində olan “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq Cavabdeh1 satdığını, sonuncu ilə bu barədə alqı-satqı müqaviləsi bağlamasa da, həmin tarixdə sonuncunun adına “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” notariat qaydasında təsdiq edilmiş etibarnamə verdiyini, Cavabdeh1 iş üzrə 22 aprel 2022-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi ilə hər hansı əlaqəsinin olmadığını göstərərək, bu səbəbdən iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi, eləcə də Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin göndərdiyi ərizələrində iddia tələbinin tam təmin edilməsini xahiş etməsini, Cavabdeh1 isə məhkəmə iclaslarında nümayəndə ilə təmsil edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Nümayəndə2 verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Füzuli Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis kapitanı Şahid verdiyi ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Füzuli rayonu Kənd Horadiz-Güzdək yolunda “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı və “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşmasından ibarət yol-nəqliyyat hadisəsini Füzuli RPŞ-nin DYPB-nin əməkdaşı olmuş X5 araşdırdığına görə o, həmin hadisə yerində olmamışdır. O, “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Füzuli RPŞnin cərimə meydançasında olarkən baxış keçirib bu barədə arayış tərtib etmiş, həmin arayışda avtomobilin yalnız əsas xarici detallarının, məsələn, qabaq sağ qanad, qabaq bamper, sağ qabaq işıqlandırıcı, qabaq panel, alın şüşəsinin zədələnməsini göstərmiş, xatırlamadığı digər hissələri, eləcə də mühərrik hissəsində də zədələrin olmasını görsə də, bu halları əhatə etmək üçün həmin arayışa “və sair” ifadəsini yazmışdır. Çünki onun tərtib etdiyi arayış əsasında avtomobilə təmir sexində ustalar tərəfindən daha ətraflı baxış keçirilib zədələnmiş detalların dəqiq siyahısı müəyyən ediləcəkdi. Həmin arayışı imzası və möhürlə təsdiq edib iddiaçıya göndərmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə işin müəyyən edilmiş faktiki halları və onlara tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 10 aprel 2022-ci il tarixli, C-MİC-1187/22 nömrəli “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi” əsasında 09 aprel 2023-cü il tarixədək tam sığortalanmışdır (Həmin şəhadətnamənin surətinə əsasən). - “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 oktyabr 2021ci il tarixdə Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır (BD 144044 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən). - 29 yanvar 2022-ci il tarixdə Cavabdeh2 VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək və digər hərəkətlər etmək hüququnu Cavabdeh1 etibar etmişdir (notariat qaydasında təsdiq edilmiş ƏN-Vİİİ seriyalı, 123767 nömrəli etibarnamənin surətinə əsasən). - Füzuli RPŞ-də iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, o, 22 aprel 2022-ci il tarixdə saat 11:30-da “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu Kənd Horadiz-Güzdək yolunda idarə edərkən yolun enişli-yoxuşlu olmasını nəzərə almadığına görə həmin avtomobili onunla əks istiqamətdə hərəkətdə olmuş “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxarmışdır. Sonuncu avtomobilin sürücüsü hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili yolun soluna çıxarsa da, həmin avtomobilin sağ qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ qabaq hissəsi toqquşmuşdur (Həmin izahatın surətinə əsasən). Beləliklə, Cavabdeh1 həmin izahatında iş üzrə yol-nəqliyyat hadisəsinin onun təqsirindən baş verdiyini etiraf etmişdir. - Füzuli RPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 aprel 2022-ci il tarixli, TP ******* nömrəli qərarla həmin tarixdə saat 11:30-da Füzuli rayonu Kənd Horadiz-Güzdək yolunda Cavabdeh1 idarə etdiyi “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “X6 7” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşmasından ibarət yol-nəqliyyat hadisəsinin Cavabdeh1 təqsirindən baş verdiyi müəyyən edilmiş, buna görə də sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 60 manat məbləğində inzibati cərimə təyin edilmişdir (Həmin qərarın surətinə əsasən). Cavabdeh1 həmin qərardan şikayət verməmiş, onu mübahisləndirməmiş, buna görə də həmin qərar hazırda qüvvədədir. - “İNŞAAT SERVİSEZ” şirkəti tərəfindən təqdim edilmiş məlumatlar əsasında iddiaçı tərəfindən tərtib edilmiş 27 aprel 2022-ci il tarixli, 145684 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”da “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş, buna görə də dəyişdirilməli olan detallarının dəyərinin cəmi 16845 manat, görülməli olan təmir-bərpa işlərinin qiymətinin isə cəmi 3405 manat olması, beləliklə də həmin avtomobilin təmir edilməsi ilə bağlı çəkilməli olan xərclərin cəmi 20250 manat məbləğində olması göstərildiyinə görə iddiaçı müvafiq inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərin aradan qaldırılması üçün 25 avqust 2022-ci il tarixli, CM-1313/2022 nömrəli sığorta aktına əsasən zərərçəkmiş şəxsin təqdim etdiyi bank hesabına 30 avqust 2022-ci il tarixdə 20250 manat məbləğində pul köçürmüş, həmin məbləğin 5000 manat hissəsi “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortaçısı olmuş sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir (Müvafiq hesabat, sığorta aktı və sığorta ödənişlərinin icra edilməsi barədə sənədlərə əsasən). Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilən, məhkəmə tərəfindən müəyyən edilmiş işin yuxarıda göstərilən hallarını qəbul etməklə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin iş üzrə müəyyən etdiyi, yuxarıda göstərilən hallar iddiaçı, Cavabdeh1 nümayəndəsinin mübahisələndirmədikləri işin faktiki hallarını və ya işin mübahisəsiz hallarını təşkil edir, buna görə də iddiaçını həmin faktları sübut etmək vəzifəsindən azad edir. Məhkəmə tərəflərin mübahisələndirdikləri işin faktiki halları ilə bağlı qeyd edir ki, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının tərtib etdiyi “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”da “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşə, inter kuller, antifriz çəni, bir ədəd rama, onun iki ədəd yastıqları, yastıqların iki ədəd şpilkaları və bir ədəd təkərinin zədələnməsini, həmin avtomobilə 1 dəst mühərrik, 1 ədəd ön şüşə, radiatorlar, ön sağ alt, üst çaşkalar və şaravoyların quraşdırılmalı olmasını, digər ehtiyyat hissələrinin isə qiymətlərinin şişirdilməsini, ümumilikdə göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş ziyanın 5000 manatdan artıq olmasını, Cavabdeh2 isə məhkəmə iclasında verdiyi izahatında göstərilən yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən deyil, satdığı Cavabdeh1 tərəfindən idarə edildiyini, buna görə də onun həmin hadisə ilə hər hansı əlaqəsinin olmadığını göstərməklə, iddia tələbinin özünə qarşı olan hissəsini mübahisələndirmişlər. Məhkəmə göstərilənlərə əsasən iş üzrə yol-nəqliyyat hadisəsi nəticəsində “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı hissələrinin zədələnməsini tam, hərtərəfli və obyektiv şəkildə müəyyən etmək məqsədilə sorğu etdiyi inzibati tənbeh vermə haqqında 22 aprel 2022-ci il tarixli, TP ******* nömrəli qərar üzrə Füzuli RPŞ-də toplanmış inzibati xəta haqqında materiala məhkəmə iclasında baxış keçirərkən həmin materialda göstərilən avtomobillə bağlı hər hansı zərər və ya qüsur aktının olmadığını, mövcud olan bütün sənədlərin isə surətlərinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edildiyini müəyyən etmişdir. Məhkəmə məhkəmə-əmtəşşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4752 nömrəli rəyi əsasında müəyyən etmişdir ki, 27 aprel 2022-ci il tarixli, 145684 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” üzrə “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli olan hissələrinin qiyməti cəmi 16845 manat olsa da, avtomobilin istehsal ilinin bir qayda olaraq, ilin əvvəlindən hesablanması ilə əlaqədar 2020-ci il buraxılışlı həmin avtomobilin istehsal tarixindən iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi 22 aprel 2022-ci il tarixədək 2 ildən bir neçə ay müddətin keçməsi nəzərə alınaraq, köhnəlmə faizi tətbiq edilməli olduğuna görə cəmi 15524 manat, görülməli olan təmir-bərpa işlərinin qiyməti isə cəmi 3405 manat olmaqla, həmin avtomobilin təmir-bərpa xərcləri cəmi 18929 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 nümayəndəsinin 27 aprel 2022-ci il tarixli, 145684 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” üzrə müəyyən edilmiş işin hallarını yuxarıda göstərilən məzmunda mübahisələndirməsi məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsi, sonuncunun iş üzrə tərtib etdiyi arayış, iddiaçının nümayəndəsinin iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə çəkilmiş, məhkəməyə bir ədəd diskdə göndərdiyi fotoşəkillər və məhkəməəmtəşşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4752 nömrəli rəyi ilə tam təkzib edilir. Buna görə də Cavabdeh1 nümayəndəsinin iddia tələbinə dair yuxarıda göstərilən məzmunda verdiyi etiraz əsassızdır. Məhkəmə bu barədə nəticəyə gələrkən Cavabdeh1 nümayəndəsinin Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə uyğun olaraq, iddia tələbinə dair verdiyi etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyini də nəzərə alır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə yuxarıda göstərilən məzmunda müəyyən etdiyi işin faktiki hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir edir ki, Füzuli RPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 aprel 2022-ci il tarixli, TP ******* nömrəli qərara əsasən 22 aprel 2022-ci il tarixdə saat 11:30-da Füzuli rayonu, Kənd Horadiz-Güzdək yolunda Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasından ibarət olan inzibati xətanın Cavabdeh1 təqsirindən baş verməsi müəyyən edildiyinə, bu səbəbdən sonuncu Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğuna, həmin qərar hazırda qüvvədə olduğuna və bu hal iddiaçı tərəfindən tam sığortalanmış “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 20250 manat məbləğində sığorta ödənişinin verilməsi ilə nəticələndiyinə, lakin məhkəməəmtəşşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4752 nömrəli rəyi əsasında həmin avtomobilin təmir-bərpa xərclərinin cəmi 18929 manat təşkil etdiyi müəyyən edildiyinə, Cavabdeh1 idarə etdiyi avtomobilin icbari sığortaçısı olmuş sığorta şirkəti tərəfindən iddiaçının hesabına 5000 manat məbləğində pul köçürüldüyünə, beləliklə də, baş vermiş həmin sığorta hadisəsi ilə Cavabdeh1 törətdiyi təqsirli hərəkəti arasında səbəbli əlaqə olduğuna görə iddiaçının həmin hadisəyə görə “X6 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan zərərçəkmiş şəxsə sığorta ödənişi kimi ödədiyi 20250 manat məbləğində pulun 15250 manat deyil, 13929 manat hissəsini Cavabdeh1 subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia Cavabdeh1 aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh2 iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobilin idarə edilməsi zamanı iddiaçının subroqasiya hüququnun yaranması ilə nəticələnən yol-nəqliyyat hadisəsindən ibarət inzibati xəta Cavabdeh2 deyil, Cavabdeh1 tərəfindən törədilmiş təqsirli hərəkət səbəbindən baş verdiyinə, Cavabdeh2 həmin hadisə ilə hər hansı əlaqəsi olmadığına, sonuncunun Cavabdeh1 həmin avtomobili idarə etmək hüququnu etibar etməsi ilə sonuncunun göstərilən hüquqa zidd əməli arasında səbəbli əlaqə olmadığına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində yüksək təhlükə mənbəyinə görə zərərin əvəzinin ödənilməsi vəzifəsi müəyyən edilərkən nəqliyyat vasitəsinin mülkiyyətçisi ilə, ona idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən şəxs ifadələri arasında “və ya” bağlayıcısı işlədildiyinə görə Cavabdeh2 iddiaçı qarşısında mülki hüquq pozuntusu ilə bağlı hər hansı məsuliyyəti yaranmamışdır. Nəticədə iddiaçının Cavabdeh2 münasibətdə subroqasiya hüququ yoxdur. Buna görə də iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən Cavabdeh2 və Cavabdeh1 nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatları əsasında 29 yanvar 2022-ci il tarixdə Cavabdeh2 “VAZ 21053” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 faktiki olaraq satmasının müəyyən edildiyini də nəzərə alır. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan: - 13 fevral 2023-cü il tarixli mədaxil qəbzi əsasında iddiaçının iş üzrə dövlət rüsumu ilə əlaqədar cəmi 136,15 manat məbləğində pul ödədiyini, - məhkəmə-əmtəşşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4752 nömrəli rəyinə əlavə edilmiş bildirişə əsasən həmin rəy üzrə ekspertə verilməli olan məbləğin 100,00 manat olduğunu müəyyən etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia yalnız Cavabdeh1 aid hissədə qismən, yəni 13929,00 manat məbləğində təmin edilməli olduğuna görə sonuncudan: - işə baxılması ilə əlaqədar iddiaçının dövlət rüsumuna görə ödədiyi 136,15 manat məbləğində pulun iddianın qismən təmin edilən hissəsinə mütənasib olan 131,79 manatı alınıb iddiaçıya, - məhkəmə-əmtəşşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4752 nömrəli rəyi üzrə ekspertə verilməli olan məbləğə görə 100,00 manat məbləğində pul alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia Cavabdeh1 aid hissədə qismən təmin edilsin. Cavabdeh1 ödənilmiş sığorta ödənişə görə 13929 manat və dövlət rüsumuna görə 131,79 manat olmaqla, cəmi 14060,79 manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Məhkəmə-əmtəşşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4752 nömrəli rəyi üzrə ekspertə verilməli olan məbləğə görə Cavabdeh1 100,00 manat məbləğində pul alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-704/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-704/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver