Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-791/2023 08.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 350 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 380,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Mitsubishi Canter” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 noyabr 2021-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən 19 noyabr 2022-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. 30 oktyabr 2022-ci il tarixdə cavabdehin idarə etdiyi həmin avtomobil Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ərazisində “Toyota Prado” markalı, **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdehin nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı həmin hadisə zamanı “Toyota Prado” markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi X1 vurulmuş maddi ziyana görə 12 dekabr 2022-ci il tarixdə 350 manat məbləğində pul ödəmişdir. Göstərdiklərinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməməsi səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəməyə göndərdiyi 26 aprel 2023-cü il tarixli ərizəsində iddia ərizəsinə etiraz etdiyini göstərmişdir. Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların göstərilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - “Mitsubishi Canter” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 02 noyabr 2021-ci il tarixli müqavilə əsasında 19 noyabr 2022-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (Həmin müqavilənin surətinə əsasən). - Cavabdeh 30 oktyabr 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsinə idarə etdiyi “Mitsubishi Canter” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Toyota Prado” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasından sonra həmin avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən edildiyinə görə 01 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb edilmişdir (Həmin qərarın surətinə əsasən). - Göstərilən inzibati xəta nəticəsində “Toyota Prado” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc 350 manat məbləğində olmuşdur (iddiaçı tərəfindən tərtib edilmiş 07 noyabr 2022-ci il tarixli AKTın surətinə əsasən). - İddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün 12 dekabr 2022-ci il tarixdə “Toyota Prado” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 350 manat məbləğində pul ödəmişdir (sığorta ödənişi barədə A-PAG-1575/22 nömrəli akta əsasən). Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh Yasmal DYPŞ tərəfindən tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini idarə etdiyi “Mitsubishi Canter” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Toyota Prado” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı həmin avtomobili etibarnamə olmadan idarə etməklə törətmişdir. Beləliklə də, baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş X1 ödədiyi 350 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 350 manat və dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 380,40 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-791/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-791/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver