Məhkəmə qərarları › İş №2(064)-84/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-84/2023

12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-84/2023 12.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ikidə bir hissəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə tikdiyi Füzuli rayonu, Yağlıvənd kəndində cavabdehin adına olan torpaq sahəsinin üzərində birgə tikdiyi evə xərclənmiş 60.000 manat pulun yarısı olan 30.000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci ildə nikahların rəsmi qaydada rəsmiləşdirməklə ailə qurmuşlar. Əvvəlcə onlar cavabdehin atası Mətləb Hacıyevə məxsus evdə yaşamışlar. O, müəllimə olmaqla aylıq əmək haqqı almışdır. Aylıq əmək haqqından əlavə repititorluq edərək qazanc əldə etmişdir. O, aylıq məvaciblə birlikdə kifayət qədər qazanc əldə etmişdir. Onlar bir müddət cavabdehin atasının evində yaşasalar da sonradan özlərində ev tikmək qərarına gəlmişlər. Həmin vaxt cavabdeh yük maşını sürürdü və onların ev tikmək üçün kifayət qədər qazancı mövcud idi. Ona görə də, qərara gəlmişlər ki, bələdiyyədən Cavabdeh adına satılmış torpaq sahəsində birgə ev tiksinlər. Onlar pul yığıb təxminən 2013-cü ildə evi tikib bitirmişlər. Ayrılan günə kimi həmin evdə cavabdeh və uşaqları birgə yaşamışlar. Evin hər bir şəraiti və əşyaları mövcuddur. Təxminən evə 50.000-70.000 manat arası pul xərcləmişlər. Həmin evə xərclənən pul onların birgə nikah dövründə birgə büdcələrindən xərclənmişdir. Hesab edir ki, həmin evin dəyərinin yarısı cavabdehdən alınıb ona verilməlidir. Göründüyü kimi həmin əmlak nikah dövründə birgə qazanc hesabına tikilmiş, onlar ayrıldıqdan sonra isə cavabdehin istifadəsində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki ev onun və sabiq əri Cavabdeh birgə qazancı hesabına tikilmişdir. Cavabdeh atası həmin evin tikintisinə heç bir vəsait xərcləməmişdir. İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə birgə yaşadıqları Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki ev onun atası Mətləbin vəsaiti hesabına tikilmişdir. Onun və İddiaçı həmin evin tikintisinə heç bir vəsaiti xərclənməmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. Cavabdeh vəkili Vəkil2 cavabdehlə oxşar məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı sayılaraq qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 06 iyun 2007-ci il tarixində 27 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuşlar 2010-cu il təvəllüdlü Vüqar və 2011-ci il təvəllüdlü İsmayıl ataları Cavabdeh yanında qalmışlar. Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2019-cu il tarixli rəyində və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə uyğun olaraq, hər iki valideynin yaşadıqları evə baxış keçirilmiş, onların həyat şəraiti müayinə olunmuş, müvafiq qaydada akt tərtib olunmuşdur. Müayinə zamanı müəyyən olunmuşdur ki, hazırda Cavabdeh Aşağı Yağlıvənd kəndində yerləşən özünə məxsus kürsülü 4 otaq 1 mətbəxdən ibarət olan fərdi yaşayış evində yaşayır. Mənzillərdə yaşamaq üçün normal şərait mövcuddur. Füzuli rayon Təhsil şöbəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 22 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı 2007-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Füzuli rayonu, Araz Yağlıvənd kənd tam orta məktəbində müəllim işlədiyi dövrdə əmək haqqı və xəstəlik vərəqəsinə görə müavinət almışdır. 2007-ci il üzrə 1.554 manat, 2008-ci il üzrə 1.401 manat, 2009-cu il üzrə 1.898 manat, 2010-cu il üzrə 1.813 manat, 2011-ci il üzrə 2.398 manat, 2012-ci il üzrə 4.507 manat, 2013-cü il üzrə 2.465 manat, 2014-cü il üzrə 2.841 manat, 2015-ci il üzrə 3.031 manat, 2016-cı il üzrə 4.109 manat, 2017-ci il üzrə 3.515, 33 manat, 2018-ci il üzrə 5.191,07 manat, 2019-cu il üzrə 8.000,6 manat olmaqla cəmi 42.724 manat təşkil etmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh yaşadıqları fərdi yaşayış evi Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini şəxsən X1 və onun ailə üzvləri tərəfindən 2013-cü ilin iyun ayında tikintisi başlamış və həmin ilin sentyabr ayında başa çatmışdır. Həmin evin tikildiyi torpaq sahəsi bələdiyyənin 2003-cü il tarixli qərarı ilə Cavabdeh ayrılmışdır. Füzuli rayonu Aşağı Yağlıvənd bələdiyyəsinin 5 mart 2003-cü il tarixli 02 saylı iclas protokolundan çıxarışdan görünür ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini Cavabdeh kəndin gələcək inkişafı üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar sahəsi ayrılmışdır. Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin üzvləri və kənd sakinlərinin tərtib etdikləri 22 fevral 2003-cü il tarixli aktda qeyd edilmişdir ki, komissiya üzvləri Cavabdeh ərizəsini nəzərə alıb onun yaşadığı ünvana getmiş və baxış keçirmişdir. Hacıyev Mətləbin ailəsinin himayəsində yaşayır, komissiya belə qərara gəlmişdir ki, Cavabdeh atası ilə bir həyətdə yaşamaqları məqsədəuyğun deyil, ona görə ki, atasına verilən həyətyanı torpaq sahəsi normadan azdır. Buna görə də, komissiya qərara alıb ki, Cavabdeh bələdiyyə mülkiyyətindən olan inkişaf sahəsində qanunla müəyyən olunmuş normada 0.12 hektar həyətyanı torpaq sahəsinin verilməsini məqsədəuyğun sayır. Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən 29 avqust 2022-ci il tarixli, 12 saylı arayışında qeyd edilmişdir ki, Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 5 mart 2003-cü il tarixli 02 saylı qərarı ilə Cavabdeh verilən 0,12 ha torpaq sahəsində heç bir tikinti işi aparılmamışdır. Füzuli rayon İHB-nin Kərimbəyli kənd İƏD üzrə nümayəndəsi Z.İmanov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 187 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı 2007-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşlar. Həmin tarixdən 2013-cü ilə kimi X2 ilə bir yerdə yaşamışlar. 2013-cü ildə Füzuli rayon Aşağı Yaşlıvənd bələdiyyəsi tərəfindən X1 oğlu Cavabdeh adına olan torpaqda tikilmiş evdə 2019-cu ilin iyulun 23-ə kimi həmin tikilmiş evdə övladları ilə birgə yaşamışlar. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli, 10/8387 saylı ekspert rəyində qeyd edilmişdir ki, aparılmış hesablamalar nəticəsində Füzuli rayonu, Aşağı Yaşlıvənd kəndində yerləşən fərdi yaşayış evinin tikintisi və təmir işləri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 35.514 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı 2007-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuş və 2013-cü ilə kimi Cavabdeh atası X2 ilə birgə sonuncunun Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki evində yaşamışlar. 2003-cü ildə Füzuli rayon Aşağı Yaşlıvənd bələdiyyəsi tərəfindən Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin ərazisində torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 2013-cü ilin iyun-sentyabr aylarında fərdi yaşayış evi tikilərək başa çatdırılmışdır. Tərəflər 2013- 2019-cu illərdə həmin evdə yaşamaqla birgə təsərrüfat aparmışlar. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki ev 2013-cü ildə onun və sabiq əri Cavabdeh birgə qazancı hesabına tikilmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirmişdir ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki ev onun atası Mətləbin vəsaiti hesabına tikilmişdir. Onun və İddiaçı həmin evin tikintisinə heç bir vəsaiti xərclənməmişdir. Lakin məhkəmə cavabdehin mülahizələrini inandırıcı və səmimi hesab etməyərək bildirir ki, mübahisəli fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin ayrılmasına dair Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 5 mart 2003-cü il tarixli qərarının məhz Cavabdeh adına verilməsi, İddiaçı 2007-2019-cu illər ərzində cəmi 42.724 manat qazanc əldə etməsi, eləcə də Füzuli rayon İHB-nin Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 saylı məktub (İddiaçı və Cavabdeh yaşadıqları fərdi yaşayış evi Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini şəxsən X1 və onun ailə üzvləri tərəfindən 2013-cü ilin iyun ayında tikintisi başlamış və həmin ilin sentyabr ayında başa çatmışdır. Həmin evin tikildiyi torpaq sahəsi bələdiyyənin 2003-cü il tarixli qərarı ilə Cavabdeh ayrılmışdır), eləcə də Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2019-cu il tarixli rəyində və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd olunanlar (Müayinə zamanı müəyyən olunmuşdur ki, hazırda Cavabdeh Aşağı Yağlıvənd kəndində yerləşən özünə məxsus kürsülü 4 otaq 1 mətbəxdən ibarət olan fərdi yaşayış evində yaşayır. Mənzillərdə yaşamaq üçün normal şərait mövcuddur) onu deməyə əsas verir ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evi tərəflərin birgə vəsaiti hesabına inşa olunmuşdur. İddiaçı bu evin tikintisinə 60.000 manat xərcləndiyini iddia etsə də bu halı sübuta yetirə bilməmişdir. İş üzrə tədqiq edilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli, 10/8387 saylı ekspert rəyində qeyd edilmişdir ki, aparılmış hesablamalar nəticəsində Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evinin tikintisi və təmir işləri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 35.514 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə bu məbləğin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsində qeyd edilir ki, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Tərəflər 50 manat ekspertiza xərcinin onlar arasında bölüşdürülməsi barədə razılığa gəldikləri üçün məhkəmə hər tərəfdən 25 manat pulun tutularaq MEM-in hesabına ödənilməsini əsaslı hesab edir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə birgə nikah dövründə əldə edilmiş vəsaitə görə 17.757 manat tutulsun. İş üzrə ekspertə ödənilməli olan 50 manat pulun 25 manatı Cavabdeh, qalan 25 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar