Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-86/2025 18.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkdən istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkdən istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin İddiaçının mülkiyyətində olan Füzuli rayonu, Babı kəndində yerləşən evdən istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Babı kəndində yerləşən mübahisəli mənzil AR ƏMDKYDƏDRX tərəfindən verilmiş çıxarış əsasında İddiaçının mülkiyyətindədir və ona məxsusdur. Cavabdehlər hazırda Bakı şəhərində yaşayırlar, lakin mütəmadi olaraq İddiaçıya məxsus olan mülkə icazəsiz daxil olurlar və İddiaçıya maddi ziyan vururlar. Bu barədə dəfələrlə “102” xidmətinə müraciət olunsa da, məhkəmə qətnaməsi olmadığına görə polis əməkdaşları heç bir köməklik göstərə bilmirlər. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə Məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən və mülki olan 22 sot torpaq sahəsində tikilən fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə onlar tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini şifahi olaraq belə əsaslandırmışdır ki, ərizə özü tərəfindən yazılmışdır. Hüquqşünas olmadığı üçün iddia tələbinin məzmununda yalnışlığa yol vermiş və bu hal vəkillə məsləhətləşdikdən sonra müəyyən edildiyindən sözügedən ərizəni məhkəmə baxışı zamanı təqdim etmişdir. Göstərilən hal üzürlü hesab edildiyi üçün dəqiqləşmə ərizəsi prosessual qənaət prinsipi əsas götürülərək Məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 onun qardaşının keçmiş arvadıdır. Sözügedən mübahisəli mənzil sonradan miras yolu ilə İddiaçıya qalıb. Cavabdehlər müvəqqəti olaraq orada yaşayıblar, 10 ildən çoxdur ki, o evdə yaşamırlar, hazırda isə Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayırlar. Lakin qeyri-qanuni olaraq sözügedən evin qıfılını və giriş qapısını qıraraq evə daxil olaraq evin əşyalarından qanunsuz istifadə edirlər. Həmçinin İddiaçı tərəfindən quraşdırılmış görüntüləri qeydə alan kamera da Cavabdeh1 tərəfindən sındırılmışdır. Bu barədə dəfələrlə polis orqanına müraciət edilsə də, evdən müvafiq məhkəmə qətnaməsi olmadığından heç bir köməklik göstərə bilməyiblər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa və İddiaçının dediklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o və övladları vaxtaşırı sözügedən fərdi yaşayış evinə gəlir. İddiaçı onun keçmiş ərinin bacısıdır. Həmin evin tikilməyində, təmir olunmasında onun da əziyyəti olub. Bütün kənd camaatı buna şahiddir. Lakin hazırda İddiaçı və onun ailəsi evdən istifadəyə imkan vermirlər. Evə onlar tərəfindən ziyan vurulmasını iddia etsələr də, bu yalandır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 dedikləri ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: - İ-ЖГ seriyalı, 291424 nömrəli 14 iyun 1980-ci il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X5 (İddiaçının atası) 13 iyun 1980-ci il tarixdə ölmüşdür. - AZ-İ seriyalı, 202192 nömrəli 07 sentyabr 2006-cı il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X8 (İddiaçının anası) 19 iyun 2005-ci il tarixdə ölmüşdür. - AR İN ƏMDXDƏDKRPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış), tikintinin planı (M1:100) və AR İN ƏMDXDƏDKRPHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 4/1217 inventar nömrəli, 24 mart 2023-cü il tarixli texniki pasport əsasında müəyyən olunur ki, Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş 24 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 vərəsəsidir və o, miras əmlakdan (Füzuli rayonu, Babı kəndində mülkiyyətdə olan 0,2045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kvm olan fərdi yaşayış evinin mərhum X7 məxsus ümumi birgə hissəsindən) tam hissədə pay almalıdır. - Füzuli Rayon Məhkəməsinin 2(064)-265/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, X1 (İddiaçının qardaşı) ilə Cavabdeh1 arasında 07 nömrə ilə qeydə alınmış xx.xx.1999-cu il tarixli nikah aktının ləğv olunması qət edilmişdir. - Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir və qətnamə onunla əsaslandırılmıışdır ki, cavabdehlər qeyd olunan evdə yaşamadıqlarından onların həmin evdən çıxarılmaları da absurddur və onların İddiaçının evindən istifadəsinə hansı maneələr yaratması da anlaşılan deyil. - Yaşayış yeri üzrə qeydiyyat haqqında 38/8537 saylı arayış əsasında müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1999-cu ildən, Cavabdeh2 xx.xx.2014-cü ildən, Cavabdeh4 xx.xx.2015-ci il tarixdən və Cavabdeh3 xx.xx.2015-ci il tarixdən Füzuli rayonu, Babı kəndində daimi qeydiyyatdadırlar. - AR FR İHB Arayatılı Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, Füzuli rayonu Babı kəndində yerləşən mərhumə X7 məxsus olmuş fərdi yaşayış evi İ Qarabağ müharibəsi zamanı erməni işqalçıları tərəfindən yandırılmış, 1998-ci ildə X2 Cəmiyyəti tərəfindən qismən bərpa olunmuş, X8 2005-ci ildə vəfat etdikdən sonra həmin ev vərəsəliklə onun qızı Qasımova (Abbasova) Telli Dədəkişi qızının adına keçmiş, 2020-ci ildə Vətən müharibəsi zamanı Babı kəndinə düşmüş raket nəticəsində həmin evə də ziyan dəymiş və 2021-ci ildə ev dövlət hesabına tam bərpa olunaraq vətəndaşa təhvil verilmişdir. - CD diskdə qeydə alınmış videogörüntüyə baxış keçirilən zaman quraşdırılmış görüntüləri qeydə alan kameranın Cavabdeh1 tərəfindən sındırılması müəyyən edilir. - fotoşəkillərə baxış keçerilən zaman qıfılın və qapının zədəli olduğu müəyyən olunur. Məhkəmə hazırki mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıda qeyd olunanlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən hüquqi aktları rəhbər tutaraq, tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, dəqiqləşdirmə ərizəsi nəzərə alınmaqla iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi – mübahisəli mənzil hazırda İddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin Məhkəmə müəyyən edir ki, mübahisəli mənzil İddiaçının anası mərhum X4 mülkiyyətində olmuş, xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra İddiaçı mərhum X4 vərəsəsi təyin olunaraq ona miras əmlak kimi mübahisəli mənzildən tam hissədə pay təyin olunmuşdur. Qeyd olunanlar iş materiallarına əlavə edilmiş 24 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, AR İN ƏMDXDƏDKRPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, tikintinin planı (M1:100) və AR İN ƏMDXDƏDKRPHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 4/1217 inventar nömrəli, 24 mart 2023-cü il tarixli texniki pasport əsasında öz təsdiqini tapır. Mülki iş materiallarından müəyyən olunur ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüququ heç bir hüquq müəyyənedici sənədlə təsdiq olunmur. Həmçinin cavabdehlər özləri də məhkəmə iclası zamanı verdikləri ifadələrində, o cümlədən Cavabdeh4 məhkəmə iclası zamanı verdiyi ifadəsində bacısı Cavabdeh2 da vaxtaşırı sözügedən mənzilə mülkiyyətçinin razılığı olmadan gəldiklərini etiraf etmişlər. Bundan başqa, CD diskdə qeydə alınmış videogörüntüyə baxış keçirilən zaman mübahisəli fərdi yaşayış evində quraşdırılmış kameranın Cavabdeh1 tərəfindən sındırılaraq mülkiyyətçinin mülkiyyət hüququnun pozulması bir daha müəyyən edilir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-86/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-86/2025
18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver