Məhkəmə qərarları › İş №2(064)-99/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-99/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-99/2024 17.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 xx.xx.2016-cı il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində doğulması ilə bağlı doğum qeydinin bərpa edilməsi və doğum haqqında şəhadərnaməsində adı, soyadı və ata adı X3, həmin şəhadətnamənin ata qrafasında X5 oglu, ana qrafasında Ərizəçi yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X2 ilə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Sonradan münasibətləri pisləşib və onlar ayrılmışlar. Onunla qeyri-rəsmi evliliyindən 08 mart 2016-cı il tarixdə Fidan adlı uşağı anadan olmuşdur. Həmin vaxt nikah olmadığından o, doğum haqqında şəhadətnaməni götürə bilməmişdir. Doğum haqqında şəhadətnaməni almaq üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, oradan imtina cavabı gəlib. İndi bu sənədin olmaması ona müəyyən çətinliklər yaradır. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi həmçinin bildirdi ki, onun qızı Fidan xəstəxanada doğulmuşdur və ilkin sənədləri qaydasında olmadığından ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinin nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Füzuli rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, uşağın doğumunu təsdiq edən tibb müəssisəsi tərəfindən verilən tibbi şəhadətnamə doğumu həyata keçirən tibb müəssisəsindən əldə olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkünsüz olmuşdur. Göründüyü kimi, xx.xx.2016-cı il təvəllüdlü Fidanın doğumu əvvəllər qeydə alınmamışdır. Belə olan halda, onun doğumunun qeydə alınması faktı müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, doğumun qeydə alınması faktı o zaman müəyyən oluna bilər ki, şəxsin doğumu əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. Odur ki, məhkəmə ərizəni rədd etmək məcburiyyətində qalır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 3339, 340 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar