Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1140/2023 10.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 və onun vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə və evdən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə və evdən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 özünün xüsusi mülkiyyətində olan Göygöl rayonu Toğanalı kəndində yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə İddiaçı tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə və evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Sonradan ona məlum olmuşdur ki, iddia ərizəsində cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə və evdən çıxarılmasını tələb etsə də, ərizənin xahiş edirəm hissəsində cavabdehlərin ancaq evdən istifadə hüquqlarının itirilməsinin hesab edilməsi göstərilmişdir. Odur ki, iddia ərizəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Göygöl rayonu Toğanalı kəndində yerləşən mülkiyyətində olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların iddiaçıya məxsus mənzildən çıxarılmaları hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Toğana kəndində yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə ona Seriya RX 1298037, ********** qeydiyyat nömrəsi ilə reyestr kitabında qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, X9 iddiaçının nəvəsidir. O, ailə üzvləri ilə birlikdə onun evinə müvvəqəti qeydiyyata düşməyi və yaşamağı ondan xahiş etmişdir. Lakin sonralar, evi oğlu Qurbanın adına rəsmiləşdirmək istəyəndə qanunvericiliyin tələbinə görə notariusda razılıq ərizəsi verməyə onlar imtina etmişlər. Onun evində hal-hazırda yaşayan və qeydiyyatda olan cavabdehlərin həmin evə heç bir hüququ yoxdur. Verdiyev Bəhruz 2022-ci ildə cinayət etdiyinə görə həbs edilmiş və hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Göygöl Rayon Məhkəməsinin 2(066)-147/2023 saylı, 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 Göygöl rayonu Toğanalı kəndində yerləşən özünün mülkiyyətində olan evdən istifadə etmək hüququ itirilmiş hesab edilmişdir. Bildirir ki, hazırki iş üzrə Cavabdeh1 yuxarıda qeyd olunan qətnamə üzrə cavabdeh X4 həyat yoldaşıdır və digərləri isə onların uşaqlarıdır. Göründüyü kimi ailə başçısı olan X9 mübahisəli evə istifadə hüququnu itirmişdir. Belə olan halda onun ailə üzvləri də həmin evə istifadə hüquqlarını itirilmiş hesab olunmalıdır. Həmçinin cavabdehlərin iddiaçı ilə yaxın qohumluq əlaqəsi yoxdur. Cavabdehlərin qeydiyyatda olması iddiaçının xüsusi mülkiyyət hüququnu məhdudlaşdırmaqla, əmlakından istədiyi kimi istifadə etməyə imkan verməməklə yanaşı, onu əlavə kommunal xərclər də ödəmək məcburiyyətində qoyur. O, cavabdehlərə evdən çıxmalarını təklif etsə də, onlar heç bir səbəb göstərmədən evdən qeydiyyatdan çıxmaqdan imtina etmişlər. Odur ki, məcburən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 verdiyi izahatında iddianı müdafiə etdiyini, Cavabdeh1 2007-ci ildə toyları olandan sonra iddiaçıya məxsus evdə yaşamalarını, cavabdehin həmin evə gəlin gələndən sonra həmişə evdə mübahisələr yaranmasını, həmçinin cavabdehlərin iddiaçının ailə üzvü olmamasını bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməməsini, özünün mübahisəli mənzilə gəlin köçməsini və gəlin köçəndən sonra həmin evə pasport qeydiyyatına da düşməsini, qeyd olunan evdə 3 uşağı ilə birlikdə yaşamasını, əgər sözügedən evdən çıxarsa başqa yerdə yaşamağa evinin olmamasını bildirdi və ona görə də iddianın əsassız olmasına görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X14 izahatında iddianı qəbul etməməsini, belə ki, Cavabdeh1 uşaqları ilə birlikdə mübahisəli evdə qeydiyyatda olmalarını, bu səbəbdən də Cavabdeh1 ancaq kompensasiya ödənilməklə evdən çıxa biləcəyinin mümkün olmasını qeyd etdi və odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonunun Toğana kəndində 0.09 ha torpaq sahəsində yerləşən 90 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Toğanalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 iyun 2023-cü il tarixdə İddiaçı verilmiş arayışdan görünür ki, həqiqətən İddiaçı Göygöl rayonu Toğanalı kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi həyat yoldaşı X3, oğlu X5, gəlini X11 və nəvəsi X2r. Qeyri ailə üzvləri (yaxın qohumları) X8, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. İşdə olan Göygöl Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi üzrə cavabdeh X4 Göygöl rayonu Toğanalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdən istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1937-ci ildə doğulmuşdur. AZE seriyalı, 14085835 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1964-cü ildə doğulmuş və Göygöl rayonu Toğanalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, Göygöl rayonu Toğanalı kəndində 0.09 ha torpaq sahəsində yerləşən 90 kvmdən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir. Göygöl Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddia ərizəsi üzrə cavabdeh X4 Göygöl rayonu Toğanalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdən istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. Hazırki iş üzrə cavabdehlər isə X4 ailə üzvləridir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı bundan əvvəlki iddia tələbində cavabdeh X4 və onun həyat yoldaşı Cavabdeh1 azyaşlı uşaqları Nayma, Zülfiyyə və Elnurla birlikdə Göygöl rayonunun Toğanalı kəndində yerləşən mülkiyyətində olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etsə də, iddiada cavabdeh qismində ancaq X6 göstərdiyinə görə iddia cavabdeh X4 həyat yoldaşı Cavabdeh1 və azyaşlı uşaqlarına aid hissədə təmin edilməməsi barədə 2(066)-147/2023 saylı, 14 aprel 2023-cü il tarixli qətnamə çıxarılmışdır. Bu səbəbdən də İddiaçı yenidən iddia qaldıraraq özünə məxsus mənzildən Bəhruz Verdiyevin ailə üzvlərinin də, yəni hazırki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərin formal olaraq mübahisəli evdə qeydiyyatda qalmaları mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmasına görə məhkəmə hesab edir ki, Göygöl rayonunun Toğana kəndində 0.09 ha torpaq sahəsində yerləşən 90 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir və onun mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Göygöl rayonu Toğanalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdən istifadə hüquqları itirilmiş hesab edilməli və cavabdehlər mülkiyyətçi İddiaçı mülkiyyətində olan evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Göygöl rayonu Toğanalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdən istifadə hüquqları itirilmiş hesab edilsin və cavabdehlər İddiaçı məxsus evdən çıxarılsınlar. Bu qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evə olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1140/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1140/2023
10.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver