Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1418/2023 21.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı Şəmil oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şəmil oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «X1 qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şəmil oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «X1 qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib olunmuş 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış 288,03 AZN cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda qeyd etdiyi fərdi yaşayış evi onun rəhmətlik atası X4 mülkiyyətindədir. Həmin evdə atası rəhmətə getdikdən sonra o, arabir həmin evə gedirdi. 25 iyun 2023-cü il tarixdə "Azərişıq” ASC-nin Göygöl filialının nəzarətçi-mühəndisi X5 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona demişdir ki, "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2023-cü il tarixdə atasına məxsus evdə işıq sayğacı dəyişdirilmiş və ona cərimə yazılmışdır. Bununla bağlı o, "xxxx" ASC-nin X14 Təchizatı və Satışı İdarəsinə getmişdir. Orada ona bildirmişlər ki, "Sizin işıq sayğacınız dəyişdiriləndə bilinib ki, sayğaca müdaxilə etmisiz, ona görə də 288,03 AZN cərimə yazılmış və sayğac ekspertizaya göndərilmişdir". O, etirazını bildirmiş və ona araşdırmanın yenidən başlanması üçün ərizə yazılmasını demişlər, o, da eynəyi üzərində olmadığından ərizəni idarənin əməkdaşı yazmış və onun özü də imzalamışdır. Bildirir ki, "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsinin əməkdaşları qanunsuz olaraq atasının yaşayış evinin həyətinə daxil olmuşlar, onun iştirakı olmadan 377749 nömrəli protokol tərtib etmişlər. Protokolda qeyd edilmişdir ki, "Sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunub. Üst qapaq aralanır. Sayğac işləyir. İstismara yararsızdır". İddiaçı "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsindən dəfələrlə sayğacın dəyişdirilməsi ilə bağlı tərtib olunmuş protokolu və digər sənədləri istəsə də, ona heç bir cavab verilməmişdir. 21 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsindən atasının adına ünvanlanmış məktub təqdim olunmuş, 22 sentyabr 2023-cü il tarixdə isə tərtib olunmuş protokolun kserosurəti təqdim olunmuşdur. "Azərişıq” ASC X14 Təchizatı və Satışı İdarəsinin 01-49/033/248 saylı xx.xx.2023-cü il tarixli məktubunda özlərinə sərf edəcək qaydada riyazi düstur qurub, atasının adına 288,03 AZN cərimə borcu hesablanaraq, istifadə etdiyi Göygöl rayonunun, Dozular kəndində yerləşən atasının adına olan fərdi yaşayış evinin istifadəsində olan **********4 abunə kodlu üzrə sayğacın üzərinə hesablanmışdır. O, iddiaçı olaraq ona görə məhkəmədə bugün iddia ilə çıxış edir ki, yuxarıda qeyd edilən fərdi yaşayış evi onun atasının xüsusi mülkiyyətindədir. O, 10 iyul 2023-cü il tarixdən mərhum atasının adına olan borcun əsassız olduğuna görə qəbul etmir. Belə ki, "Azərişıq” ASC X14 Təchizatı və Satışı İdarəsinin əməkdaşları atasının xüsusi mülkiyyətində olan evə icazəsiz girmələri, onun iştirakı olmadan sayğacın dəyişdirilməsi qanuna zidd olduğuna görə bu günə olan atasının adında olan sayğacın üzərindən həmin borc silinməlidir. Odur ki, iddianı müdafiə edir, və məhkəmə tərəfindən təmin olunmasını istəyir. Məhkəmə iclasında İddiaçı Şəmil oğlu iddianı müdafiə etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsinin əməkdaşları ona məxsus evin məhləsinə qanunsuz daxil olub onun iştirakı olmadan sayğacı sökmüşlər. Bundan sonra da akt və protokol tərtib etmişlər. Həmin evdə yaşayış olub. Odur ki, qanunsuz yazılmış cərimənin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçının evinə əməkdaşlar tərəfindən girilməmişdir. Sayğac dəyişilmişdir. Əməkdaşlar iddiaçını axtarsalar da tapmamışlar. Həmin sayğac laboratoriyaya göndərilib və protokol tərtib edilmişdir. Sonra sayğaca dəymiş ziyana görə cərimə tətbiq edilmişdir. Sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunub. Axırıncı dəfə iddiaçı sentyabr ayında ödəniş etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin “Qərb” RETSİ-nin 10 iyul 2023-cü il tarixli X6 ünvanlanmış məktubdan görünür ki, onun xx.xx.2023-cü il tarixli ərizəsi aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə mənzilə quraşdırılmış elektrik sayğacı laboratoriyanın əməkdaşı tərəfindən 377749 saylı protokolla dəyişdirilmişdir. Köhnə sayğac sökülərək rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq, aşağıdakı 377749 saylı Rəy verilmişdir. “Sayğacın üst qapağnın ilgəklərinə müdaxilə olunub. Üst qapaq aralanır. Sayğac işləyir. İstismara yararsızdır.” Komissiyada akta baxılaraq, 1109kVt.s, dəyəri 144,17 manat itirilmiş enerji bərpa edilmişdir. Daha sonra, Aktların Uçotu və İcrasına Nəzarət şöbəsində akta yenidən baxılmış, artırılaraq 288,31 manat dəyərində hesablanmışdır. xx.xx.2023-cü il tarixə debitor borc 285,03 manat təşkil edir. Həmin məbləğin ödənilməsi tövsiyyə edilmişdir. X12 Cəmiyyətinin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 377749 saylı protokoldan görünür ki, sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunub. Üst qapaq aralıdır. Sayğac işləyir. İstismara yararsızdır. X12 Cəmiyyətinin Bildiriş xəbərdarlığından görünür ki, ödəniləcək məbləğ 288,07 manat təşkil edir. Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Şəmil oğluna 288.07 manat borc hesablanmışdır. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2023-cü il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent Şəmil Qocayevə 144.17 manat dəyərində borc yazılmışdır. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Dozular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 11 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayon Dozular kəndində yaşayır, daimi qeydiyyatdadır və mərhum atası X8 ilə ölən günədək birlikdə yaşamış və hal-hazırda da Dozular kəndində olan fərdi yaşayış evində daimi qeydiyyatdadır. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Dozular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 sentyabr 2011-ci ildə ölmüşdür. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şəmil oğlu xx.xx.1970-ci ildə doğulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şəmil oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «X1 qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC X14 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib olunmuş 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış 288,03 AZN cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatlarından və iş materiallarından da məlum olur ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış elektrik sayğacı laboratoriyanın əməkdaşı tərəfindən 377749 saylı protokolla dəyişdirilmişdir. Köhnə sayğac sökülərək rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq, sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunması, üst qapağının aralanması, sayğacın işləməməsi, istismara yararsız olması, komissiyada akta baxılaraq, 1109kVt.s, dəyəri 144,17 manat itirilmiş enerjinin bərpa edilməsi, daha sonra, Aktların Uçotu və İcrasına Nəzarət şöbəsində akta yenidən baxılması, məbləğin artırılaraq 288,31 manat dəyərində hesablanması və xx.xx.2023-cü il tarixə debitor borcun 285,03 manat təşkil etməsi barədə 377749 saylı Rəy verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.2-ci bəndinin tələbinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır (Qaydaların 8.15-ci bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Göründüyü kimi, tərəflər arasında mübahisə iddiaçının elektrik enerjisinin haqqını ödəməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı elektrik enerjisindən birbaşa istifadə olunması, yəni sayğaca kənar müdaxilə aşkarlanmış və bunun aktla rəsmiləşdirilərək iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması ilə bağlıdır. Həmçinin məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş, iddiaçının sayğaca müdaxilə etməsi və bunun nəticəsində sayğacın üst qapağının aralanması aşkar edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən X1 qaydalarının pozulması, yəni sayğaca müdaxilə edilməsi iş materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında X15 Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Şəmil oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «X1 qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1418/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1418/2023
21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver