Məhkəmə qərarları › İş №2(066)-1438/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1438/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1438/2023 21.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız yazılan borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız yazılan borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona yazılmış əsassız 518.40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada Cavabdehnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birgə Göygöl rayonu Aşıqlı kəndində yaşayır. Lakin Azəriqaz tərəfindən ona əsassız olaraq 518.40 manat məbləğində borc yazılmışdır. Borcun əsası kimi guya sayğacın mexanizmi işləməmiş və sərfiyyatı gündəlik hesablama nəticəsində əldə ediblər. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh eyni əsasla və eyni məbləğlə kəndin bəzi sakinlərinə də borc yazıb. Lakin saldoya baxılsa iddiaçı sərf etdiyi qazı hər ay müntəzəm olaraq ödəmişdir. Odur ki, yazılan 518.40 borcla qəti razı deyil və heç bir əsasın olmaması qənaətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək göstərdi ki, Aşıqlı kəndində yaşayır. Ona cavabdeh tərəfindən cərimə yazılmışdır. Həmin cərimə əsassız və qanunsuz yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilərək ona yazılan cərimənin onun hesabından silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 518,40 manat borcu yaranmışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın surətindən görünür ki, Cavabdeh” İB ilə Göygöl rayonu Aşıqlı kənd sakini İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli dəymiz ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G-4 markalı qazm sayğacın nömrəsi qaz sərfi 4m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (cəmi 4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan Azəriqaz İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, baxış keçirilən zaman İTRİ-nin MSK-29/1710-04874-1 nömrəli məktuba əsasən hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, itirilmiş qazın həcmi hesablanmasının və dəyərinin ödənişinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2010-cu il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Xanlar (indiki Göygöl) rayonunun Aşıqlı kəndində anadan olmuş və Göygöl rayonunun Aşıqlı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Göygöl rayonunun Aşıqlı kəndində yerləşən evinə cavabdeh "Azəriqaz" İB tərəfindən qaz sayğacı quraşdırılmış və istifadəsinə verilmişdir. İddiaçı həmin vaxtdan indiyə qədər təbii qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödənişləri vaxtlı vaxtında ödəmişdir. Guya"Azəriqaz" İB-nin əməkdaşları iddiaçının evinə quraşdırılmış sayğaca baxış keçirmişlər və sayğacın mexanizminin işləməməsini müəyyən edərək sərfiyyatı gündəlik əldə etmişlər. Halbuki iddiaçı ümumiyyətlə qaz sayğacına müdaxilə etməmiş va sayğacın hesablama mexanizminə dəyməmişdir. Bundan başqa da sayğacın saz vəziyyətdə olmasına nəzarət etmək qaz paylayıcının üzərinə düşür. Yəni vaxtlı-vaxtında istehsalçı sayğacın işlək vəziyyətə olub olmamasını yoxlamalı və baş verə biləcək hər hansısa hadisələrin qarşısını almalıdır. "Azəriqaz" İB-nin X2 İstismar İdarəsinin Göygöl XS-i tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı və bunun əsasında iddiaçıya yazılmış 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində cəriməni qanunsuz və əsassız olduğuna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacına baxış zamanı hesablama mexanizmi keçən qazın həcminin qeyd edilməsinin müəyyən olunması və bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında X1 Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 518.40 (beş yüz on səkkiz manat 80 qəpik) manat məbləğində borc onun hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar