Məhkəmə qərarları › İş №2(066)-147/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-147/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-147/2023 14.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X2 və onun vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 və həyat yoldaşı X3 azyaşlı uşaqları Nayma, Zülfiyyə və Elnurla birlikdə Göygöl rayonu Toğanalı kəndində yerləşən mülkiyyətində olan evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Göygöl rayonu Toğanalı kəndində yerləşən evin mülkiyyətçisidir və onun mülkiyyət hüququ DƏDRX-də reyestr qeydiyyatına alınıb və buna dair Çıxarış verilib. X7 iddiaçının oğludur və ailə üzvləri ilə birlikdə onun evində yaşayırlar. Oğlunun ailəsindən əlavə evində iddia ərizəsində mülki iş üzrə cavabdeh qismində göstərdiyi (mərhum qızından doğulmuş) nəvəsi Cavabdeh, onun həyat yoldaşı X10 və 3 azyaşlı uşağı da yaşayırlar. Cavabdeh iddiaçının mərhum qızının oğludur. Bəhruzun atası X1 rayonunun Əzgilli kəndində yaşayır və iddiaçının qızının vəfatından sonra başqa qadınla evlənmişdir. Nəvəsi Bəhruz atası evləndikdən sonra İddiaçı evində məskunlaşıb və yuxarıda qeyd etdiyi kimi ailəsi ilə birlikdə onun evimdə yaşayır. Bu illər ərzində Cavabdeh dəfələrlə cinayət əməlləri törətmiş və haqlı olaraq da dəfələrlə məhkum edilmişdir. Yaşadığı kənddə hər hansı bir oğurluq hadisəsi baş verdikdə ilk növbədə Bəhruzdan şübhələnirlər. Şəxsən iddiaçının ağır gününə saxladığı 300 manat pulu da cavabdeh sandıqdan oğurlamışdır. Cinayət törətmiş bir şəxsin onun evində yaşamaq hüququ yoxdur. O, öz həyat yoldaşının da pul kisəsindən pulunu oğurlayıb və bu barədə polis şöbəsinə məlumat verilib. Kənd sakinlərinin heyvanları itdikdə camaat iddiaçının üstünə gəlib deyirlər ki, "Bəhruz onların toyuğunu, ördəyini, qazını, hinduşqasını oğurlayıbdır". Utandıqlarından kənd arasına çıxa bilmirlər. Onu da nəzərə çatdırır ki, Bəhruz onun evində yaşamasına baxmayaraq kommunal xərcləri ödəmir və babası kimi onu saymır və iradlarına qarşı kobud rəftar edir. Ona görə də iddiaçı belə qərara gəlmişdir ki, Bəhruz gedib öz atasının evində yaşasın. İddiaçı dəfələrlə cavabdehə xəbərdarlıq edərək bildirmişdir ki, “Sizə mülkümdən köçmənizə vaxt verirəm və bu müddət ərzində Əzgilli kəndində yaşayan atanın evinə köç”. Lakin müddət çatdıqda Cavabdeh mülkü boşaltmaqdan boyun qaçırtmışdır. Həmçinin cavabdeh heç bir yerdə işləmir, mütəmadi olaraq sərxoşluqla məşğul olur, onu və digər ailə üzvlərini nəlayiq söyüşlərlə söyüb təhqir edir. Ev əşyalarını oğurlayır və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz əməllərindən əl çəkmir. Onun iddiaçının evindən köçürülməsi heç bir halda onun hüquqlarının pozulması demək deyil. Belə ki, iddiaçı mülkiyyətçi olaraq öz əmlakından sərbəst istifadə edə bilmir və ona görə də cavabdeh ailəsi ilə birlikdə atası evinə köçüb orada yaşaya bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 verdiyi izahatında iddianı müdafiə etdiyini, iddiaçının oğlu olmasını, Cavabdeh uşaq vaxtından özlərinin saxlamalarını, iddiaçının qızı vəfat edəndən sonra Bəhruzun babası Daşdəmirin yanına gəlib qalmasını, cavabdehin 2007-ci ildə ailə quraraq ailəsinlə bilrikdə iddiaçıya məxsus evdə yaşamasını, ailəli olduğu müddətdə Cavabdeh dəfələrlə oğurluq və dələduzluq etdiyinə görə cinayət işi olmasını, onun iddiaçıya məxsus evdə yaşadığı müddətdə evə hər cür maddi ziyan vurmasını, cavabdehin gününü sərxoşluqla keçirərək babası, yəni İddiaçı qarşı nəlayiq söyüşlər işlətməsini, onu təhqir etməsini, hətta ona qarşı zorakılıq hərəkətləri etməsini bildirdi və göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X22 izahatında iddianı müdafiə etdiyini, Cavabdeh cinayət etdiyinə görə hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkməsini, cavabdehin iddiaçıya məxsus evdə qalan müddətdə gününü sərxoşluqla keçirərərk iddiaçını dəfələrlə təhqir etməsini, cavabdehin və ailəsinin iddiaçıya məxsus evdə qalmalarının iddiaçının hüquqlarının pozulmasına səbəb olmasını bildirdi və ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsinin və vəkilinin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonunun Toğana kəndində 0.09 ha torpaq sahəsində yerləşən 90 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Toğanalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 oktyabr 2022-ci il tarixdə verilmiş 201 saylı İddiaçı verilmiş arayışdan görünür ki, həqiqətən İddiaçı Göygöl rayonu Toğanalı kəndində qeydiyyatdadır və ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi: oğlu X7, arvadı X4, gəlini X18, nəvəsi X8, nəvəsi Cavabdeh, Bəhruzun arvadı X10, Bəhruzun qızı X15, Bəhruzun qızı X9, Bəhruzun oğlu X13r. İşdə olan Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (066)- 12/2022 saylı hökmünə əsasən Cavabdeh təyin olunmuş 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasi ilə əvəz edilmiş, Cavabdeh barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Tədridxanasının 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh halhazırda 16 saylı cəzaçəkmə müəssisəsində çəza çəkir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış şikayətdə Cavabdeh göstərmişdir ki, onun yaşadığı ünvanda ailəsi və üç azyaşlı övladlarını babası İddiaçı qaldırdığı iddiaya görə onları yaşadıqları ünvandan çıxartmaq istəyir. Özünün məhkəmə iclasında iştirak etməsini xahiş etmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1937-ci ildə doğulmuş və Göygöl rayonu Toğanalı kəndində qeydiyyatdadır. AZE seriyalı, 14085835 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1964-cü ildə doğulmuş və Göygöl rayonu Toğanalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, Göygöl rayonu Toğanalı kəndində 0.09 ha torpaq sahəsində yerləşən 90 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir. Onun nəvəsi, yəni Cavabdeh öz atasına məxsus yaşayış evi olmasına baxmayaraq iddiaçının evində ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh 2022-ci il tarixdə cinayət etdiyinə görə Göygöl Rayon Məhkəməsinin qərarına əsasən həbs edilmiş və hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Cavabdeh iddiaçıya məxsus Göygöl rayonunun Toğanalı kəndində yerləşən evdə yaşadığı müddət ərzində ev əşyalarını oğurlamış, dəfələrlə iddiaçını söyüb təhqir etmiş və ona zor tətbiq edərək iddiaçıya öz evində rahat yaşamağa və onun öz əmlakından sərbəst istifadə etməsinə imkan verməmişdir. Cavabdehin formal olaraq mübahisəli evdə qeydiyyatda qalması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, Göygöl rayonunun Toğana kəndində 0.09 ha torpaq sahəsində yerləşən 90 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir və onun mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbində Cavabdeh və onun həyat yoldaşı X3 azyaşlı uşaqları Nayma, Zülfiyyə və Elnurla birlikdə Göygöl rayonunun Toğanalı kəndində yerləşən mülkiyyətində olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etsə də, iddiada cavabdeh qismində ancaq Cavabdeh göstərmişdir. Odur ki, iddia Cavabdeh həyat yoldaşı X5 və azyaşlı uşaqlarına aid hissədə təmin edilə bilməz. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Göygöl rayonu Toğanalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Göygöl rayonu Toğanalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdən istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh həmin evə olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar