Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1694/2025 18.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsgəndərova (Quliyeva) Günel Sərvaz qızının və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsgəndərova (Quliyeva) Günel Sərvaz qızına və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsgəndərova (Quliyeva) Günel Sərvaz qızına və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən onun mülkiyyətində olan 0.126 ha torpaq sahəsinin pulunun 37.800 (otuz yeddi min səkkiz yüz) manat məbləğində pul və məhkəməyə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2015 tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən, Göygöl rayonu Qızılqaya qəsəbəsində paylı mülkiyyətdə olan **********17 ********* xx.xx.2007 (0.6320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (5 nəfər ümumi birgə) mülkiyyətə verilmişdir. Qeyd edir ki, həmin mülkiyyətdə paylı mülkiyyət haqqı olmağına baxmayaraq, 0.126 torpaq sahəsi ona düşən payı cavabdehlər 37.800 (otuz yeddi min səkkiz yüz) manat məbləğində dəyərinə satmışlar. Dəfələrlə torpaq sahəsini cavabdehlərdən tələb etməyinə baxmayaraq cavabdehlər qəti şəkildə torpaq sahəsini geri qaytarmırlar, nə də pulunu geri vermirlər. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, ona qərardadla bildirilmişdir ki, cavabdehlər Göygöl rayonu Qızılqaya qəsəbəsində rəsmi qeydiyyatda olduqlarına görə cavabdehlərin rəsmi qeydiyyat ünvanlarının yerləşdiyi yerin məhkəməsinə yəni Göygöl Rayon Məhkəməsinə müraciət etməlidir. O da hazırda Göygöl Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Dövlət tərəfindən verilən torpaqdan ona düşən payı istəyir. Cənab Prezident tərəfindən pay torpağı verilmişdir. Həmin torpaq satıldığı üçün pul qismində tələb edir. Torpağın kimə və neçəyə satılmasını bilmir. Torpaq satılıbsa pulunu, satılmayıbsa torpağını istəyir. Əlavə olaraq bildirdi ki, o torpağa müştəri gətirmiş, sotu 1200 manatdan qarşı tərəf verməmişdir, o məbləği oradan müəyyən etmişdir. 21 sot torpaq idi. Torpaq ümumi olaraq 1 hektar 5 sot idi. Adama düşən 21 sot torpaq idi. Torpağın ona ayrılması barədə heç bir sənədi yoxdur. Onun nə qədər torpağı var, onun adına nə qədər torpaq var, həmin torpağın nə vaxt və kimə satılması, necə və neçəyə satılması barədə heç bir sənədi və sübutu yoxdur. O ayrılmamışdan qabaq torpağın sotuna 1200 matandan alıcı gətirməsini və onun torpağının satılıb pulunun verilməsini istəmişdir. Torpağın sənədi ata evində qalıb. Müraciət edib torpaqla bağlı reyestrdən heç bir sənəd almayıb. Torpağının nə vaxt satılmasını dəqiq bilmir. Torpağını təxminən 2005-2006-cı illərdə, böyük bacısı ailə qurduqdan sonra satılaraq cehizinə istifadə olunub. 20 ildən sonra torpaq tələb etməyinin səbəbi, evdən qovalandığı üçün həmin torpağı satıb özünə gün ağlamaq istəyir. Həmin torpaq sahəsindən hazırda 63 sot torpaq qalıb, 42 sot torpaq 2006-2007-ci illərdə satılıb, həmin zaman 6-cı sinifdə oxumuşdur. Həmin zaman azyaşlı olduğu üçün valideynləri tərəfindən qol çəkilmişdir. Torpağa alıcı tapan zaman atasının nömrəsini vermişdir ki, əlaqə saxlasınlar. Həmin şəxs şirkət işçisi idi, atası həmin şəxsə oğlum ölsün demiş və torpağı satmamışdır. 2-3 il bundan öncə gedib maraqlandıqda, oradakı qonşular demişlər ki, torpağı atası satmışdır. Zəng vasitəsi ilə də maraqlandıqda torpağı atasının satmasını demişlər. Torpağı satmaq üçün gətirdiyi alıcı sotunu 1200 manatdan istəyirdi. Tələb etdiyi məbləği özü hesablayıb, onun payına 21 sot torpaq düşür. Qalan torpaq sahəsi 63 sotdur, 42 sot torpaq sahəsi satılıb. 42 sot torpaq 2006-2007-ci illərin arasında satılmışdır. 2015-ci ildə ailə qurub, 3 aydan sonra ayrılmışlar. 7 ildən sonra yoldaşını gətirdikdə, atası söyləmişdir ki, arvadını boşasın evi, hər şeyi ona verir. 1 oğul övladı var. Torpaq satılmayıbsa özünə verilməsini istəyir. Torpaq sahəsini verə bilmirsə, yaşaması üçün sığınacaq istəyir. Balası üçün gələcək qurmaq istəyir. 5 ildi kirayədə qalır. Hər ay 250 manat kirayə haqqı verir, uşağın xərcləri çatdıra bilmir. 2013-cü ildə əsgərlikdən gəlmiş, 2014-cü ilin oktyabr ayında işə girmiş, 2015-ci ildə evlənmiş. 2015-ci ilin oktyabr ayının 4-də toyu olmuş. 2016-cı ilin yanvarın 18-də məhkəmə olmuş, xanımı ilə aralanmışdır. 5 ildir atasının yanından ayrılmışdır. Dəqiq tarixi xatırlamır, təxminən 2021-2022-ci ildə atasından ayrılmışdır. Torpaq sahəsi satıldıqdan sonra 15-16 il həmin evdə yaşamışdır. Ona dövlət verən torpaq harada olmuşsa oradan verilməsini istəyir. 21 sot torpaq verilməsini istəyir. Ona cavabdeh yaşamaq yeri də verirsə 21 sot torpağını istəyir. Payın ayrılması ilə bağlı iddia qaldırmamışdır. İddianı müdafiə edir və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, heç bir valideyn övladının pis günün istəməz. 7 il övladının alimentini o ödəyib. İddiaçını övladı kimi yenidən qəbul edə bilər. Amma o istəmir başqa bir şey danışmaq. Torpaq 2006-cı ildə satılıb. Torpağı birgə yaşadıqları dövürdə satmış və birgə yaşadıqları dövürdə xərclənmişdir. Torpaq 1 hektar 5 sot olmuş, ondan 42 sot satılmış və hazırda 63 sot torpaq qalmışdır. Qalan 63 sot torpağı 5 yerə bölüb, payına nə düşürsə verəcək. İddiaçı payını kimə istəyirsə verə bilər. Təxminən hərəsinə 11 sot torpaq düşür. Torpağın 133 metr uzunu, 9-10 metr enidir. Amma iddiaçı ac qaldıqca onu axtarmısan, o qız nə qədərki onun yanındadı, heç kimə deməsin ki o onun atasıdır. Nə vaxt o qızı buraxıb gəlsə övladıdır. Arzu olmayan ailəsini gətirsin, ona qəbuldusa o da qəbul edir, ürəyi kimi tutursa gətirsin. Gəlin iddiaçını öyrədərək ana, ata, bacılar düşmən olmuşdur. Bugün ki, gün problem odu ki, iddiaçının xanımı nə deyirsə qanun odur. Onların nikahı yox idi, 2023-cü ildə iyun ayının 6-da qaynanasının sözü ilə gedib Asan Xidmətdə qeydiyyata düşüblər ki, dədəsinə iddia qaldıranda sözü keçərli olsun. İddiaçı üçün evin ağası, şahı baldızı və qaynanasıdır. 2006-cı ildə torpağı birgə yaşadıqları dövürdə satmış, iddiaçının uşağının alimentini 7 il o vermiş və həmin pulu özləri üçün xərcləmişdir. Əldə qalan torpaq sahəsinidə 5 yerə bölməyə hazırdır. Hansı övlad atasını məhkəmə stolunda otuzdurar. Onun toyunu kim edib, bu yaşa kimi kim çatdırıb. 3 min manat nişandan qabaq pul vermiş, həmin pula gedib qızıl və paltar almışdır. Əlavə olaraq bildirdi ki, əgər iddiaçı onun üstündən qeydiyyatdan çıxarsa, ürəyi haradan istəsə 21 sot torpaq verəcək. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, istəyir ki, oğlu onlarla barışıb evlərinə gəlsin. İddiaçı evinə gəlsin, torpaq istəyirsə verirlər. 2006-cı ildə torpaq ümumi satılmış, 63 sot qalmışdır. Həmin satılan torpağın pulu evə-eşiyə istifadə olunmuşdur. Həmin pul onların gündəlik tələbatlarına xərclənmiş və iddiaçı da yemişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı onlara heç bir pul verməmiş, dedikləri yalandır. Onlar torpağı satıb ailənin xərclərinə istifadə etmişlər. İddiaçı ilə 2023-cü ilə qədər birlikdə yaşamışlar. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sərvaz İsgəndərova (Quliyeva) Günel qızı iddianı qəbul etməyərək izahatında bildirdi ki, ilk öncə istəyir ki, iddiaçı atası ilə barışsın. Torpaq ona görə satılmayıb. Satılan torpağın pulunu hər kəs yemişdir. Torpaq böyük bacısına verilməmiş, evdə hər kəsə xərclənmişdir. Əlavə olaraq bildirdi ki, 2008-ci ildə ailə həyatı qurmuşdur. Torpaq satılan zaman hə kəs razılıq vermişdir. Satılan torpağın pulunu tək atası xərcləməmişdir. Atası əziyyətlə onları saxlayıb. Torpağın pulunu atası tək istifadə etməmiş, hər kəs istifadə etmişdir. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o istəyir ki, atsı ilə qardaşı barışsın. 2009-cu ildə ailə həyatı qurub. Torpaq ilə bağlı heç bir söz deyə bilmir. Əlavə olaraq bildirdi ki, torpağı atası sataraq ailəni dolandırmışdır. 2023-cü ilə qədər qardaşı atasıgil ilə birlikdə yaşamışdır. Torpaq satılan zaman uşaq olmuş, atası torpağı satmışdır. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.1993-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 345921 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Xanlar (Göygöl) rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1993-cü ilin, 12-ci ayının, 20-ci günündə 394 № ilə qeyd edilmişdir. (atası Cavabdeh1 Xeyrulla oğlu, anası isə Cavabdeh2dır). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2025-ci il tarixli İddiaçı verilmiş arayışdan aydın olur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı 08 dekabr 2010-cu il tarixdən Göygöl rayonu Qızılqaya qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT053/2025-00137 nömrəli arayışdan görünür ki, vətəndaşlar İddiaçı, Cavabdeh1 Xeyrulla oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülki münasibətlərindən irəli gələn “pul” tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə, saat 16:00-da mediator X1 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiyaya dair xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində **********17 ********* xx.xx.2007 0.6320 ha kənd təsərrüfatı təyinatlı paylı mülkiyyətdə olan torpaq sahəsi (5 nəfər ümumibirgə) mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 XX.XX.1962-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə olunmuş elektron çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.1966-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə olunmuş elektron çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.1989-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə olunmuş elektron çıxarışdan görünür ki, Cavabdeh4 xx.xx.1991-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, **********17 reyestr nömrəli, 15070044 qeydiyyat nömrəli, xx.xx.2007 qeydiyyat tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xanlar rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.632049 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 Xeyrulla oğlunun, Cavabdeh2, X2, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərindədir və daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə baxışında müəyyən edilmiş işin faktiki halı bundan ibarətdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsgəndərova (Quliyeva) Günel Sərvaz qızı və Cavabdeh4 ilə ailə üzvləridir. Qeyd edilən şəxslərə Göygöl rayonu, Qızılqaya qəsəbəsində ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin bir hissəsi təxminən 2006-2007-ci illərdə tərəflərin birgə yaşadıqları dövürdə satılmış və əldə olunan vəsait ailənin zəruri olan xərclərinə sərf edilmişdir, torpaq satılarkən iddiaçı 13-14 yaşlarında olmuşdur. Hazırda həmin kənd təsərrüfatı təyinatlı torpağın 0.632049 ha hissəsi iş üzrə tərəflərin birgə mülkiyyətində qalmışdır. Torpaq satılan vaxt iddiaçı 6-cı sinifdə oxumuş və torpaq sahəsi satılqdıqdan sonra iddiaçı təxminən 15-16 il ailəsi ilə birlikdə yaşamış və təxminən 2021-2022-ci illərdə valideynlərindən ayrılmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsgəndərova (Quliyeva) Günel Sərvaz qızına və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən onun mülkiyyətində olan 0.126 ha torpaq sahəsinin pulunun 37.800 (otuz yeddi min səkkiz yüz) manat məbləğində pul və məhkəməyə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hərkəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyulabilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməletməli başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hərkəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 29.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 29.2. -ci maddəsinə əsasən 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır: 29.2.1. xırda məişət əqdləri; 29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; 29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər. 29.3.-ci maddəsinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2.-ci maddəsinin əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2015 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən, Göygöl rayonu Qızılqaya qəsəbəsində paylı mülkiyyətdə olan **********17 ********* xx.xx.2007 (0.6320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (5 nəfər ümumi birgə) mülkiyyətə verilmişdir. Qeyd edir ki, həmin mülkiyyətdə paylı mülkiyyət haqqı olmasına baxmayaraq, 0.126 torpaq sahəsi ona düşən payı cavabdehlər 37.800 (otuz yeddi min səkkiz yüz) manat məbləğində satmışlar. Dəfələrlə torpaq sahəsini cavabdehlərdən tələb etməsinə baxmayaraq cavabdehlər qəti şəkildə torpaq sahəsini geri qaytarmırlar, nə də pulunu geri vermirlər. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddiaçının göstərdiyi birgə mülkiyyət hüquqi ilə 0.126 ha torpaq sahəsinin ona düşən payının cavabdehlər tərəfindən 37.800 (otuz yeddi min səkkiz yüz) manata satmalarını və bu səbəbdən əsassız varlanmaları halının müəyyən edilməsi mümkün olmamış, həmçinin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin bir hissəsi təxminən 2006-2007-ci illərdə tərəflərin birgə ailə üzvləri olaraq yaşadıqları və birgə təsərrüfat idarə etdikləri dövürdə satılmış və əldə olunan vəsait ailənin zəruri xərclərinə sərf edilmişdir. Həmin vaxt iddiaçı 13-14 yaşlarında olmuş, alqı-satqı valideynləri tərəfindən aparılmış və torpaq sahəsi satılqdıqdan sonra iddiaçı təxminən 15-16 il ailəsi ilə birlikdə yaşamış və təxminən 2021-2022-ci illərdə valideynlərinin yanından ayrılmışdır. Hazırda həmin kənd təsərrüfatı təyinatlı torpağın 0.632049 ha hissəsi iş üzrə tərəflərin birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu və 50 (əlli) manat İMS xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsgəndərova (Quliyeva) Günel Sərvaz qızına və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1694/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1694/2025
18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver