Məhkəmə qərarları › İş №2(066)-1696/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1696/2025

17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1696/2025 17.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Asif qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Asif qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq verdiyi 3000 (üç min) manatın, həmin pula görə ödədiyi 1000 (bir min) manatın və dövlət rüsumu kimi ödədiyi 60 (altmış) manat pulun cəmi 4060 (dörd min altmış) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə eyni hərbi hissədə xidmət edir. Cavabdeh söhbət əsnasında qardaşının bankdan 3000 (üç min) manat kredit aldığını bilmişdir. xx.xx.2025-ci ildə cavabdeh ona təcili pul lazım olduğunu və bir həftəyə ona pul göndəriləcəyini bildirərək ondan kömək etməsini xahiş etmişdir. O, cavabdehə inanıb qardaşının öz işi üçün bankdan kredit götürdüyü 3000 (üç min) manat pulu bir həfəliyə cavabdehə borc olaraq vemişdir. Bundan sonra cavabdeh arxayınlaşaraq ona olan borcunu hər dəfə bir bəhanə ilə uzatmışdır. Qardaşına bankdan götürdüyü pul təcili lazım olduğu üçün o, məcbur olub ayrı-ayrı şəxslərdən faizlə 3000 manat borc götürüb qardaşına vermişdir. Düşünmüşdür ki, cavabdeh ondan aldığı borcu qaytaran kimi o aldığı borcları qaytarar. Lakin, cavabdeh bu günə kimi də onun etibarından sui-istifadə edərək bir həftəliyə borc aldığı 3000 manatı qaytarmamış, hər dəfə də tezliklə qaytaracağını vəd edərək onu aldatmışdır. Cavabdehin təqsiri üzündən 3000 manata görə 1000 (bir min) manat ziyana düşmüşdür. Odur ki, cavabdehdən 4000 (dörd min) manat məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, özü N nömrəli hərbi hissənin cavabdeh isə N saylı hərbi hissədə qulluq edir. Onların kamanda məntəqələri Gəncə şəhərində yerləşir. Cavabdehlə on ildirki birlikdə növbədə olmuşlar, onun imkanı yaxşı olmuşdur. Qardaşı həmin günü özünə kredit götürmüşdür. Cavabdehin yanında demişdir ki, qardaşı torpaq almaq üçün kredit götürüb. Həmin söhbətdən bir saat sonra cavabdeh ona demişdir ki, bir həftəlik ona 3000 manat borca pul versin, borcunu bir həftəyə qaytaracaqdır. Onun başqa borcları olmasını bilməmişdir. Lakin cavabdeh borcunu bir həftəyə qaytarmamışdır. O, hərbi hissə komandirinədə, hərbi prokurorluğada şikayət etmişdir. Ona mülkü iş olduğu üçün məhkəməyə müraciət etməsini bildirmişlər. Pulu xx.xx.2025-ci il tarixdə vermişdir. O, işdən icazə alıb gedib evdən pulu götürüb cavabdehə vermişdir. İşdədiyi yerdə də bilirlər ki, cavabdeh ona pul borcludur. Məhkəmənin hazırlıq iclasında cavabdeh bildirmişdir ki, 13-14 maaşları köçəcək onda borcundan verəcəkdir. Ancaq həmin pullar köçsədə cavabdeh pulu verməmişdir. Təqribən on gün bundan əvvəl işdə yoxlanış edilərkən cavabdehin üzərindən telefon tapılmışdır, hazırda araşdırmadadır. Cavabdehin əmək haqqısının yarısını bank tutur. Cavabdehə 3000 manat borca pul vermiş pulu qaytarmadığı üçün 1000 manat ziyana düşmüşdür. Cavabdeh borcunu qaytarmadığı üçün o da digər şəxslərdən borca pul almışdır. Həmin şəxslərdə ona kredit kartlarından pul çıxardıb vermişlər. Beləliklə o, əlavə olaraq 1000 manat ziyana düşmüşdür. İddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 14 yanvar 2026-cı il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş Cavabdeh borcunu etiraf edərək bildirmişdir ki, iddiaçıdan 3000 (üç min) manat məbləğində borca pul götürmüşdür. Lakin, o başqa bir şəxsə öz adına kredit götürüb verdiyi üçün əmək haqqısının 50 faizini tuturlar. O, iddiaçı ilə görüşüb ona bildirmişdir ki, 13-14-cü əmək haqqısını alsın borcundan bir hissəsini ödəyər, sonra isə məzuniyyət pulunu və maddi yardımını alarkən yenə borcundan ödəyər. İddiaçıdan pul götürüb öz borcuna vermişdir. Pulu götürərkən bir həftəyə qaytaracağını bildirmişdir. Lakin, onunda alacaqlarını vermədikləri üçün borcu qaytara bilməmişdir. Hazırki vaxtadək borcundan ödəniş etməmişdir. İddiaçı ona dörd ay vaxt versə borcunu tam ödəyə bilər. Məhkəmə işin faktiki hallarını araşdıraraq və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan bir ədəd video diskə baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı cavabdehdən ona borc verdiyi 3000 (üç min) manat məbləğində pulunu tələb etmiş cavabdeh isə həmin borcunu etiraf edərək bir həftəyə qaytaracağını bildirmişdir. Məhkəmə baxışında müəyyən edilmiş işin faktiki halı bundan ibarətdir ki, iddiaçı bir həftə müddətində qaytarmaq şərtilə cavabdehə xx.xx.2025-ci il tarixdə 3000 manat borc pul vermişdir. Lakin cavabdeh borcunu qaytarmadığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh öhdəliyini icra etməli olduğu yeddi ay müddətdə borc pul məbləğinin ödənilməsini gecikdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1.-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2.-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3.-cü maddəsinə görə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.7.-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən-Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qanunvericiliyin tələbləri baxımından məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3000 manat borc məbləği və borc məbləğinin gecikdirilmiş vaxta uyğun yəni yeddi aylıq müddətə həmin borc məbləğinə illik 5%-lə hesablanmış 87,50 manat zərər məbləği tutularaq iddiaçı X4 ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin əldən çıxmış fayda və borc məbləğinin vaxtında icra edilməməsinə görə iddia tələbində göstərilən məbləğdə maddi ziyanın vurulması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla ödənilmiş 50.87 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat borc məbləği, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 87,50 (səksən yeddi manat, əlli qəpik) manat borc məbləği, məhkəmə xərci olaraq 50,87 (əlli manat, səksən yeddi qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 3138,37 (üç min bir yüz otuz səkkiz manat, otuz yeddi qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar