Məhkəmə qərarları › İş №2(066)-240/2023

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-240/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-240/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı tərəfindən məhkəməyə 13 aprel 2023-cü ildə teleqram daxil olmuşdur. Həmin teleqramda iddiaçı göstərmişdir ki, səhhətində yaranmış problemlərə görə məhkəmə iclasında iştirak edə bilməyəcək. Əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir. Cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş və onun harada olduğu barədə məlumatı yoxdur. Odur ki, mülki işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 14 sentyabr 2022-ci ildə yaşadığı ünvan 1 ünvanında 7000 (yeddi min) manat pul vermişdir. Razılaşmaya əsasən cavabdeh həmin pulu hər ay 1000 manat olmaqla hissə-hissə qaytarmalı idi. 2022-ci ilin mart ayına qədər aldığı puldan 5000 manatını qaytardı, qalan 2000 manatı isə ödəməmişdir. Dəfələrlə Cavabdeh pulunu istəsə də, o, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna şikayət etmişdir. Ağdam Hərbi Prokurorluğu tərəfindən 02 sentyabr 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və pulun qaytarılması xüsusatı mülki xarakterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılarkən Cavabdeh verdiyi izahatında ondan 7000 manat pul aldığını etiraf etmiş və 5000 manatını qaytardığını, 2000 manatını isə qaytara bilmədiyini göstərmişdir. Hazırda qalıq 2000 manat qaytarılmadığına görə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Ağdam Hərbi Prokurorluğunda verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı 14 sentyabr 2022-ci il tarixdə 7000 manat borc pul almasını və həmin puldan 2022-ci ilin mart ayına qədər 5000 manatı iddiaçıya qaytarmasını, lakin 2000 manat borcu qalmasını etiraf etmiş və qalan pulu qısa müddət ərzində iddiaçıya qaytaracağına söz vermişdir. İş materiallarında olan Ağdam Hərbi Prokurorluğunun 02 sentyabr 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh vətəndaş İddiaçı aldığı borcu qaytarmamasından ibarət əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmiş və onun müraciətində qeyd edilən xüsusatlar məhkəmə predmeti olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Məhkəmə iclasında müəyyən olur ki, iddiaçı Cavabdeh 14 sentyabr 2022-ci il tarixdə 7000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən həmin pulu cavabdeh iddiaçıya hər ay 1000 manat olmaqla hissə-hissə qaytarmalı olsa da, 2022-ci ilin mart ayına qədər Cavabdeh borcun cəmi 5000 manatını qaytarmış, 2000 manatını da ödəməli olduğu halda iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı dəfələrlə pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation, (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 2000 manat məbləğində maddi ziyan yetirilmişdir. Hazırda cavabdehin 2000 manat borcu vardır. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 2000 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar