Məhkəmə qərarları › İş №2(066)-374/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-374/2023

16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-374/2023 16.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsi Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh «Azəriqaz»” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz»» İstehsalat Birliyinə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Azəriqaz»» İstehsalat Birliyinə qarşı aktın ləğv edillməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş "Azəriqaz” X4 X6 İdarəsinin Göygöl Xidmət sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməklə və həmin akt əsasında bərpası üçün hesablanmış 4x24x90= cəmi 8640 m3.= 1036,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı adına Göygöl rayonun Qızılqaya qəsəbəsində fərdi yaşayış evi vardır. Göygöl rayonunun Qızılqaya qəsəbəsində adına olan fərdi yaşayış evinin küçə tərəfində divarda «Azəriqaz» X2 X7 İdarəsinin Göygöl rayon Xidmət sahəsi tərəfindən 2013-cü ilin aprel ayından Ester tipli G-4 markalı ******* nömrəli zavod nömrəli (Kod-**********00000) mexaniki sayğac quraşdırılmış və 02248667 xüsusi nömrəli plomb vurulmuşdur. O, bir abonent kimi 2013-cü ilin aprel ayından başlayaraq xx.xx.2022-ci il tarixədək istifadə edilən qaza görə pul ödəmişdir. X5 tipli G-4 markalı ******* №-li mexaniki sayğaca 2013-cü ildən bu günə kimi qaz sərfiyyatına görə ödədiyi pul «Azəriqaz» X4 X6 İdarəsinin Abonentin Saldosu cədvəlində görünür. Lakin, «Azəriqaz» X2 X7 İdarəsinin Göygöl rayon Xidmət sahəsinin işçiləri Rəhman Vəliyev, İlham Xəlilov və Səbuhi Bayramov (tel: ***-***-**-**) tərəfindən onun iştirakı ilə 2013-cü ilin aprel ayından quraşdırılmış (Kod-**********00000) Ester tipli G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilib və həmin sayğac çıxarılıb Zenner-G-4 tipli, **********1 nömrəli mexaniki sayğacla əvəzlənmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* №-li "Akt" tərtib edilmiş və həmin Akta onun özü də inza etmişdir. «Azəriqaz» X2 X7 İdarəsinin Göygöl rayon Xidmət sahəsinin işçiləri Rəhman Vəliyev, İlhain Xəlilov və Səbuhi Bayramov (tel:***-***-**-**) tərəfindən 2013-cü ilin aprel ayından quraşdırılımış Ester tipli G-4 markalı ******* nömrəli sayğac xx.xx.2022-ci il tarixdə (Kod-**********00000) əvəzlənən zaman onun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li "Aktda" Ester tipli G-4 markalı ******* nömrəli sayğac işlək vəziyyətdə olmaqla, sayğacın hesablama mexanizminin qapağına vurulmuş plombda heç bir əzilmə və ya digər qüsur halı olmamışdır. Lakin, «Azəriqaz» X2 X7 İdarəsinin Göygöl rayon Xidmət sahəsi TQQ və SX-nin rəisi Rəşad Paşazadə, mühəndis Vüsal Nəbiyev, nəzarətçi çilingər Səbuhi Bayramov tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında o, istehlakçı İddiaçı iştirakı olmadan (qaz itkisi) xx.xx.2022-ci il tarixli ******* nömrəli "Akt" tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, tərtib edilmiş ******* nömrəli Akta baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd hissəsində göstərilmişdir ki, ARDNŞ-i Azəriqaz İB" qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-04030-1 nömrəli rəyinə əsasən, G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib və istismara yararsızdır. Tələb: Dəymiş ziyan hesablansın və dəyən zivan ödənilsin. Eyni zamanda «Azəriqaz» X2 X7 İdarəsinin Ümumi Məsələlər üzrə rəis müavini Sülüeyman Qarayevin imzası ilə xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair ona Tələbnamə daxil olmuş və həmin tələbnamədə qeyd edilmişdir ki, İstehlakçı: İddiaçı, fəaliyyət növü əhali, Ünvan: Göygöl rayonu Qızılqaya qəsəbəsi, Abonent kodu: **********00000) Aşkar olunmuş nöqsan- Sənaye və məişət qaz - sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK-29/1710-04030-1 nömrəli Akta əsasən G- 4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. xx.xx.2022-ci il tarixli, ******* nömrəli "Akt" əsasında G-4 markalı Qaz sayğacının nominal qaz sərfi 4xm3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x90= cəmi 8640 m3.= 1036,80 manat. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək göstərdi ki, sayğacın daşınması və əvəzlənməsi prosesi zamanı fəhlələr necə gəldi sayğacları xidməti avtomobillərinə yığırlar. Fəhlələrin deməsinə görə dəyişilən sayğaclar anbara boşaldılır və sonra Bakı şəhərinə göndərilir. Ola bilsin həmin vaxt sayğacın plombuna ziyan dəymiş və ya düşünülmüş şəkildə həmin sayğacın plombu əzilmiş olsun. Özü tərəfindən sayğaca heç bir müdaxilə olunmamış və sayğacın plombu əzilməmişdir. Ona görə də Azəriqaz İB tərəfindən onun barəsində qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən «Azəriqaz»» X2 X6 İdarəsinin nümayəndəsi X3 izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış sayğac çıxarılanda iddiaçının iştirakı ilə akt tərtib edilmişdir. Akt tərtib ediləndən sonra sayğac labaratoriyaya göndərilmişdir. Sonradan labaratoriyada sayğac yoxlanan vaxt sayğacın qapağına vurulan plomba ziyan yetirilməsi məlum olmuşdur. Təxminən itirilmiş təbii qaza görə 8600 kub metr, 1036 manat ziyan dəymişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 1036 (bir min otuz altı) manat borcu yaranmışdır. İş materiallarında olan 30 sentyabr 2022-ci il tarixli Aktın surətindən görünür ki, «Azəriqaz»” İB ilə Göygöl rayonu Qızılqaya qəsəbə sakini İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 15 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, ARDNŞ-i Azəriqaz İB-i Qazsayğaclarının yoxlanılması barədə MSK-29/1710-04030-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. İş materiallarında olan Azərbaycan Respublikası Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2011-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Çaxırlı kəndində anadan olmuşdur və Bakı şəhəri Telnov küçəsi ev 17, mənzil 74-də qeydiyyatdadır. İş materiallarında olan 005164 nömrəli, 01 mart 1998-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən iddiaçının yaşayış evinə "Azəriqaz" İB-nin Gəncə X7 İdarəsinin Göygöl XS-i (qaz paylayıcı) tərəfindən qaz sayğacı quraşdırılmış və istifadəsinə verilmişdir. İddiaçı 2013-cü il tarixdən indiyə qədər təbii qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödənişləri vaxtlı vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB-nin Gəncə X7 İdarəsinin Göygöl XS-i tərəfindən ******* nömrəli akt tərtib edilərək iddiaçının yaşadığı evdə olan qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz olunması üçün dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə yəni iki aydan sonra İddiaçı iştirakı olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişir. Həmin akta əsasən guya iddiaçının təqsiri üzündən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilmiş və nəticədə 8640 m³ qaz itirilmişdir. Buna görə də iddiaçıya əsassız şəkildə 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat cərimə yazılmışdır. İddiaçı ümumiyyətlə qaz sayğacına müdaxilə etməmiş va sayğacın hesablama mexanizminin qapağına vurulan plombu əzməmişdir. Bundan başqa da sayğacın saz vəziyyətdə olmasına nəzarət etmək qaz paylayıcının üzərinə düşür. Yəni vaxtlı-vaxtında istehsalçı sayğacın işlək vəziyyətə olub olmamasını yoxlamalı və baş verə biləcək hər hansısa hadisələrin qarşısını almalıdır. "Azəriqaz" İBnin Gəncə X7 İdarəsinin Göygöl XS-i tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı və bunun əsasında iddiaçıya yazılmış 1036.80 (bir min otuz alti manat 80 qəpik) manat məbləğində cəriməni qanunsuz və əsassız olduğuna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacının baxış zamanı hesablama mexanizminin qapağına vurulan plombun əzilməsinin müəyyən olunması aşkarlansa da bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında X9 Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz»» İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat məbləğində borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar