Məhkəmə qərarları › İş №2(066)-386/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-386/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-386/2023 14.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tapşırıq əsasında tədarük edilmiş ərzaqın dəyərinin ödənilməsinə dair mülki işə məhkəmənin binasında 15 may 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı tapşırıq əsasında tədarük edilmiş ərzaqın dəyərinin ödənilməsinə dair iddia qaldıraraq Cavabdeh tapşırığına əsasən tədarük alıb verdiyi ərzağın razılaşdırılmış dəyəri olan 20.245 manatın və ödəməyə məcbur olduğu 151 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində tanış olmuşlar. Onlar bir kafedə xidmət göstərmişlər. Münasibətləri yaxın olmuşdur. Ozü kafeni tərk edəndən sonra da münasibətləri olmuş və 2022-ci ilin noyabr ayından ərzaq mallarının tədarükü ilə əlaqədar onun tapşırıqlarını yerinə yetirmişdir. Daha dəqiq həmin aydan onun tapşırığı əsasında olan Bakı şəhərində satması üçün super mallardan ibarət ərzaq tədarük edib, ona vermişdir. Yetərli pulu olmadığından tədarükü özü nisyə etmişdir. Mallar hazır olanda cavabdeh taksi avtomaşınlarınla evinə gəlib malları aparmış, noyabr ayından dekabr ayının 22-nə kimi apardığı mallarını pulunu vaxtaşırı ödəmişdir. Dekabrın 22-də o, yeni il qabağı Bakı şəhərində təmiz kənd təsərrüfatı mallarına güclü tələbat olmasını bildirmişdir. Alverin yaxşı getdiyindən ilin axırına kimi Bəşirə 20.245 manatlıq ərzaq tədarük edib vermişdir. Hazırladığı, lakin pulunu almadığı ərzaq satış üçün hazırlanan 2 danadan, 3 keçidən, 2 quzudan, 50 kq qozdan, 17 kq fındıqdan, 110 litr moldavan şərabından, 29 baş heyvan boyda hinduşkadan, 221 baş müxtəlif cins toyuqdan, o cümlədən Ağdam cinsli toyuqlardan, təxminən 60 litr müxtəlif meyvələrin arağından, eləcə də "Fərhad dayı" kimi qələmə verdiyi adam üçün 4 baş yanı balalı qoyundan ibarət olmuşdur. Cavabdehdən pul daxil olmadığından, nisyə götürdüyü malların pulunu isə ödəmək vaxtı çatdığından cavabdeh üçün tədarükü dayandırıb aldığı ərzağın razılaşdırılmış dəyərini ödəməsini gözləmişdir. 2023-cü ilin yanvarın 4-də ona cavabdeh ödəniş etməyə söz vermiş, lakin sözünə əməl etməmiş və "Fərhad dayısının cərrahi əməliyyata məruz qalmasını ona bildirmişdir. Cavabdeh ödənişi konkret olaraq yanvarın 7-də edəcəyini söz vermişdir. Cavabdeh tədarük etdiyi malların çox hissəsinin nisyə götürülməsini bildiyindən zəruri ehtiyac olduğu halda, qorxmadan sələmə girməsini ona təklif edib bildirmiş ki, iddiaçının ziyanı, yəni sələmə ödədiyi pulu öz dayısı ödəyəcəkdir. Ona görə də iddiaçı bir nəfərə təcili borcunu, yəni 1200 manat borcunu ödəmək üçün həyat yoldaşının kartını girov qoyub, bir nəfərdən həmin məbləği sələmə götürmüşdür. Hələlik kartdan 1 ayın sələmi (faizi) olan 240 manat çıxarılmışdır. Ödəniş olmasa, iddiaçı həmin sələmçinin quluna çevrilməli, həyat yoldaşının aylıq 240 manat maaşı havaya uçmalıdır. Bəşir isə yoxa çıxmış, onu telefonla hədələdiyindən daha iddiaçının telefonunu da açmaq istəmir. O, qaynatasının evində qalırdı, hazırda oradan da çıxıb getmişdir. Qeyd edir ki, etibarını ona görə tədarük etdiyi ərzağın pulunu vaxtı-vaxtında ödəməklə qazandıqdan sonra, cavabdeh onun etibarından sui-istifadə edib 20.245 manat dəyərində əmlakını ələ keçirmişdir. Yəni ona qarşı dələduzluq etmişdir. Odur ki, şikayət etdiyi Göygöl rayon Polis Şöbəsi düzgün olmayaraq məsələni mülki xarakterli sayıb, dələduz Cavabdeh CM-nin 178.2-ci maddəsi ilə cinayət işi başlanmamışdır. Məsələ mülki müstəviyə salınsa Cavabdeh onun sifarişi ilə iddiaçının tədarük edib, ona verdiyi 20.245 manatlıq ərzaqı, dövlət rüsumu kimi ödədiyi 151 manatı, eləcə də sələmə girməklə çəkdiyi ziyanı tam ödəməlidir. Odur ki, qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 verdiyi izahatında İddiaçı tanımasını, aralarında olan münasibətə görə ona 1300 manat dəyərində quzu və hinduşka verməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 verdiyi izahatında Orxana 20 ədəd 2100 manat dəyərində hinduşka və beçə (toyuq) verməsini, onunda həmin hinduşka və beçəni Bəşirə verməsini və özünün yanında pul söhbətinin olmamasını qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında göstərdi ki, İddiaçı ondan 2470 manatlıq qoyun və quzu götürmüşdür. O, heyvanları verəndə sadəcə Orxanı tanıyırdı. Özü Cavabdeh heç vaxt görməmişdir və tanımır. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 verdiyi izahatında iddiaçı Orxanın ondan müxtəlif vaxtlarda 6590 manat dəyərində xoruz, toyuq və araq götürməsini, bunları İddiaçı verən vaxt Bəşir adlı şəxsi görməməsini və onunla heç bir əlaqəsi olmamasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında Orxan və Bəşirin birlikdə gələrək ondan 550 manat dəyərində moruq arağı almalarını və dəfələrlə onlardan pulunu istəməsinə baxmayaraq təxminən 1 ildir ki, həmin pulu ona ödəməmələrini bildirdi. Məhkəmə iddiaçının və şahidlərin izahatlarına və çıxışlarına hüquqi qiymət verərək, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olur ki, tərəflər 2022-ci ildə tanış olub birlikdə kafedə xidmət göstərmişlər. Aralarında olan yaxın münasibətə görə iddiaçı cavabdehə Bakı şəhərində və digər yerlərdə satması üçün onun tapşırığı əsasında ərzaq malları və kənd təsərrüfatı heyvanları olan qaz, toyuq, hinduşka, qoyun və s. heyvanlar vermişdir. Cavabdeh həmin ərzaq mallarını və heyvanları iddiaçıdan nisyə götürərək satandan sonra pulunu qaytarmışdır. Bu barədə öz iradələrinə uyğun olaraq aralarında qarşılıqlı razılaşma olmuşdur. Sonuncu dəfə cavabdeh iddiaçıdan 4000 manat dəyərində ərzaq malları və heyvanları alsa da, həmin aldığı malların pulunu iddiaçıya qaytarmamışdır. İş materiallarından və tərəflərin izahatından aydın olur ki, cavabdehin iddiaçıya hazırda cəmi 4000 manat borcu vardır. İddiaçı Cavabdeh verdiyi ərzağın və heyvanların dəyərinin ümumilikdə 20245 (iyirmi min iki yüz qırx beş) manat təşkil etməsini və cavabdehin həmin puldan ona heç bir ödəniş etməməsini tələb edib bildirsə də, məhkəmədə bu hal aşkar edilmədi və cavabdeh məhkəməyə bunu təsdiq edən heç bir sübut və şahid təqdim edə bilməmişdir. Cavabdeh iddiaçıya 4000 (dörd min) manat borcunu qaytarmalı olduğu halda hal-hazıra qədər həmin puldan ona heç bir ödəniş etməmişdir. İşdə olan Göygöl Rayon Polis şöbəsinin 23 yanvar 2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, müraciət tərəflərindən müvafiq qaydada araşdırılmış, müraciətdə qeyd olunan xüsusatlar məhkəmə predmeti olduğundan bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə anadan olmuşdur. İşə əlavə edilmiş diskdən və “WhatsApp” proqramından çıxarılmış sənədlərdən aydın olur ki, tərəflərin arasında ərzaq mallarının və heyvanların alınıb verilməsinə və həmçinin cavabdehin iddiaçıya olan borclarına dair müxtəlif vaxtlarda yazışma olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırılması, şahid ifadələri və iş materialları ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda 4000 manat dəyərində ərzaq malları və müxtəlif növ heyvanlar almış və 4000 manat borcunu qaytarmalı olduğu halda hal-hazıra qədər həmin puldan ona heç bir ödəniş etməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat alınıb İddiaçı verilməli, iddiaçı tərəfindən ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumunun 60 (altmış) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumunun 60 (altmış) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar