Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-505/2025 21.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 35000 (otuz beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, təxminən 4 il əvvəl cavabdehin həyat yoldaşı X7 həbsdə olan zaman onunla əlaqə saxlayıb ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 54 sot torpaq sahəsini almaq istəmişdir. Ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 54 sot torpaq sahəsini 38000 (otuz səkkiz min) manata cavabdehin həyat yoldaşı X1 dair aralarında razılaşma olmuşdur. X7 həbsdə olduğu üçün torpağı ondan almaq üçün öz həyat yoldaşı olan Cavabdeh etibarnamə vermiş və həmin etibarnamə əsasında o, Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 54 sot torpaq sahəsini 38000 (otuz səkkiz min) manata satmışdır. Lakin, cavabdeh aldığı torpağın dəyəri olan 38000 (otuz səkkiz min) manatı ona qısa müddət ərzində ödəcəyini bildirdiyindən onunla razılaşmışdır. Təxminən 1 ildən sonra cavabdehin həyat yoldaşı X7 həbsdən çıxandan sonra 38000 (otuz səkkiz min) manat puldan yalnız 3000 (üç min) manat pul ona ödəmiş, qalan 35000 (otuz beş min) manatı isə 4-5 ay ərzində ödəniləcəyi cavabdeh tərəfindən ona bildirilmişdir. Lakin, həmin 35000 (otuz beş min) manat bu günədək ödənilməmişdir. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə Cavabdeh tərəfindən 35000 (otuz beş min) manat məbləğində pulunun ələ keçirilməsi barədə müraciət etmişdir. Lakin, Səbail Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərar qəbul edərək işin mülki məsələ olduğunu və məhkəməyə müraciət etmək lazım olduğunu bildirmişdir. Abşeron Rayon Polis İdarəsində cavabdehin həyat yoldaşı X4 ifadəsi alınarkən etiraf etmiş və cavabdehin 35000 (otuz beş min) manat borcu olduğunu təsdiq etmişdir. Bu səbəbdən də, o 35000 (otuz beş min) manat "pul tələbi’'nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 54 sot torpaq sahəsini Cavabdeh vermişdir ki, yoldaşı Şaiq Abbasovu həbsdən çıxartsın. Torpaq sahəsini dörd beş nəfərin şahidliyi ilə vermişdir. Daha sonra Şaiq Abbasov ona türmədən zəng edərək 4-5 aya çıxacağını və onun pulunu verəcəyini bildirmişdir. Lakin, 2020-ci ildən torpaq sahəsini verməsinə baxmayaraq pulunu verməmişlər. O, dəfələrlə Aybəniz xanıma müraciət etsədə ona narahat olmamasını pulunu verəcəklərini bildirmişdir. Sonuncu dəfə isə ona get nə bilirsən et demişlər. Torpaq sahəsinin sotunu 700 manata vermişdir. Ümumilikdə ona 38000 manat verməli idi, ondan cəmi 3000 manat vermişlər. Torpaq sahəsini etibarnamə ilə vermişdir. Torpaq sahəsi onun adına olmamışdır. O, torpağı qohumundan etibarnamə ilə almışdır. Cavabdeh isə torpaq sahəsini borc əvəzində Bakı şəhər prokurorluğunda işləyən Nizami adlı şəxsə vermişlər. Nizami isə ərizəsini geri götürdüyünə görə Şaiq Abbasov türmədən 1 il tez çıxmışdır. Telefonunda səs yazıları var. Torpağı verməsinə dair şahidləri var. Cavabdeh 5 nəfərin şahidliyi ilə ona sənəd imzalayaraq vermişdir. Lakin, həmin sənədi tapa bilmir. Həmin sənəddə 50000 manat qeyd etmişdir. Notariusda heç bir rəsmi sənəd imzalamamışlar. İddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə vəsatət göndərərək İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 35000 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etməsini, iddianın qanunsuz və əsassız olmasını, belə ki, iddiaçı qeyd edir ki, güya mülkiyyətində olan 54 sot torpaq sahəsini Cavabdeh satmışdır və həmin torpaq sahəsinin qarşılığında cavabdeh ona 35000 manat verməlidir. İddiaçı ilk növbədə həqiqətən mülkiyyətində 54 sot torpaq sahəsinin olub-olmamasını sübut etməlidir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı Rəşad Qəhrəmanovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, qeyd olunan qərarda torpaq sahəsini şifahi alqı-satqısı Şaiq Abbasovla olmuş, Aybənizin bununla bağlı heç bir öhdəliyi olmamışdır. Eyni zamanda torpaq sahəsinin ölçüsü, dəyəri, iddiaçının həqiqətən mülkiyyətində olub-olmaması barədə heç bir sübut təqdim edə bilməmişdir. İddianı qəbul etmirlər, iddia qanunsuz və əsassızdır. Məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəkdir. Ona görə də, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə iddiaçının arasında heç bir alqı-satqı olmamışdır. Torpaq sahəsinin şifahi alqı-satqısı Şaiq Abbasovla olmuş, Aybənizin bununla bağlı heç bir öhdəliyi olmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. İşdə olan Abşeron Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 020276 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1960-cı ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 54 sot torpaq sahəsini 38000 (otuz səkkiz min) manata Cavabdeh satmışdır. Cavabdeh ona borclu olduğu puldan 3000 (üç min) manatını vermiş, 35000 (otuz beş min) manat isə borcu qalmışdır. Dəfələrlə ona borclu olduqları pulun verilməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı məhkəmə iclasında şahidlərinin olmasını, əlavə sübutları təqdim edəcəyini bildirsə də məhkəmə tərəfindən dəfələrlə vaxt verilməsinə baxmayaraq iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan Abşeron Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 020276 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı olmaqla rüsum ödəməkdən azatdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-505/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-505/2025
21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver