Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-772/2025 29.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 4.236 (dörd min iki yüz otuz altı) manat pulun ödənilməsi, Bakı şəhərindən Göygöl şəhərinə məhkəməyə gəlib getdiyinə görə ödəyəcəyi yol pullarının ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını və Cavabdeh əməllərində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad çıxarıb araşdırılması üçün prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 5 ildir ki, tanıyır. Cavabdeh onun rəfiqəsinin qardaşıdır. Cavabdeh ona vəziyyətinin pis olduğunu bildirərək ondan 3000 (üç min) manat borc pul istəmiş və həmin pulu hissə-hissə hər ay ödəyəcəyini bildirmişdir. Onun vəziyyətinin pis olduğunu görüb ona kömək etmək məqsədi ilə 10 may 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankdan kredit götürüb özünə məxsus 409858******8355 nömrəli kartından M10 proqramı vasitəsilə cavabdehə məxsus 516751******0473 nömrəli karta pul köçürtmüşdür. Pulu bankdan götürdüyü üçün bank faizləri ilə birlikdə cavabdeh 4236 manat pulu qrafik üzrə hər ay 200 manat olmaqla banka ödəməli idi. Lakin, hər ödəniş vaxtı gələndə cavabdehə zəng edərək ödənişin günü olduğunu və banka pulu ödəməli olduğunu bildirdikdə Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Məcbur qalıb pulu özü ödəmişdir. Pulu ayın 10-u götürdüyündən ödənişi də hər ayın 10-u etməliydi. Maaşı hər ayın sonu aldığı üçün maaş alınan gün bank avtomatik olaraq pulu onun kartından çıxmışdır. Ayın axırına pulu ödədiyi üçün ondan hər ay 20 gün pulu gecikdirdiyi üçün əlavə faizdə tutulmuşdur. Hər ay Cavabdeh pulu ödəməyi bildirdikdə növbəti aydan ödəyəcəyini deyib onu aldatmışdır. Axır məcbur olub bu barədə ondan yazılı iltizam almışdır. 08 oktyabr 2023-cü ildə Cavabdeh yazılı olaraq iltizam verib bildirmişdir ki, həmin ayın 20-sindən etibarən hər ayın 20-si pulu ödəyəcək. Lakin Cavabdeh verdiyi sözə və yazdığı ildtizama bu dəfə də əməl etməmişdir. Məcbur qalıb bankdan götürdüyü kredit pulunu, ona hesablanmış faizi və hər ay 20 gün pulu gecikdirdiyi üçün pula hesablanan cərimə də daxil olmaqla 4236 manat pulu ödəmişdir. Artıq pulu tam ödəyib qurtarsada Cavabdeh pulu ona qaytarmamışdır. Əlində olan sübutları toplayıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu müddətdə onun pulunu qanunsuz saxlamaqla ona vurduğu zərərin əvəzini ödməlidir. Hesab edir ki, Cavabdeh hərəkətlərində dələduzluq, özbaşınalıq kimi cinayətlərin tərkibi vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı X1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, iddiasını müdafiə etdiyini, səhhətində olan problemlərlə əlaqədar, himayəsində 2 azyaşlı övladı olduğundan və Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, sübutlarını iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etməsini, iştirakı olmadan işə baxılaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş səda əl yazısı ilə yazılmış vərəqin surətindən görünür ki, Cavabdeh 10.5.2023-cü il tarixdə İddiaçı 3000 (üç min) manat məbləğində pul götürmüş, İddiaçı pulu onun 4098-5844-9413-1616 nömrəli kartına göndərmişdir. Həmin pulu aylara bölmək şərtilə hər ayın 20-si ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, Ordubadi küçəsi ev 7-də yaşayır. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, Ordubadi küçəsi ev 7-də yaşayır. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Göygöl şəhəri, 13-saylı Hərbi Şəhərcik ev 29-da yaşayır. İşdə materiallarına əlavə edilmiş 10 may tarixli çıxarışdan görünür ki, 4098 58** **** 8355 nömrəli kart hesabından 5167 51 ** **** 0473 nömrəli kart hesabına 3000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli İddiaçı məxsus hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı məxsus bank hesabından 01 yanrar 2023-cü il tarixdən 04 aprel 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hesabından silinmələr olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus bank hesabından 01 yanrar 2023-cü il tarixdən 11 mart 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hesabından silinmələr olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 3000 manat borca pul istəmiş və həmin pulu hər ay hissə-hissə qaytaracağı barədə ona söz vermişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından kreditə pul götürərək Cavabdeh kartına göndərmişdir. Buna baxmayaraq cavabdeh ondan borc götürdüyü pulu qaytarmamışdır. Dəfələrlə ona pulun qaytarılmasını xahiş etsə də, cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş sənədlər bağlı qeyd edilməlidir ki, çağız üzərində olan əl yazısının kimin tərəfindən doldurulması, pulun kimə məxsus bank hesabına və kim tərəfindən köçürülməsi, pulun nə səbəblə bağlı köçürülməsi, tərəflər arasında faktiki münasibəti müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə yalnız Cavabdeh İddiaçı borca pul götürməsinə dair əlyazma ilə yazılmış qəbzi və İddiaçı məxsus hesabdan çıxarış əlavə edilmişdir ki, həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-772/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-772/2025
29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver