Məhkəmə qərarları › İş №2(066)-982/2023

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-982/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-982/2023 12.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılma təlbəinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə və cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə o, Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, cavabdehin hal-hazırda harada olduğu barədə məlumatı olmamasını, onun heç bir məhkəmə iclasında iştirak etməməsini, odur ki, mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Belə olan halda məhkəmə işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 3, mənzil 11 ünvanda yerləşən ümumi sahəsi 76.1 kv.m olan ev iddiaçıya məxsusdur. Həmin evi Gəncə "ASAN Xidmət" mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-1462 reystr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında Cavabdeh almışdır. Bu barədə ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarış da verilmişdir. İddiaçı evi aldıqdan sonra cavabdeh evi boşaldıb ona təhvil verərək söz vermişdir ki, 6 ay müddətində evdən qeydiyyatdan çıxacaqdır. Lakin bu günə kimi onun evindən pasport qeydiyyatından çıxmamışdır. Cavabdeh onun evində pasport qeydiyyatında olduğu üçün əlavə kommunal xərcləri ödəyir və maddi ziyana düşür. Cavabdeh onun evində formal olaraq qeydiyyatdadır. Özünün bildiyinə görə o, hazırda Gəncə şəhərində yaşayır, ancaq ünvanı ona məlum deyildir. Bir halda ki, həmin evi alandan cavabdeh başqa ünvanda yaşayır, onun iddiaçının evində qeydiyyatda durmasının mənası yoxdur. Həm də onun evdə qeydiyyatda olması gələcəkdə evi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədəcək, eyni zamanda o, əlavə kommunal xərcləri ödəyəcəkdir. Ona görə də cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qərar çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında İddiaçıla qonşu olmasını, Cavabdeh evi iddiaçıya satandan sonra heç vaxt həmin evə gəlməməsini, onun 3 ildir ki, satdığı evdə yaşamamasını və hazırda qeyd olunan evdə İddiaçı yaşamasını bildirdi və göstərdiklərini öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 şahid X1 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə iş üzrə iddiaçının və şahidlərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 3, mənzil 11 də yerləşən 76.1 kvm-dən ibarət mənzil İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Göygöl rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 12 iyun 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı cavabdehin ona məxsus olan evdən qeydiyyatdan çıxarılması barədə Şöbəyə müraciət etmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılması onların səlahiyyətləri daxilində olmamasına görə qanunamüvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması ona bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından aydın olur ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 03, mənzil 11 saylı evdə xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh və 06 iyul 2020-ci il təvəllüdlü X4 qeydiyyatdadır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının və şahidlərin izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 03, mənzil 11 də yerləşən 76.1 kvm-dən ibarət mənzil İddiaçı xüsusi mülkiyyətidir. Sözügedən mənzili 3 il əvvəl İddiaçı Cavabdeh almış və evə dair 18 sentyabr 2020-ci il tarixli DƏDRX-dən çıxarışda almışdır. Cavabdeh iddiaçıya məxsus evdə pasport qeydiyyatında olsa da, evi satdığı vaxtdan, yəni 2020-ci ildən hal-hazıra qədər həmin ünvanda yaşamasa da, evdən pasport qeydiyyatından çıxmamış və mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etməmişdir. Cavabdehin formal olaraq mübahisəli evdə qeydiyyatda qalması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur olur. Məhkəmə hesab edir ki, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 03, mənzil 11 də yerləşən 76.1 kv.m-dən ibarət mənzil İddiaçı xüsusi mülkiyyətidir və onun mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə ancaq iddiaya yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində baxa bilər. İddia pasport qeydiyyatından çıxarılma hissəsində təmin edilə bilməz. Belə ki, pasport qeydiyyatından çıxarılma ilə bağlı mübahisələri mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən imtina edildikdə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 03, mənzil 11 də yerləşən İddiaçı mülkiyyətində olan yasayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 3, mənzil 11 də yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar