Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-106/2022 06.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh JN-2633 saylı, 30209018 kodlu Dövlət aktına əsasən Xaçmaz rayonu, Yergüc kəndi ərazisində 1.29 ha kənd təsərrüfatı məhsullar istehsalı meyvə bağı həmçinin 30209018 kodlu, JN-2633 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.08 ha həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçinin mülkiyyət payının müəyyən olunması, həmin torpaq sahələrinə dair onun mülkiyyət payının naturada ayırmaqla ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, JN-2633 saylı, 30209018 kodlu Dövlət aktına əsasən Xaçmaz rayonu, Yergüc kəndi ərazisində 1.29 ha kənd təsərrüfatı məhsullar istehsalı meyvə bağı həmçinin 30209018 kodlu, JN-2633 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.08 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və ailə üzvlərinin adlarına qeydiyyata alınmaqla mülkiyyətlərinə verilmişdir. Hazırda həmin torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair mülkiyyətçilərin öz sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə razılıq yoxdur, bu barədə cavabdehlə onun arasında mübahisə yaranmışdır. Cavabdeh həmin sözü gedən torpaq sahələrini öz razılığı ilə ayırıb istifadəsinə vermədiyinə görə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona düşən torpaq sahəsinin ayrılaraq ona veriləndən sonra mülkiyyət sənədi əldə edəcək ki, əmlakı üzərində sərəncam hüququnu reallaşdıra bilsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq onu da bildirmişdir ki, cavabdehlə payların müəyyən edilməsi ilə bağlı hər hansı bir danışıqlar aparılmamışdır, buna görə də aralarında razılaşma əldə olunmayıb. Əvvəlki məhkəmə iclasında izahat vermiş Cavabdeh izahatında bildirmişdir ki, cavabdehin nümayəndəsi Nümayəndə onun birinci arvadıdır. Xuramanla onun birgə nikahlarında iki oğlu doğulmuşdur. Hazırki iddiaçı Rasim onun və Xuramanın doğma oğludur. Uşaqlar körpə olan dövrdə Xuraman ailəni atıb getmişdir, buna görə də o, uşaqlarını böyük əziyyətlə böyütmüşdür. Məcbur olub ikinci dəfə ailə həyatı qurmuşdur. Dövlət aktında özü və iki oğlundan başqa, ikinci arvadı X2 da qeyd olunub. Doğma oğlu, hazırki iş üzrə İddiaçı uzun illərdən sonra ailəyə xəyanət etmiş Nümayəndə ilə barışdığından, evdən çıxıb getmişdir. Bu səbəbdən də, hal-hazırda anası ilə birləşib torpaqdan pay almaq istəyir. Buna baxmayaraq o, pay torpaqda oğlunun payını inkar etmir, lakin torpaqda bərabər şəkildə payların müəyyən edilməsinə etiraz edir. Oğlu Rasim onunla və digər payçılarla danışıqlar aparmamışdır, danışıq aparsa idi, müəyyən razılığa gələ bilərdilər, çünki oğlu Rasim anası ilə barışıb onlarda üz döndərsə də, yenə də onun doğma oğludur və bərabər olmasa da, müəyyən payın sahibidir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X7 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 10\5955 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.29 ha pay torpaq sahəsi kiçik olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamış, JN-2633 seriyalı, 30209018 kodlu şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yarımtikili mövcud olduğundan və payçılar arasında torpaq sahəsinin bölgüsü torpağın səmərəsiz və istifadəsiz vəziyyətə salınmasına səbəb olduğundan payşılar arasında bərabər hissəyə bölünməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Tərəflərin izahatlarından müəyyən edildiyi kimi, payçılar pay torpağında payların müəyyən edilməsi ilə bağlı hər hansı bir danışıqlar aparmamışlar. Məhkəmə hesab edir ki, cavabdeh payın müəyyən edilməsi ilə bağlı iddiaçının onunla danışıq aparılacağı təqdirdə müəyyən razılığın əldə olunma ehtimalın olmasını etiraf etdiyindən iddiaçı ilk öncə bu danışığın aparılmasına cəhd göstərməli idi. İddiaçı həmin danışığı apardıqdan sonra, müsbət nəticə əldə etməyəcəyi halda, məhkəməyə müraciət etməli idi. Bundan başqa, məhkəmənin qənaətinə görə Mülki Məcəllənin 214.1-ci maddəsində göstərilən qayda bu halda tətbiq edilməli deyil, ona görə ki, iddiaçı iddia tələbində payların bərabər şəkildə bölünməsini xüsusi şəkildə konkretləşdirməmişdir və belə başa düşülür ki, iddiaçı sadəcə olaraq payların müəyyən olunmasını xahiş etmişdir, Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul X3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-106/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-106/2022
06.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver