Məhkəmə qərarları › İş №2(067)-1082/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1082/2023

31.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1082/2023 31.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Xaçmaz şəhəri, H.Aslanov küçəsi ev 33-də yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 23.5 kv.m olan, Xaçmaz şəhəri, H.Aslanov küçəsi ev 33 onun tam payla xüsusi mülkiyyətindədir. Həmin evə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən onun adına qeydiyyat tarixi xx.xx.2005-ci il tarixli, qeydiyyat nömrəsi 6727 olan hüquqların qeydiyyat vəsiqəsi haqqında Çıxarış verilmişdir. Cavabdehin onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir. Cavabdeh onunla birgə yaşamır. Onu tez-tez narahat edir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2005-ci ildə Göyçaydan Xaçmaz şəhərində köçmüş və Xaçmaz şəhərində H.Aslanov küçəsi ev 33-də yerləşən 4 saylı mənzili satın almışdır. Onun 5 övladı var. Xaçmaz şəhərində köçəndə onlardan dördü onunla birlikdə gəliblər və satın aldığı evdə yaşamışlar. Bir qızı isə Göyçayda yaşadığı müddətdə gəlin köçüb gedib, bir qızı isə Xaçmazda yaşayanda Bakı şəhərinə köçüb gedib. Cavabdeh onunla birlikdə Xaçmaz şəhərinə köçüb və Xaçmaz şəhəri H.Aslanov küçəsi ev 33-də yerləşən 4 saylı mənzildə yaşayıb. Cavabdeh evlənəndən sonra onunla münasibətləri pisləşib. Cavabdeh evlənəndən sonra, 5-6 il mənimlə birlikdə yaşayıblar, sonra Türkiyəyə çıxıb gediblər. Evdə ondan başqa digər ailə üzvləri də qeydiyyatdadırlar. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, inventar işinin №si 6727 olan, Reyestr kitabında №si 5729a olan hüquqların qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayonu, H.Aslanov küçəsi ev 33 mənzil 4 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli 160-12518-1222 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh faktiki olaraq Xaçmaz şəhəri, Həzi Aslanov küçəsi ev 33 mənzil 4-də pasport qeydiyyatındadır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir, Cavabdeh qeyd edilən mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 2005-ci ildən, yəni, cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi qanunvericiliyin müddəalarına görə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi irəli sürmək hüququ həmin yaşayış sahəsinin mülkiyyətçisinin müstəsna səlahiyyətlərinə aid edilsə də, lakin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Sadalanan qanunvericilik aktı normalarına və iş üzrə toplanmış sübutlara əsasən məhkəmə hesab edir ki, iddiaçının oğlu Cavabdeh sözügedən Xaçmaz şəhərində H.Aslanov küçəsi ev 33-də yerləşən 4 saylı mənzilində 2005-ci ildən qeydiyyatda olmaqla mənzilə istifadə hüququ yarandığından, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edildiyindən, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi barədə isə iddiaçı ilə aralarında razılaşma olmadığından, bu hüquqa iddiaçının məhkəmə qaydasında tələbinə əsasən cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməli olduğundan, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar