Məhkəmə qərarları › İş №2(067)-1107/2021

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-1107/2021

20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1107/2021 20.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh, eləcə də digər Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 qarşı «Öhdəliyin icrası tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində yerləşən 1,19 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə aralarında 2003-cü ilin oktyabr ayında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsi ilə rəsmi məhkəmə bildirişləri göndərilmiş, lakin Cavabdeh3 məhkəmə baxışı iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılması haqqında qərardad çıxarmışdır. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, 2003-cü ilin oktyabr ayında ona məlum olmuşdur ki, cavabdehlər paylı mülkiyyətlərinə aid Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində yerləşən 1,19 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrini satırlar. Həmin vaxt o, kənd təsərrüfatı ilə məhğul olmaq fikrində olduğundan cavabdehlərin satdıqları torpaq sahəsi ilə maraqlanmış, cavabdehlərlə görüşüb söhbət edərkən onlar özlərinə məxsus torpaq sahəsini sataraq, başqa yerdən torpaq sahəsi almaq fikrində olduqlarını bildirmişlər. Cavabdehlərlə torpaq sahəsinin dəyərini qarşılıqlı olaraq 1000 ABŞ dollarına razılaşmış və 2003-cü ilin oktyabr ayında o, razılaşdıqları məbləği tam şəkildə ödəyərək sonunculara məxsus 1,19 ha torpaq sahəsini satın almışdır. Bundan sonra cavabdehlər satdıqları torpaq sahəsinin dövlət aktını ona vermiş və torpaq sahəsini həmin vaxtdan ona təhkim etmişlər. O, 2003-cü ilin oktyabr ayından satın aldığı torpaq sahəsindən istifadə etməyə başlamış, həmin vaxtdan hazırki günədək torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Cavabdehlərdən torpaq sahəsini satın alarkən ona bildirmişlər ki, sənədlərində müəyyən çatışmamazlıqlar vardır. Bu səbəbdən həmin vaxt aralarında baş tutmuş əqdin notarial qaydada rəsmiləşdirilməsi baş tutmamış və cavabdehlər qısa müddət ərzində sənədləri qaydasına salaraq notariusa gedib satdıqları torpaq sahəsini onun adına rəsmiləşdirəcəklərinə vəd vermişlər. Cavabdehləri tanıdığı və onlara inandığı üçün bir müddət vaxt vermişdir. Lakin sonradan cavabdehlər vədlərinə əməl etməmiş və alqı-satqını rəsmiləşdirməkdən yayınmağa başlamışlar. Dəfələrlə cavabdehlərə notariusa gedib alqı-satqını rəsmiləşdirməyi xahiş etsə də cavabdehlər bundan yayınmışlar. O, bir alıcı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəliyi icra etməmələri ucbatından onun hüquqları pozulur və bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 1,19 ha torpaq sahəsinin alqı-satqısına dair onunla cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 arasında 2003-cü ilin oktyabr ayında baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən cavabdeh, eləcə də digər Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yaşayır. Həqiqətən 2003-cü ilin oktyabr ayında başqa ərazidən torpaq sahəsi almaq üçün paylı mülkiyyətləri olan Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 1,19 ha torpaq sahələrini ümumi razılıq əsasında satmaq qərarına gəlmişlər. Bu xəbəri eşidən İddiaçı onlara müraciət etmiş və onlardan torpaq sahəsi almaq istədiyini bildirmişdir. Söhbət əsnasında onlar torpaq sahələrini həqiqətən satmaq fikrində olduqlarını iddiaçıya bildirmişlər. İddiaçı onların satdıqları torpaq sahəsinə baxmış və bəyənərək almaq qərarına gəlmişdir. İddiaçı ilə onlar qarşılıqlı olaraq 1000 ABŞ dolları qiymət razılaşmışlar. Razılaşdıqları məbləgi 2003-cü ilin oktyabr ayında iddiaçı onlara ödəmiş və torpaq sahəsini satın almışdır. Aralarında olan razılaşmaya əsasən onlar alqı-satqının rəsmiləşdirilməsini üzərlərinə götürmüşlər, lakin sənədlərdə müəyyən çatışmamazlıqlar olduğundan iddiaçıdan onlara bir qədər vaxt verməsini xahiş etmişlər. İddiaçı onlarla razılaşmışdır. Lakin sonradan yaranmış müəyyən çətinliklərlə əlaqədar olaraq iddiaçıya satdıqları torpaq sahəsini iddiaçının adına rəsmiləşdirə bilməmişlər. İddiaçı dəfələrlə onlara müraciət edərək notariat kontoruna gedərək əqdi rəsmiləşdirməyi xahiş etsə də keçən müddət ərzində birgə toplaşıb bunu icra etmək mümkün olmamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həqiqətən də satdıqları 1,19 ha torpaq sahəsi 2003-cü ilin oktyabr ayından faktiki olaraq iddaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı hazırda iddiaçı ilə aralarında hər hansı mübahisə yoxdur. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmin qənaətə aşağıdakı sübutların məcmusuna əsasən gəlir: Belə ki, mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0043 seriyalı, 30202007 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Cavabdeh3, Nümayəndə və Quliyeva (Hüseynova) Aytən Vaqib qızının paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisindən 1,19 ha pay torpaq sahəsi verilmişdir. İ.K.Rəcəbovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kostitusiyası Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur. - əqdin notarial təsdiqlənməsi qaydasına riyaət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunverciliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki,daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahəsinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 özlərnə məxsus Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən cəmi 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini 2003-cü ilin oktyabr ayında İddiaçı satmaları və onların mübahisəli torpaq sahəsini elə həmin vaxtdan faktiki olaraq iddiaçının istifadəsinə və sahibliyinə vermələri tərəflərin izahatları və iş materialları ilə tamamilə sübuta yetir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri baş verən vaxt qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən cəmi 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almaq barədə razılığa gəldikdən sonra iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş verdiyindən, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayındıqlarından, tərəflər arasında baş tutmuş əqd özü qanuna zidd olmadığından həmin əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən iddiaçının tələbi ilə etibarlı hesab edilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0043 seriyalı, 30202007 kodlu dövlət aktına əsasən cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 mülkiyyətinə aid Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən cəmi 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə cavabdehlər Cavabdeh3, Nümayəndə və Cavabdeh2 arasında 2003-cü ilin oktyabr ayında bağlanmış əqd etibarlı hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar