Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1423/2023 04.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarma tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz şəhəri Atabəylər küçəsi ev 8-də yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 1980-ci il tarixdən Xaçmaz şəhəri Atabəylər küçəsi ev 8-də yerləşən 130,6 kv.metr olan 2 mərtəbəli yaşayış sahəsi onun istifadəsindədir və ona məxsusdur. Həmin evdə hazırda o və cavabdehlər bir yerdə yaşayırlar. Cavabdehlər oğlu və gəlinidir. Cavabdehlər onunla və arvadı ilə yola getmir, onu incidirlər, təhqir edirlər. Nalayiq sözlər işlədərək hətta döyürlər. Bu barədə polis şöbəsinə də şikayət etmişdir. Polis şöbəsində barələrində tədbir görülməsinə baxmayaraq yenə də onu təhqir etməkdə və döyməkdə davam edirlər. Onun 74 yaşı var. Ancaq buna baxmayaraq öz evində rahat yaşaya bilmir. Buna cavabdehlə\r imkan vermir, onu əsəbləşdirərək öldürmək istəyirlər. Hətta cavabdehlərə yaşamaları üçün ev də tikmişdir. Hansı ki onun evi yoxdur. O, kirayədə yaşaya bilməz, imkanı yoxdur. Məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə iddia ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, ev özünə məxsusdur və 1980-ci ildə tikilib. Hazırki cavabdeh olan oğlu 1984-cü ildə həmin evdə doğulub. Oğlu 2006-cı ildə digər cavabdeh Nailə ilə ailə həyatı qurub və ilk illərdə ayrıca yaşayıb. Təxminən 2008-ci ildə oğlu arvadı ilə birlikdə onun razılığı ilə hazırki mübahisəli evə köçmüşdür və onlar bir müddət birlikdə yaşamışlar. Hətta gəlini Nailəni də o razlıq verməklə, evə qeydiyyata saldırmışdır. 2010-cu ildə cavabdehlərlə onun arasında mübahisə olub və cavabdehlər evdən çıxmışlar. 2016-cı ildə aralarında barışıq olduğundan cavabdehlər yenə də onun evinə qayıtsalar da, çox keçməmiş yenə də mübahisə olmuş və onlar evdən çıxmışlar. 2020-ci ildə caavabdehlər onu aldadaraq, evə müvəqqəti yaşamaq adı ilə yenə də köçmüşlər, o isə buna razılıq vermişdir. Lakin, cavabdehlər hələ də evindən çıxmırlar. Ona görə də, cavabdehlərin onun xüsusi mülkiyyətində olan evindən çıxarılmasını xahiş edir. Cavabdehlərə kompensasiya verməklə bağlı onu deyib ki, oğluna digər evi yaşamaq üçün verib. Həmin evə 20000 manat xərc çəkib. Cavabdehlər özləri həmin evi tamamlayıb yaşasınlar. Üstəlik cavabdehlər kirayə çıxsalar hər ay pensiyasından 1 illik ayda 150 manat pul verməyə razıdır. Birdəfəlik kompensasiya ödəməyə imkanı yoxdur. Cavabdehlər evində kommunal xidmətlərdən israfçılıqla istifadə edir. 1 ayda 202 manat işıq pulu gəlib. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 300 manata kirayə ev tapmış, 100 manatı özü verər, 200 manatı da iddiaçı versin. 300 manatdan aşağı normal kirayə ev yoxdur. O, özü də həmin evdə yaşamaq marağında deyildir, günü sabah da kirayə evə çıxa bilər. Amma müəyyən işlərdə iddiaçı ona köməklik etsin. İddiaçı ayda 200 manat versə kirayə evdə yaşamağa razıdırlar. İddiaçının ona yaşamaq üçün verdiyi digər evin isə xeyli təmir işləri var. Təmiri tamamlamağa imkanı yoxdur. İddiaçı ya ona kompensasiya ödəsin, ya da həmin evin tamamlanmasında köməklik etsin, bundan sonra evdən çıxar. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatı ilə eyni izahat vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Hazırki iddia tələbinin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, **********58-10301reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ümumi sahəsi 130,6 kv.metr olan Xaçmaz şəhəri Atabəylər küçəsi 8 nömrəli ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. İşin hallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, Cavabdeh1 iddiaçının oğludur, o, 1980-ci ildə mübahisəli evdə doğulmuş və 2006-cı ilədək orada yaşamışdır. Cavabdeh2 isə iddiaçının gəlinidir. İddiaçının oğlu və gəlini 2006-cı ildə rəsmi nikaha daxil olmaları işin mübahisəsiz halıdır. İddiaçının deməsinə görə cavabdehlər ilk dəfə onun evinə 2008-ci ildə, cavabdehlərin isə deməklərinə görə onlar ilk dəfə iddiaçının evinə 2007-ci ildə köçmüşlər. Belə olan halda, Cavabdeh1 ilə İddiaçı arasında olan münasibətlər 1980-ci ildən yarandığından onların arasında olan münasibətlər 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməli, digər Cavabdeh2 isə 2006-cı ildə iddiaçının oğlu ilə rəsmi ailə qurub iddiaçının razılığı ilə 2009-cu ilin oktyabr ayınadək iddiaçının evinə köçdüyündən, onların aralarında olan münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən tənzimlənməlidir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsəsən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Mülki Məcəlləsinin 255.1.-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəlləsinin 255.2.-ci maddəsinə əsasən Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Mülki Məcəlləsinin 255.7.-ci maddəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Mülki Məcəlləsinin 255.8.-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Göründüyü kimi, cavavbdehlər onlara müvafiq kompensasiya ödəniləcəyi təqdirdə evdən çıxamağa razılıq verəcəklərini bildirmişdirlər. İddiaçı isə, bu cür kompensasiyanın ödənilməsinə imkanı olmadığını bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər iddiaçının razılığı ilə mübahisəli evə köçərək orada yaşadıqlarından hal-hazırda iddiaçı tərəfindən cavabdehlərə hazırki bazar dəyərinə uyğun kompensasiyanın ödənilməsindən imtina edilməsi cavabdehlərin onun evindən istifadə hüququnun xitam verilməsi və evdən çıxarılmalarını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1423/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1423/2023
04.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver