Məhkəmə qərarları › İş №2(067)-1426/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1426/2023

02.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1426/2023 02.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus ünvan 4 yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 4 yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, hüququ xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışla Dövlət Reyestrində qeydiyyata alınmışdır. Evində yaşamayan lakin qeydiyyatda qalmaqla özünə məxsus, Bakı şəhəri ünvan 1 ünvanında yaşayan oğlu xx.xx.1992-ci təvəllüdlü Cavabdeh ona məxsus ünvan 4 yaşayış evində pasport qeydiyyatında qalsa da, 2016-cı ildən evində yaşamır. 16 dekabr 2013-cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə həyat yoldaşı X3 arasında bağlanmış 131 saylı müqaviləyə əsasən MTK-ya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Babayev küçəsi, ev 4V, məh.3024, bina 2, giriş 2, mərtəbə 12, ümumi sahəsi 160 kv.m, 3 otaqlı mənzilə olan bütün hüquqları Cavabdeh vermişlər. Belə ki, "xxxx" MTKya həyat yoldaşı X3 tərəfindən ünvanlanmış 15 iyul 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş ərizədən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Babayev küçəsi, ev 4V, məh.3024, bina 2, giriş 2, mərtəbə 12 olan ümumi sahəsi 160 kv.m olan 135 nömrəli 3 otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina edir və həmin pay hüquqlarının ünvan 2 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh adına keçirilməsini xahiş edir. Gələcəkdə "xxxx" MTK-ya qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Başqa sözlə cavabdehə hər cür şərait yaratmışlar, ona Bakı şəhərində təmirsiz dəyəri 103000 manat olan mənzil almışlar və həmin mənzili sonradan tam təmir etdirərək cavabdehin mülkiyyətinə və istifadəsinə vermişlər. Qeyd olunan tarixdən cavabdeh ailəsi ilə birlikdə həmin ünvanda öz evlərində yaşayırlar. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırki mübahisəli ev onun atasının evi olub. Atası 1995-ci ildə rəhmətə getmişdir. 2020-ci ildə isə anası da rəhmətə gedəndən sonra, o , atasından qalan evi qanun üzrə vərəsəlik qaydasında notarial qaydada qəbul etmiş və hal-hazırda ev onun mülkiyyətindədir. Oğlu 1992-ci ildə anadan olub və 2015-ci ilədək onlarla yaşayıb. Lakin 2016-cı ildə oğlu evləndirkdən sonra, bir müddət onlarla yaşasa da, sonradan münasibətləri pisləşmişdir və oğlu Bakı şəhərinə köçmüşdür. 2020-ci ilin iyun ayından oğlu ilə bütün əlaqələri kəsilib, iyunun 2-də görüşmüşlər, ondan sonra əlaqələri yoxdur. Oğlu burada yaşamır. Evini digər övladına bağışlamaq istəyir. Ona görə cavabdehin evindən istifadə hüququna xitam verilməsini istəyir. O, Bakı şəhərində yeni tikilmiş binada ev almış, daha sonra həmin evi oğluna bağışlamışdır. Bunu təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilib. Cavabdehin yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar heç bir kompensasiya ödəmək fikri yoxdur, ona görə ki, o, cavabdehə Bakı şəhərində ayrıca ev alıb vermiş və cavabdehin yaşamağa evi vardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh ünvan 3 ünvanda yaşayır, həmçinin DİN-nin bu barədə arayışını təqdim edir. Arayışı cavabdeh o vaxt ABŞ səfirliyinə təqdim etmək üçün almışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2022-ci ildən oğlu buradakı evdə yaşamır. Məhkəmədə isə bildirir ki, 2020-ci ilin iyun ayından münasibətləri kəsilib. Cavabdehə kompensasiya verilərsə o, evdən istifadə hüququna xitam verilməsinə razı olar. Əks halda iddianın rədd edilməsini xahiş edir. Çünki cavabdeh həmin evdə doğulub, böyüyüb, orada yaşayıb. Ağlabatan məbləğdə kompensasiya verilsə, cavabdeh istifadə hüququna xitam verilməsinə razı ola bilər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qapı qonşudur. Onun oğlu Hikməti 7-8 il ərzində sadəcə Xaçmaz ərasizində 1 dəfə görmüşdür, həyətdə, evdə isə görməmişdir. Onu xeyir, şər məclislərində görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qapı qonşudur. İddiaçının oğlu Hikmət 5-6 ildir gəlmir, evlərində məclis olub amma gəlməmişdir. Cavabdeh həmin evdə doğulub. Nahar vaxtı, həftəsonu da evdə olur, Hikmət gəlsəydi görərdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. Sonuncu dəfə iddiaçının oğlu Hikməti 5-6 il əvvəl öz toyunda “Almaz” şadlıq sarayında görmüşdür. Hikmətin Xaçmaz şəhərinə gəlib-getdiyini bilmir, amma qonşuluqda görməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 4 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan notarial qaydada tərtib edilmiş X1 ərizəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Babayev küçəsi, ev 4V, məh.3024, bina 2, giriş 2, mərtəbə 12 olan ümumi sahəsi 160 kv.m olan 135 nömrəli 3 otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş və həmin pay hüquqlarının ünvan 2 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh adına keçirilməsini xahiş etmişdir. Gələcəkdə "xxxx" MTK-ya qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh ünvan 4 ünvanında yaşamır. İş materiallarında olan Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, həqiqətən 2016-cı ildən hazıra kimi Cavabdeh ünvan 4 ünvanında yaşamır. Cavabdehin vəkili və nümayəndəsi Şahin Müətəllimovun məhkəməyə təqdim etdiyi Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin14 sentyabr 2023-cü il tarixli 2655 saylı arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanında yaşayır. Arayış ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim edilməsi üçün verilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, sözügedən arayış mülki iş üzrə sübut kimi qəbul edilə bilməz, ona görə ki, həmin təşkilatın 29 avqust 2022-ci il tarixli 3160 saylı arayışından görünür ki, Cavabdeh Xaçmaz şəhəri Musabəyov küçəsi 24 ünvanında yaşamır. Həmin arayış Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilməsi üçün verilmişdir. Bundan başqa, Cavabdeh Xaçmaz şəhəri Musabəyov küçəsi 24 ünvanında yaşamaması haqqında qonşuların iştirakı ilə akt tərtib edilmiş və həmin akt Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin məsul əməkdaşı tərəfindən möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, eyni təşkilat hətta eyni məsul şəxslər tərəfindən eyni məsələyə dair iki ziddiyətli arayışlar təqdim edilmişdir. Belə olan halda, ABŞ səfirliyi üçün verilmiş arayış əsaslı şübhələr yaratdığından, məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edə bilməz. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən ikinci arayış isə ASAN- 1 tərəfindən verilmiş və həmin arayışla təsdiq olunur ki, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır. Bununla bağlı məhkəmə hesab edir ki, bu arayış iş üçün heç bir əhəmiyyətə malik deyil, ona görə ki, həmin arayış sadəcə olaraq cavabdehin qeydiyyatda olduğu ünvanı təsdiq edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Məhkəmə hesab edir ki, cavabdeh 1992-ci ildə doğulduğundan və doğulduğu gündən mübahisəli evdə yaşadığından, iddiaçı ilə onun arasında mülki hüquq münasibətləri də həmin ildən yaranmış olur. Bu səbəbdən də, onların arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan münasibətlər 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun tənzimlənməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloci dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 8-ci bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmənin mövqeyinə görə, iddiaçının 2016-cı ildən sonra ünvan 8 ünvanda yaşaması iş materialları və şahid ifadələri ilə tamamilə sübuta yetirilir. Cavabdeh 2016-cı ilədək valideynləri ilə birgə yaşasa da, sonradan heç bir təzyiq və basqıya məruz qalmadan həmin mənzili tərk edərək, yaşamaq üçün başqa yerə köçmüşdür. İddiaçı tərəf hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzili tərk etməyə məcbur edildiyini bildirməmişdir. Əksinə, iddiaçının arvadı tərəfindən cavabdehə notarial qaydada təsdiq olunmuş ərizəsi il sübuta yetirilir ki, cavabdehə Bakı şəhərində 3 otaqlı ev bağışlanmışdır. Cavabdehin hazırda mübahisə etdiyi mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Onun mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, o, həmin mənzillə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər, müxtəlif orqanlara şikayət edərdi. Lakin bu cür addımlar atılmamışdır. Göründüyü kimi, cavabdehin məhkəmə mübahisəsi olanadək və bundan sonra da mübahisələndirdiyi mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar