Məhkəmə qərarları › İş №2(067)-16/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-16/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-16/2021 09.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Hacıisa-oba kəndi ərazisində yerləşən torpaq sahəsinin qarşısında Cavabdeh tərəfindən qoyulmuş ot tayasının onun öz vəsaiti hesabına götürülərək ərazinin boşaldılması, torpaqdan istifadələrinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Xaçmaz rayonu, Hacıisa-oba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,66 ha pay torpaq sahəsi verilmişdir. Hüquqları ‘Torpağa mülkiyyət hüququna dair” JN-0048, kod 30214098 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Sonradan mülkiyyətçilərdən X2 öz torpaq payını ayırmış, bununla əlaqədar Dövlət Reyestr Xidmətindən Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 02.09.2016-cı qeydiyyat tarixli, **********94 reyestr nömrəli Çıxarış almışlar. Çıxarışda da torpaq sahəsinin 4 nəfər ailə üzvülərinin mülkiyyətində olması göstərilmişdir. Onların pay torpaq sahəsi ilə Cavabdeh evinin arasında təxminən 10 metr enliyində yol, yoldan sonra isə torpaq sahələrinin qarşısında hələ sovet dövründə atılmış xəndək mövcuddur. Cavabdeh özbaşına olaraq torpaq sahələrinin qarşısındakı xəndəyi doldurmuş, torpaq sahələrindəki ağacları kəsmiş, torpaq sahəsinə heyvanat girməsin deyə düzəltdikləri çəpəri dağıltmış, həmin torpaq sahələrinin düz qarşısında ot tayası qoymuşdur. Nəticədə torpaq sahələrinə sərbəst girib-çıxa bilmirlər, mülkiyyətlərindən təyinatına görə istifadədə ciddi maneələr yaranmışdır. Habelə cavabdeh tərəfindən çəpər dağıldığına görə torpaq sahəsində əkdikləri qələmləri mal-qara tərəfindən məhv edilir. Qonşu mülkiyyətçilərin torpaq sahələri də onların torpaqları ilə həmsərhəd olduğuna görə yalnız yol istiqamətində girib-çıxma, habelə texnika salmaq mümkündür. Cavabdeh isə buranı zəbt edərək ot tayası yeri kimi istifadə edir. Halbuki, onun evinin kifayət qədər böyük həyəti, habelə həyətinin qarşısında ot tayası qoymaq üçün kifayət qədər yer mövcuddur. Dəfələrlə bu barədə cavabdehlə aralarında münaqişələr olmuş, bu barədə dəfələrlə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Çox təəssüf ki, Cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmiş, ot tayasını oradan yığışdırmamışdır. Ona görə də iddiaçı məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Hacıisa-oba kəndi ərazisindən 1.66 ha pay torpaq sahəsinin verildiyini, sonradan paylı mülkiyyətçilərdən X1 öz pay torpaq sahəsini ayıraraq, bununla əlaqədar Dövlət Reyestr Xidmətindən RX seriyalı, ******* nömrəli Çıxarış aldığını bildirmişdir. Onların pay torpaq sahələri ilə cavabdehin evinin arxasında təxminən 10 metr enliyində yol, yoldan sonra isə torpaq sahəsinin qarşısında köhnədən atılmış xəndək vardır. Cavabdeh özbaşına olaraq torpaq sahəsinin qarşısındakı xəndəyi doldurub, torpaq sahəsindəki ağacları kəsib, torpaq sahəsinə heyvanat keçməməsi üçün düzəltdikləri çəpəri dağıdıb, həmin torpaq sahəsinin düz qarşısında ot tayası qoymuşdur. Nəticədə torpaq sahəsinə sərbəst girib-çıxa bilmirlər. Habelə cavabdeh tərəfindən çəpər dağıldığına görə torpaq sahəsində əkdikləri ağacları mal-qara məhv edir. Qonşu mülkiyyətçilərin torpaq sahələri də onların torpaq sahələri ilə həmsərhəd olduğuna görə yalnız yol istiqamətində girib-çıxmaq, əraziyə texnika salmaq mümkün deyil. Cavabdeh isə həmin yeri zəbt edərək ot tayası yeri kimi istifadə edir. Halbuki onun evinin kifayət qədər böyük həyəti, habelə həyətinin qarşısında ot tayası qoymaq üçün kifayət qədər yer var. Dəfələrlə bu barədə cavabdehlə aralarında münaqişələr olmuş və dəfələrlə Xaçmaz RPŞ-nə müraciət etmişdir, lakin cavabdeh ot tayasını oradan yığışdırmır. Cavabdeh onun torpaq sahəsini zəbt etməmişdir. Cavabdehin ot tayası qoyduğu yer onun torpaq sahəsi deyildir, həmin yer onun torpaq sahəsindən kənarda yerləşir. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur və göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının torpaq sahəsini zəbt etmədiyini, iddiaçının torpaq sahəsindən istifadə etməsinə də heç bir maneə törətmədiyini, ot tayasını da bələdiyyəyə məxsus torpaq sahəsində qoyulduğunu göstərmişdir. Sonuncu dəfə infarkt keçirməyi ilə bağlı xəstəxanada olduğundan tədqiqat obyektinə baxış keçirilərkən baxışda iştirak etməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ‘Torpağa mülkiyyət hüququna dair” JN-0048, kod 30214098 saylı dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayonu, Hacıisa-oba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,66 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 02.09.2016-cı qeydiyyat tarixli, **********94 reyestr nömrəli çıxarışından və A seriyalı 092415 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Hacıisa-oba kəndi ərazisindəki 1.328 ha pay torpaq sahəsinin mülkiyyətçisi X5 və onun ailə üzvləridir. İş materiallarında olan Xaçmaz Lahiyə-Tədqiqat idarəsinin 21.09.2021-ci il tarixli arayışından müəyyən olunur ki, məhkəmə tərəfindən İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, lakin tərəflərdən Cavabdeh qeyd olunan tarixdə Xaçmaz rayon məhkəməsində iştirak etmədiyindən və mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması üçün cavabdehin mübahisə predmeti olan torpaq sahəsində iştirakı zəruri olduğundan mübahisə predmeti olan torpaq sahəsində yerində baxış keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan ödəniş tapşırığından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə tərəflərin izahatından müəyyən etmişdir ki, iddiaçı cavabdeh tərəfindən özünəə məxsus olan torpaq sahəsinin qarşısında yerləşən ot tayasının onun öz torpaq sahəsindən istifadə etməsinə maneə yaratdığını bildirir. Lakin iddiaçı qeyd edilən halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar