Məhkəmə qərarları › İş №2(067)-1658/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1658/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1658/2024 21.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh, Cavabdeh mənə dəymiş 5400(beş min dörd yüz) manat maddi ziyanın, 2500 manat vəkilə ödədiyim pulun, 2000 manat mənəvi ziyanın və ödədiyim 110 manat dövlət rüsumunun, cəmi 10010(0n min on) manat pulun alınaraq mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsində, Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən, mərhum X18dən miras qalmış 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində, oğlanları X14 4,4/10 pay, X6-4,4/10 pay və onun 1,1/10 pay hissədə pay hüququ müəyyən edilməsi və cavabdehin adına reyestrdə 2V-1344 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə, Cavabdeh qarşı iddia qaldırmışlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-338/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(105)-141/2024 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Ləcət kəndi üzrə icra nümayəndəliyin 15 oktyabr 2021-ci il tarixli, 349 saylı saxta arayışına əsasən verilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Ləcət kəndi üzrə icra nümayəndəsinin 05 may 2023-cü il tarixli, 09 nömrəli məktubundan görünür ki, “Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Ləcət kəndi üzrə icra nümayəndəliyin müavini Reyhan Aslanova tərəfindən verilmiş, 13 oktyabr 2021-ci il tarixli, 349 saylı arayış verilərkən, Ləcət kəndi İƏD üzrə nümayəndəsi məzuniyyətdə olmuşdur. Cavabdeh tərəfindən əvvəl də həmin arayışın verilməsi üçün nümayəndəliyə müraciət olunmuş və onun istədiyi formada arayışın verilməsinə imtina olunmuşdur. X18 rəhmətə getməmişdən əvvəl, 2012-ci ildə evi və torpaq sahəsini oğlanları Zaminə və Bədirxana vəsiyyət etmişdir, ona, ölənə kimi həyat yoldaşı - oğlu, Abasov Əlikərim baxmış, öləndən sonra həmin evdə Əlikərim yaşamış və təsərrüfatı o, idarə etmişdir. Köhnə evi təmir etmiş, həyətdə əlavə tikililər tikmiş və başqa işlər görmüşdür. Cavabdehin isə anası ilə münasibəti pis olmuş, küsülü olmuşlar. Əlikərim səhhəti ilə bağlı 2020-ci ildə RF-nın Tomsk şəhərinə getmiş, oradan qayıtdıqdan sonra, həmin ilin oktyabr ayının 30-da, yaşadıqları Dərbənd şəhərində, pandemiya dövrü, xəstəlikdən vəfat etmişdir. Onlar evi qonşuluqda yaşayan X3 tapşırmışlar. Bir gün Xanlar ona zəng edərək bildirmişdir ki, cavabdeh və oğlu onun yanına gələrək evin açarlarını istəmiş, lakin o, açarı verməmiş, onların evdə olmamalarından istifadə edərək, evin zirzəmisindən, qapını sındırmaq yolu ilə evə daxil olaraq cavabdehin oğlu X12 evdə və həyətdə olan bütün əmlakları daşıyaraq öz evinə aparmış, eləcə də evin təmiri üçün evdə gizlədilib saxlanılmış 10000 manat pulu da oğurlamışdır. Bununla bağlı o Xaçmaz RPŞ-ə rəsmi ərizə ilə müraciət etsə də təhqiqatçı tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Xaçmaz rayon məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə Xaçmaz RPŞ-nin TBnin təhqiqatçısı X13 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədəki həmin qərar ləğv edilərək, yenidən baxılması üçün Xaçmaz RPŞ-nin TB-ə qaytarılmış və hal-hazırda həmin material İB-nin müstəntiqi Nemət Xasayevin icraatındadır. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, sərhəd bağlı olduğundan o respublikaya 9 dəfə təyyarə ilə gəlib - qayıtmalı olmuş və hər dəfə gələndə 600 manatdan çox xərci çıxmışdır. Bundan başqa, cavabdeh əsassız olaraq saxta sənədlərlə məhkəməyə müraciət etdiyindən, hüquqlarının müdafiəsi üçün vəkil ilə müqavilə bağlamalı olmuş və buna da 2500 manatdan çox xərci çıxmışdır. Bundan başqa o bu müddət ərzində bu işlə bağlı müxtəlif instansiyalara müraciətlər etmiş, dəfələrlə Bakı şəhərinə, Sumqayıt şəhərinə, Məhkəmələrə, Polis Şöbəsinə gedib-gəlmiş, əsəb gərginliyi keçirmiş, xəstələnmiş, eləcə də ona maddi-mənəvi ziyan vurulmuşdur. Ona dəyən mənəvi ziyanı 2000 manat dəyərində qiymətləndirir. İş üzrə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçı X11 iddia ərizəsində, cavabdeh tərəfindən evindən edilən oğurluq faktı, eləcə də vərəsəliklə bağlı saxta sənədlər təqdim olunaraq mülkiyyəti öz adına rəsmiləşdirmək istəməsi ilə əlaqədar dəfələrlə yaşadığı RF-nın Dərbənd şəhərindən təyyarə ilə Azərbaycana gəlməsi, eləcə də xəstələnməsi ilə əlaqədar, ona, həm maddi, həm də mənəvi ziyan dəyməsini göstərmişdir. Evindən edilən oğurluq faktı ilə bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan Baş Prokurora şikayət ərizəsi göndərilmiş, araşdırma ilə bağlı yekun qərar qəbul edilməmişdir. Ona görə də cavabdehə qarşı maddi və mənəvi ziyanın tələbinə dair iddiası üzrə vərəsəliklə bağlı hissədə baxılaraq maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında da iddiaçı tərəf göstərmişdir ki, Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mərhum qaynanasına məxsus olub. Həmin torpaq sahəsini və fərdi yaşayış evini qaynanası, iddiaçının oğlanları X16 4,4\10 pay və X7 4,4/10 pay vəsiyyət etmişdir. Qaynanası vəfat edəndən sonra iddiaçının həyat yoldaşı Abasov Əlikərim həmin evdə yaşamış və təsərrüfatı o, idarə etmişdir. Daha sonra isə o, səhhəti ilə bağlı 2020-ci ildə Rusiya Federasiyasının Tomsk şəhərinə getmiş, oradan qayıtdıqdan sonra iddiaçının yaşadığı Dərbənd şəhərində Pandemiya vaxtı vəfat etmişdir. Həmin vaxt evdən oğurluq hadisəsi baş verib. Cavabdehin oğlu həmin evə daxil olaraq evdə və həyətdə olan bütün əmlakları aparmış və evdə gizlədilib saxlanılmış 10 000 manat pulu da oğurlamışdır. Bu barədə Xaçmaz rayon RPŞ-də araşdırma aparılmışdır. İddiaçı Xaçmaz rayon Məhkəməsində Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində oğlanlarına və iddiaçıya pay hüququ müəyyən edilməsi və cavabdehin adına olan vərəsəlik hüququ haqqında şəhadətnamənin etbarsız hesab edilməsi barədə Cavabdeh qarşı iddia qaldırmış və həmin iddia tələbi qismən təmin edilərək cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və qalan hissədə təmin olunmamışdır.Cavabdeh həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş və məhkəmənin qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Ferida həmin prosesdə iştirak etmək üçün sərhəd bağlı olduğuna görə Rusiya Federasiyasından respublikaya təyyarə ilə gedibqayıtmalı olmuş və hər dəfə xərcləri çıxmışdır. Bundan başqa iddiaçı hüquqlarının müdafiəsi üçün vəkil ilə müqavilə bağlamalı olmuş və buna da vəsait ödəmişdir. Bu müddət ərzində iddiaçı əsəb gərginliyi keçirmiş, xəstələnmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının tələbi ona aid deyil. İddiaçının yaşadığı Rusiya Federasiyasının ərazisindən hara və hansı məqsədlə gəldiyini bilmir. İddiaçı məhkəmədə iştirak üçün etibarnamə də verə bilərdi, necə ki, 2 dəfə bunu etmişdir. O, saxta sənəd verməmişdir, notariusun ondan tələb etdiyi sənədləri təqdim etmişdir. Digər vərəsələr ona vərəsəliklə bağlı etibarnamələr göndərmişlər. Vəsiyyətnamənin olmasından ümumiyyətlə xəbəri olmamışdır. İddiaçı ailəliklə Rusiya Federasiyasının Tomsk şəhərində yaşamışlar. O, anasına özü tək qulluq etmişdir. Notariusdan evin kimin adında olduğunu soruşub öyrənmiş, anasının əmlaklarının adına keçirilməsinin mümkünlüyünü soruşduqda ona mümkün olduğunu bildirmişlər. Ona görə də sənədləri təqdim edərək şəhadətnamə almışdır. Əvvəlki məhkəmə iclaslarında da cavabdeh göstərmişdir ki, iddiaçı mərhum qardaşının həyat yoldaşıdır. Anası sağ olarkən iddiaçı qaynanasının yanına gəlməmişdir. Anası 2016-cı ildə vəfat etmişdir. Qardaşı anasından sonra Rusiya Federasiyasının Tomsk şəhərində vəfat etmişdir. Qardaşı sağ olarkən iddiaçı qardaşı ilə danışmamışdır. İddiaçı hazırda qəsdən Bakı şəhərində xəstəxanada yatır ki, ona qarşı mənəvi ziyan ilə əlaqədar iddia qaldırsın. İddiaçının qardaşı ilə münasibəti olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-338/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(105)-141/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Xaçmaz RİHB-nın Ləcət kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 177 nömrəli arayışından görünür ki, Ləcət kəndində uzun müddət yaşamış X9 2016-cı ildən 2025-ci ilədək olan təsərrüfat başına kitablarında tək qeyd olunmuşdur. -Təyyarə biletlərinə dair çıxarılmış məlumtlardan müəyyən olunur ki, iddiaçı müxtəlif tarixlərdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. -Müayinədən keçməklə bağlı xarici ölkənin müxtəlif tibb müəssiələrindən verilən blanklardan müəyyən olunur ki, iddiaçı bir neçə dəfə müayinədən keçmişdir. -Ödəniş qəbzlərin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə (hazırki mülki işlə əlaqədar) Xaçmaz rayon vəkil bürosunun hesabına (300 azn), iddia ərizələrinin verilməsinə görə, həmçinin, Bakı şəhəri 26 saylı vəkil bürosunun hesabına (131 azn) ödənişlər edilmişdir. -İşə əlavə edilmiş etiraz ərizəsində Cavabdeh göstərmişdir ki, iddiaçının iddia tələbini qəbul etmir və aşağıda göstərilən səbəblərə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iddia ərizəsində qeyd olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun mənə qarşı “Xaçmaz rayonu Ləcət kəndi ərazisində yerləşən, mərhum X18dən miras qalmış 0.17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində oğlanları X14 4,4/10 pay, X6 4,4 pay və mənim 1,1/10 ha hissəsinə pay hüququ müəyyən edilməsi və cavabdehin adına reyestrdə 2V-1344 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə, Cavabdeh qarşı iddia qaldırmışlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 338/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021 -ci il tarixli, Reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən Apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2( 105)-141 /2024 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan əlavə iddia ərizəsində qeyd olunur ki, sərhəd bağlı olduğundan o, respublikaya 9 dəfə təyyarə ilə gəlib qayıtmalı olmuş və hər dəfə gələndə 600 manatdan çox xərci çıxmışdır. Məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil ilə müqavilə bağlamalı olmuş və buna da 2500 manatdan çox xərci çıxmışdır. Özünə dəymiş mənəvi ziyanı 2000 manat qiymətləndirir. Qeyd edir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-338/2023 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətim tam əsaslı olmuş, lakin həmin ərəfədə konstitusiya məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarı qəbul edildiyindən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi həmin qərara əsaslanaraq 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmişdir. Onu da qeyd etmək istəyir ki, iddiaçı onu və oğlu Adıgözəli şərləyərək Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir ki, mərhum anası Zöhrədən miras qalmış Xaçmaz rayonu, Ləcət kəndində yerləşən evə güya qanunsuz daxil olaraq oradan bütün əmlakları daşıyaraq öz evlərinə aparmışlar, eləcə də evin təmiri üçün evdə gizlədilib saxlanılmış 10000 manat pulu oğurlamışlar. Onun şikayəti üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, sonradan həmin qərar naməlum səbəbdən ləğv olunaraq yeni araşdırmaya göndərilmiş və hazırda Xaçmaz RPŞ İBnin icraatındadır. Bir sözlə iddiaçı çirkin niyyətlə onu və oğlunu şərləyir, hazırki iddia ərizəsi də tam əsassız olmaqla onu miras əmlakdan kənarlaşdırmağa yönəldilmişdir. - Xarici dövlətin müvafiq orqanında tərtib edilmiş etibarnamələrin surətindən müəyyən olunur ki, X4, X5 və X20 tərəfindən Cavabdeh etibarnamələr verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmiş, iddiaçı həmin qanun üzrə vərəsəlik şəhadətnaməsinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində verildiyini əsas gətirərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəmə işləri ilə bağlı vətəndaşı olduğu ölkədən Azərbaycan Respublikasına gəlməsi üçün çəkdiyi xərcləri və hüquqi yardıma görə ödədiyi vəsaiti maddi ziyan kimi qiymətləndir və onunla bağlı maddi hüquq normalarına istinad etdir. İddiaçı həmçinin, dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın tələb edilməsinin əsaslılığı barədə qeyd edir ki, cavabdeh tərəfindən əldə olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi məhkəmə tərəfindən etibarsız hesab edilsə də, bu özü özü-özlüyündə iddiaçıya maddi ziyanın vurulması ilə səbəbli əlaqə yaratmır. İlk olaraq məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsini verən orqan (şəxs) vətəndaş deyil notariat ofisidir. Bundan başqa, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi bu şəhadətnamənin mütləq qanunsuz hərəkətlərin (hərəkətsizliyin) törədilməsi ilə verildiyini ehtiva etmir, bundan əlavə qanunsuz hərəkət (hərəkətsizlik) olduğu təqdirdə bu hərəkətin təqsirli olaraq törədilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda isə cavabdeh iddiaçı tərəfə (ölən qardaşının övladlarına) vəsiyyətnamənin verilməsindən xəbərdar olmadığını, digər vərəsələrin ona etibarnamə verdiyini və bu səbəbdən özünün yeganə vərəsə olduğunu hesab etdiyi üçün notariat ofisinə müraciət etdiyini bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, 5400 manat məbləğində ziyanın dəyməsi ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə təqdim edilən təyyarə biletlərinin araşdırılması zamanı təqdim olunmuş 9 biletdən yalnız 4-nün tarix baxımından məhkəmə proseslərinin keçirilməsi ərəfələrinə təsadüf etdiyi müəyyən edilmişdir. Lakin bu da iddiaçının məhz həmin məhkəmə proseslərində iştirak etmək məqsədilə ölkəyə gəldiyini və məhkəmə prosesində iştirak edib-etməməsini sübut etmir, çünki iddiaçı bununla bağlı məhkəmə bildirişlərini məhkəməyə təqdim etməmişdir, yalnız xx.xx.2023-cü il tarixli Xaçmaz rayon məhkəməsinin və xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya məhkəməsinin qərarlarından iddiaçının keçirilmiş məhkəmənin baxış iclaslarında iştirak etdiyini müəyyən etmək mümkün olmuşdur. Lakin buna baxmayaraq, həmin (məhkəmə qərarlarının çıxarıldığı) tarixlərdə iddiaçının təyyarə vasitəsilə ölkəyə gəlməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, şəxsin öz maraqlarının müdafiəsi naminə məhkəməyə müraciət etməsi qanunsuz hərəkət (delikt) nəticəsində vurulmuş maddi ziyanının tələb edilməsi üçün əsas deyildir. Məhkəməyə müraciət etmək hər bir şəxsin hüquqdur. Şəxslər hüquqlarının müdafiəsi üçün könüllü olaraq məhkəməyə müraciət edə bilərlər. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı həmin məhkəmə prosesləri ilə əlaqədar ona göstərilmiş hüquqi yardıma görə cavabdehdən tələb etdiyi 2500 manat məbləğə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən bir neçə ödəniş qəbzi (hazırkı mülki işlə əlaqədar Xaçmaz rayon vəkil bürosunun hesabına (300 azn), iddia ərizələrinin verilməsinə görə, həmçinin, Bakı şəhəri 26 saylı vəkil bürosunun hesabına (131 azn) ödənişlər) isə qeyd olan halı təsdiq etmir. . Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi ziyanın ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Həmçinin, məhkəmə iddiaçının ona mənəvi ziyan vurulmasını təsdiq edə biləcək sübut qismində məhkəməyə təqdim etdiyi bir neçə müayinə kağızına münasibətdə isə qeyd edir ki, həmin müayinə kağızları məhkəmə baxışı zamanı tədqiq edilmiş və iddia tələbinin həmin hissəsinin əsaslılığını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir . Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar