Məhkəmə qərarları › İş №2(067)-1735/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1735/2024

04.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1735/2024 04.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və Cavabdeh2 qarşı qanunsuz qalıq borcunun silinməsi və maddi təzminat tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Azərişıq ASC-nin hesabına qanunsuz daxil etdiyi 261,80 manat qalıq borcun tam silinməsi, Cavabdeh2 ona vurduğu maddi və mənəvi zərərin müqabilində 700 manat təzminatın alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərişıq ASC-nin abunə haqqında rəsmi sənədinə əsasən xx.xx.2022-ci il tarixinə kimi Azərişıq ASC-nə enerji sərfiyyatına və hərhansı başqa hala görə borcu yoxdur. Deyilən tarixə kimi elektrik enerji sərfiyyatının 1507, bu sərfiyyata görə ödənişi 1520 manat olmuşdur. X2 nəzarətçi mühəndisi Cavabdeh2 ona təqdim etdiyi xx.xx.2023-cü il tarixli Azərişıq ASC-nin bildiriş xəbərlarlığında 34,06 manat qalıq borcunun olduğu qeyd edilmişdir. Hansı ki, deyilən tarixə kimi onun 1 manat olsa da qalıq borcu qalmamış, əksinə Azərişıq ASC-nin ona 13 manat borcu qalmışdır. Eynilə xx.xx.2023-cü il tarixində Cavabdeh2 hesabına Azərişıq ASC-nin bildiriş xəbərdarlığı ilə 122,72 manat qanunsuz qalıq borc daxil etmişdir. Cavabdeh2 hesabına qanunsuz daxil etdiyi qalıq borcu ümumilikdə 166,78 manat olmuşdur. (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1881/2023 saylı qətnamənin 8-ci səhifəsi, 30cu bəndində bu barədə qeyd edilmişdir). Azərişıq ASC-nin bildiriş xəbərdarlığında Cavabdeh2 xx.xx.2023-cü il tarixində hesabına daxil etdiyi 54,60 manat borcun müqabilində xx.xx.2023-cü il tarixində 40 manat, xx.xx.2023-cü il tarixində 30 manat Azərişıq ASC-nin hesabına köçürməyinə baxmayaraq, Abunə haqqında sənədin 3-cü səhifəsində hesabına 47,62 manat qalıq borc daxil edildiyi qeyd edilmişdir. 47,62 manat qalıq borcun Cavabdeh2 hesabıma qanunsuz daxil etidyi 166,78 manatla cəmləşdirdikdə hesabına daxil edilmiş qalıq borc 214,40 manat olur. Azərişıq ASC-nin onlara təqdim etdiyi xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlığın 4-cü bəndində yazılıb: - Sayğac göstəricisi olmadığı halda, hər günə görə 20 KVit ilə hesablaşma aparılmalıdır. Evinə quraşdırılmış hesablayıcı elektrik sayğacın bütün hallarda sayğac göstəricisi olmuşdur. 25-xx.xx.2023cü il tarixlər arası gecə 12 saatdan az vaxt ərzində təhrik olunaraq məcburiyyət qarşısında sayğacdan kənar elektrik şəbəkəsinə qoşulmuşdur. Buna görə bildiriş xəbərdarlığın 4-cü bəndinə əsasən hesabına 2,60 manat borc daxil edliməlidir. Sayğacdan kənar elektrik şəbəkəsinə bir gün qoşulduğuna görə Azərişıq ASC hesabına 50 manat borcun daxil edilməsinin heç bir hüquqi əsası olmadığından həmin məbləğdən 2,60 manat çıxdıqda qalıq 47,40 manat Cavabdeh2 hesabına qanunsuz daxil etdiyi 214,40 manatla cəmləşdirdikdə, yekun məbləğ 261,80 manata bərabər olur. Azərişıq ASC-nin hesabına qanunsuz daxil etdiyi 261,90 manat qalıq borcun heç bir hüquqi əsası olmadığından həmin məbləğin silinməsini iddia edir. Cavabdeh2 qanunsuz olaraq xx.xx.2023-cü il tarixində evinə elektrik enerjisinin verilməsinin dayandırılmasının və 14 gün müxtəlif tarixlərdə evinə elektrik enerjisinin verilməsinin dayandırılmasının əsasında, ailəsinin elektrik enerjisindən istifadə etmək hüququnu pozmasının, ailəsinin şərəf və ləyaqətinin alçaltması əsasında Cavabdeh2 ona vurduğu maddi və mənəvi zərərin müqabilində ondan 700 manat təzminatın alınaraq ona verilməsini iddia edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, 164 manat ona əsassız olaraq borc yazılmışdır. 9.13.5-ci maddəyə görə ödəməli olduğunu bildirmişlər. Bu məhkəmə qərarı ilə olmalıdır. Lakin məhkəmə qərarı yoxdur. Cavabdeh2 700 manat ona görə tələb edir ki, 2 akta görə 1435 manat borc daxil edilməsinin səbəbkarı odur. Evinə xx.xx.2023-cü ildə enerji verilməsini qanunsuz kəsmişdir, bu barədə akt var, bunun əsasında hesabına 2 akt tərtib etmişdir, 1350 manat daxil etmişdir. 14 gün evinin elektrik enerjisi kəsilib, bununla ailəsinin hüquqlarını pozub, ailəsinin şərəf və ləyaqətini təhqir edib, ona görə ondan 500 manat təzminat tələb edir. Əvvəlki məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, "xxxx" ASC-nin rəsmi sənədində göstərilir ki, onun adına 1657,52 manat ödəniş olub. 2022-ci ildə adına borc olmadığı halda xx.xx.2022-ci ilə görə hesabına 34,02 manat borc daxil edilib. Cavabdeh2 qarşı iddianı ona görə qaldırmışdır ki, xx.xx.2023-cü ildə o, qeyri-qanuni olaraq evinin elektrik sayğacından çıxan xətti kəsmiş və evinə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bu isə Nazirlər Kabinetinin müvafiq qərarına tam ziddir. Buna baxmayaraq Cavabdeh2 bu işi görmüşdür. İkincisi, onun yanvar ayına görə cəmi 20 manat borcu olduğu halda ona 54,60 manat borcu olduğu barədə bildiriş-xəbərdarlıq gəlmişdir. 34 manat əlavə borcun hesabının səbəbini bilmir. O, artıq borcu ödəmək istəmədiyinə görə Cavabdeh2 işığını kəsmişdir. Bir daha bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən onun buna ixtiyarı olmamışdıri. O, sayğacın çıxış xəttini kəsəndən sonra evdə xəstəsi olduğuna görə istəmişdir ki, xətti birləşdirsin, lakin bu mümkün olmamışdır, cavabdeh çıxış xəttini dibindən kəsdirmişdir. Ona görə evə sayğacdan kənar xətt qoşmuş və cəmi 10 saat sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq olunmuşdur ki, onun elektrik enerjisindən istifadə etməkdə talama məqsədi olmayıb. 12-ci ayda hesabına 122 manat qalıq elektrik borcu daxil edilib və bu məhkəmə sənədlərinin içərisinə əlavə edilib. Cavabdeh2 122 manat borcu olub olmadığını deməlidir. Cavabdeh2 cəmi 151 manat hesabına borc daxil etmişdir. Sonra onun imzası ilə 2 akt tərtib olunmuş və onun hesabına 638 manat borc daxil edilmişdir. Apellyasiya məhkəməsi həmin aktı əsassız saymışdır. Qeyri qanuni aktı isə Cavabdeh2 yazmışdır. 1327,91 manat qeyri-qanuni borc yazmışlar. Cavabdeh2 imzası ilə akt tərtib olunmuşdur. Apellyasiya məhkəməsi borcu silmişdir. Cavabdeh2 onu 20 manat borca görə əziyyətə salmış, bundan başqa 14 gün evinə elektrik enerjisinin verilməsini dayandırmışdır. Onun fasiləsiz elektrik enerjisindən istifadə etmək hüquqlarını pozmuş, ailəsinin şərəf və ləyaqətinə toxunmuşdur. O, hər dəfə gəlib demişdir ki, işıqları kəsəcək, qonşular da bunu görmüşlər. Cavabdeh2 ona qeyri-qanuni borc yazdığına görə, sonradan həmin borc silindiyinə görə ondan 700 manat təzminat tələb edir. Hazırda 261 manat borcu var. 2022-ci ildə 1 manat da borcu olmadığı halda 151 manat qalıq borc daxil etmişlər. Apellyasiya Məhkəməsi həmin borcu silməmiş, çünki borcu qətnamədən sonra görmüşdür. Onun 20 manat borcu olmuş, 1 günə görə 1,80 manat olmalıdır, amma hesabına 50 manat borc daxil etmişlər. Bundan başqa bildiriş xəbərdarlıqda göstərilir ki, 281 manat borc kimi daxil ediblər, bu da ona Apelyasiya məhkəməsinin qətnaməsindən sonra məlum olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Azərişıq ASC-nin əmkdaşıdır. İddiaçı sayğacdan kənar qoşulma etmiş və elektrik enerjisindən istifadə etmişdir. Bu barədə xəbərdarlıq etmişlər, iddiaçı buna məhəl qoymamış, sənədləri cırıb qarşılarına atmışdır. Ona görə də elektrik enerjisi kəsilmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, elektrik enerjisinin verilişi kəsiləndə iddiaçının 53,44 manat borcu olmuşdur. O, 3 ay ödəniş etməmişdir. 26 dekabrda işıqları ayırmışlar. İddiaçıya demişlər ki, ilin sonudur borcu ödəsin, həm də plan dolmalıdır. Lakin iddiaçı onları söymüş və üzərlərinə 5 manat pul atmışdır. O da montyora demişdir ki, işığı kəssin. Bundan sonra iddiaçı 20 manat ödəniş etmişdir. Həmin günün səhəri yoxlayanda görmüşdür ki, iddiaçı 16-lıq kabellə qeyri-qanuni elektrik xətti qoşub. O, bu barədə məruzə eləmiş, akt tərtib olunmuş və 621 manat borc yazılmışdır. Məhkəmə həmin borcun bir hissəsini siləndən sonra 158,6 manat qalıq borc qalmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının nümayəndəsi Nümayəndə göstərmişdir ki, iddiaçı üçün 2015-ci ildən 54,60 manat məbləğində borc keçib. Həmin borcdan 48,16 manat 2018-ci ildə ödənilib və 6,44 manat borc qalıb. MM-nin 552-ci maddəsinə əsasən 5 il keçdiyinə görə qeyd olunan borc qüvvəsini itirir və buna görə də 6,44 manat borc abonent kimi iddiaçıdan tələb edilə bilməz. xx.xx.2023-cü ildə kənar xətt aşkar edilməsi ilə bağlı akt tərtib olunub. Abonent aktı imzalamaqdan imtina etmişdir. Bu barədə akta qeyd olunmalı, foto və video çəkiliş aparılmalı idi. Bununla bağlı Azərişıq ASC-nə sorğular göndərmişlər və onlara müəyyən materiallar təqdim olunmuş, lakin foto və video çəkilişlər təqdim olunmamışdır. Demişlər ki, əvvəllər məhkəmədə iş olub, həmin işlə bağlı məhkəməyə göndərilib. Lakin bunu dəqiq müəyyən edə bilməmişlər. Həqiqətən video çəkiliş mövcuddursa akt düzgün tərtib olunub. 607,12 manat borcdan Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə 449,6 manat pul silinib, 158,6 manat saxlanılıb. 246,53 manat borc var, 6,44 manat ETAİS borcudur, 158,6 manat da akta əsasən hesablanan borcdan qalıq qalıb, 82,3 manat isə istifadə etdiyi elektrik enerjisinin puludur. 158,6 manat akta əsasən yazılmışdır. İş üzrə cavabdeh Azərişıq ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmişdir. “Azərişıq ASC” tərəfindən 26 yanvar 2023-cü il tarixli, 280196 nömrəli akta əsasən İddiaçı əsassız olaraq hesablanmış 449,06 manat məbləğində borc **********00019 nömrəli abonent kodundan silinmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixdə Altay Əlirzayevin, Şahin Abdullayevin, Firdovsi Abdullayevin, İmaməddin Rüstəmovun və Fikrət Abdullayevin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, 09.01,2023-cü il tarixli Azərişıq ASC-nin xəbərdarlıq bildirişində İddiaçı hesabında 54,60 manat borcun olduğu qeyd edilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində İddiaçı 54,60 manat borcu ödəməyi tələb etmişdir. O, bu pulu ödəməkdən imtina etdiyi təqdirdə Cavabdeh2 onun evinə elektrik enerjisinin verilməsini dayandırmışdır. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. İddiaçı borcun silinməsinə görə məhkəməyə müraciət etnıişdir. Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin etmişdir və akt üzrə aparılmış hesabatdan 449.06 manat borcu silinmişdir. İddiaçının qalan məbləği isə iddiaçı ödəməyə borcludur. İddiaçının ikinci tələbi isə "Niftaliyev Faiqdən mənə vurduğu maddi və mənəvi zərərin müqabilində 700 manat təzminatın alınması tələbinə dair" ayrıca mülki qaydada məhkəməyə müraciət edərək tələb edə bilər. "xxxx" ASC iddiaçıya nə maddi nə də mənəvi ziyan vurmamışdır. İş materiallarında olan rəydən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə 54,60 manat borc (inteqrasiya dövr borcu) ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Həmin borcun 48,16 manat hissəsi xx.xx.2018-ci il tarixdə silinmiş, 6,44 manat məbləğində borc isə abonentin hesabında saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1 -ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilərək R 280196 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. İstehlakçının aktı imzalamaqdan imtina etməsi barədə aktda müvafiq qeyd aparılmışdır. Araşdırmanın aparılması üçün zəruru olan məlumatların təqdim olunması üçün tərəflərindən “Azərişıq’’ ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə sorğu göndərilsə də yol verilmiş pozuntunun qeydə alınması barədə foto və ya videoçəkiliş təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarf’nın (bundan sonra - Qaydalar) 8.17- 2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17- ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Enerjitəchizatı müəssisəsi tərəfindən R 280196 nömrəli akta əsasən 90 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 4990 kVts, dəyəri 607,12 manat məbləğində hesablanmışdır. Hesabat aparılarkən Qaydaların 8.17-1 -ci bəndinin (məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır) tələblərinə əməl olunmuşdur. R 280196 nömrəli akta əsasən hesablanmış məbləğin 449,06 manat hissəsi Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə abonentin hesabından silinmişdir. Hazırda abonentin hesabında olan 246,53 manat məbləğində borcun 6,44 manat hissəsi ETAİS (inteqrasiya dövr) borcu, 158,06 manat hissəsi R 280196 nömrəli akta əsasən hesablanmış borc, 82,03 manat hissəsi isə elektrik sayğacının göstəricisinə əsasən hesablanmış borcdur. İş materiallarında olan İddiaçı ərizəyə əlavəsindən görünür ki, «Azərişıq «ASC-nin iddiaçının hesabına əsassız daxil etdiyi 278,79 manat borcun silinməsi, Cavabdeh2 vurduğu maddi və mənəvi zərərin müqabilində ondan 700 manat təzminatın alınaraq İddiaçı verilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə Qaydaları: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda göstərilən işin hallarını, təqdim edilmiş rəyi, sənədləri və hüquqi əsasları nəzərdə keçirərək təhlil edib hesab edir ki, İddiaçı abonent hesabına hesablanmış 261,8 manat pulun 158,06 manat hissəsi silməlidir. Qalan pul onun istehlakçı olaraq, istifadə etdiyi enerji sərfiyyatına görə olan borcu olduğundan, həmin pul məbləğinin slinməsinə hər hansı bir əsas yoxdur. Bundan başqa, İddiaçı Cavabdeh2 Nürəddin oğluna qarşı olan mənəvi ziyan tələbinə dair məhkəmədə heç bir sübut təqdim edilmədiyindən, iddia tələbi bu hissədə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı abonent hesabına hesablanmış "xxxx" ASC-nin əməkdaşları tərəfindən hesablanmış 261,80 manat məbləğində pulun 158,06 manat hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar