Məhkəmə qərarları › İş №2(067)-1808/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1808/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1808/2020 08.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Əsassız varlanma nəticəsində əldə edilənlərin geri alınması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13.000 manat pulun, maddi və mənəvi ziyana görə 3000 manat pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun, cəmi 16.030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuşdur. 2018-ci ilin oktyabr ayında Cavabdeh ona icarə müqaviləsi ilə işlətmək üçün verdiyi, özünə məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Xaçmaz-Quba yolunun sol kənarında yerləşən kafe və çilingər sexini satdığını demişdir. Cavabdeh ondan ilkin olaraq 20000 manat pul istəmiş, qalan 9000 manat pulu isə obyektin sənədləri hazır olub alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilərkən verməsini bildirmişdir. O, xx xxxxxxx 2018-ci il tarixdə 20.000 manat pulu şahidlərin iştirakı ilə rəsmi qaydada akt tərtib edərək cavabdehə vermişdir. Həmin vaxtdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh hazırki günə kimi obyektin sənədlərini hazırlamamış və obyekti onun adına rəsmiləşdirməkdən yayınmışdır. O, cavabdehdən verdiyi pulu tələb etmiş, 2019-cu ilin avqust ayında cavabdeh ona 7000 manat qaytarsa da qalan 13.000 manat pulu qaytarmaqdan imtina etmişdir. Bundan başqa o, cavabdehin hərəkətləri barədə Xaçmaz rayon Polis Şöbəsinə və digər orqanlara dəfələrlə müraciət etmiş, lakin cavabdeh pulu ödəməmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, əsəb gərginliyi keçirmiş və ona bununla əlaqədar maddi və mənəvi zərər dəymişdir. Ona dəymiş zərəri 3000 manat dəyərində qiymətləndirir. Cavabdeh könüllü olaraq onun pulunu ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh 13.000 manat pulun, maddi və mənəvi ziyana görə 3000 manat pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun, cəmi 16.030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etirazını göndərərək etirazında iddianı qismən qəbul etdiyini bildirərək göstərmişdir ki, İddiaçı özünə məxsus obyekti 2016-cı ilin avqust ayında, yəni 4 il bundan əvvəl icarəyə vermişdir. 2018-ci ildə o, iddiaçıya obyektini satmaq istədiyini bildirmiş, iddiaçı ilə qarşılıqlı razılığa gələrək obyektin dəyərini 29.000 manata razılaşmışlar. İddiaçı ona 2018-ci ilin avqust ayında 2000 manat, həmin pulu aldıqdan 5 gün sonra 10.000 manat, həmin pulu da aldıqdan 25 gün sonra 8.000 manat olmaqla ümumilikdə 20.000 manat pul vermişdir. Həmin obyektdə kafe, çilingər sexi və onlara bitişik otaq mövcuddur. Lakin iddiaçı 2018-ci ilin avqust ayından başlayaraq iki il müddətinə ona icarə haqqı ödəməmiş və buna baxmayaraq obyektdən istifadə etmişdir. İddiaçı obyektin sahibi olmadığı halda iki il müddətində ona ayda 250 manat icarə haqqı ödəməmiş, çilingər sexini icarəyə verdiyi şəxsdən iki il ərzində özü ayda 60 manat icarə haqqı almışdır. Beləliklə iddiaçı iki il müddətinə kafedən 4800 manat, çilingər sexinə görə 1440 manat, istifadə etdiyi otağa görə 1200 manat olmaqla, ümumilikdə 7440 manat pulu ona ödəməməklə qazanc əldə etmişdir. Bununla da onun cavabdehə qaytarmalı olduğu 13.0xx xxxxxxxx 7440 manat çıxıldıqda cavabdehə 5560 manat borcu qalmışdır. O, banklardan xeyli miqdarda kredit götürməklə maddi durumu pisləşdiyindən obyektini satmaq məcburiyyətində qalmışdır. Banka olan borclarına görə satdığı obyekt girovda olduğundan həmin obyektin alqı-satqısını rəsmiləşdirə bilməmişdir. İddiaçı isə ona razılaşdıqları məbləğdən qalan 9000 manat pulu ödəməmiş və fikrini dəyişdiyini bildirməklə ödədiyi pulu ondan geri tələb etmişdir. O, iddiaçıdan aldığı 20000 manat puldan 7000 manat pulu 2019-cu ilin avqust ayında ödəmişdir, beləliklə iddiaçıya hal-hazırda 5560 manat pul qaytarmalıdır. Ona görə də iddianın 5560 manat həcmində təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının izahatlnı dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Beləki, mülki işə əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş İddiaçı, Cavabdeh və üç nəfər şahidin iştirakı ilə tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli aktdan görünür ki, İddiaçı qeyd edilən tarixdə Cavabdeh aktda göstərilən şahidlərin iştirakı ilə cavabdehə məxsus kafe və çilingər sexini cavabdehdən satın almaq məqsədilə 20000 manat pul ödəmiş, qalan 9000 manat pulun xx xxxxxx 2019-cu il tarixə kimi obyekt sənədləşdirildikdən sonra iddiaçı tərəfindən cavabdehə ödəniləcəyi barədə tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin oktyabr ayında Cavabdeh ilə sonuncuya məxsus, icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Xaçmaz-Quba yolunun sol kənarında yerləşən kafe və çilingər sexinin satın alınması barədə qarşılıqlı olaraq 29000 manata razılaşmışlar. Razılaşmalarına əsasən cavabdeh ondan ilkin olaraq 20000 manat pul istəmiş, qalan 9000 manat pulu isə obyektin sənədləri hazır olub alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilərkən verməsini bildirmişdir. 2018-ci ilin oktyabr ayının 10-da 20.000 manat pulu şahidlərin iştirakı ilə rəsmi qaydada akt tərtib edərək cavabdehə vermişdir. Həmin vaxtdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh hazırki günə kimi obyektin sənədlərini hazırlamamış, obyekti onun adına rəsmiləşdirməkdən yayınmışdır. O, cavabdehdən verdiyi pulu tələb etmiş, 2019-cu ilin avqust ayında cavabdeh ona 7000 manat qaytarsa da qalan 13.000 manat pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, əsəb gərginliyi keçirməklə ona 3000 manat dəyərində maddi və mənəvi zərər dəymişdir. Cavabdeh könüllü olaraq onun pulunu ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus obyekti 2016-cı ilin avqust ayında icarəyə vermişdir. Bundan sonra 2018-ci ildə iddiaçıya obyektini satmaq istədiyini bildirmiş, iddiaçı ilə qarşılıqlı razılığa gələrək obyektin dəyərini 29.000 manata razılaşmışlar. İddiaçı ona 2018-ci ilin avqust ayında 2000 manat, həmin pulu aldıqdan 5 gün sonra 10.000 manat, həmin pulu da aldıqdan 25 gün sonra 8.000 manat olmaqla ümumilikdə 20.000 manat pul vermişdir. Həmin obyektdə kafe, çilingər sexi və onlara bitişik otaq mövcuddur. Lakin iddiaçı 2018-ci ilin avqust ayından başlayaraq iki il müddətinə ona icarə haqqı ödəməmiş və buna baxmayaraq obyektdən istifadə etmişdir. İddiaçı obyektin sahibi olmadığı halda iki il müddətində ona ayda 250 manat icarə haqqı ödəməmiş, çilingər sexini icarəyə verdiyi şəxsdən iki il ərzində özü ayda 60 manat icarə haqqı almışdır. Beləliklə iddiaçı iki il müddətinə kafedən 4800 manat, çilingər sexinə görə 1440 manat, istifadə etdiyi otağa görə 1200 manat olmaqla, ümumilikdə 7440 manat pulu ona ödəməməklə qazanc əldə etmişdir. Bununla da onun cavabdehə qaytarmalı olduğu 13.0xx xxxxxxxx 7440 manat çıxıldıqda cavabdehə 5560 manat borcu qalmışdır. O, banklardan xeyli miqdarda kredit götürməklə maddi durumu pisləşdiyindən obyektini satmaq məcburiyyətində qalmışdır. Banka olan borclarına görə satdığı obyekt girovda olduğundan həmin obyektin alqı-satqısını rəsmiləşdirə bilməmişdir. İddiaçı isə ona razılaşdıqları məbləğdən qalan 9000 manat pulu ödəməmiş və fikrini dəyişdiyini bildirməklə ödədiyi pulu ondan geri tələb etmişdir. O, iddiaçıdan aldığı 20000 manat puldan 7000 manat pulu 2019-cu ilin avqust ayında ödəmişdir, beləliklə iddiaçıya halhazırda 5560 manat pul qaytarmalıdır. Ona görə də iddianın 5560 manat həcmində təmin olunmasını xahiş edir. Belə olduğu halda İddiaçı üzərinə 2018-ci ilin oktyabr ayında Cavabdeh ilə sonuncuya məxsus, icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Xaçmaz-Quba yolunun sol kənarında yerləşən kafe və çilingər sexinin satın alınması barədə qarşılıqlı olaraq 29000 manata razılaşdıqlarını, razılaşmalarına əsasən cavabdehin ondan xx xxxxxxx 2018-ci il tarixdə ilkin olaraq 20000 manat pul almasını, qalan 9000 manat pulu isə obyektin sənədləri hazır olub alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilərkən verəcəyini öhdəsinə götürməsini,həmin vaxtdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdehin hazırki günə kimi obyektin sənədlərini hazırlamamaqla obyekti onun adına rəsmiləşdirməkdən yayınmasını, cavabdehdən verdiyi pulu tələb etdikdən sonra 2019-cu ilin avqust ayında cavabdehin ona 7000 manat qaytarsa da qalan 13.000 manat pulu qaytarmaqdan imtina etməsini, cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi keçirməklə ona 3000 manat dəyərində maddi və mənəvi zərər dəyməsini sübut etmə yükü düşür. Əksinə olaraq Cavabdeh üzərinə özünə məxsus obyektin satılmasına görə İddiaçı ilə 2018-ci ilin oktyabr ayında 29.000 manata razılaşmalarını, razılaşmadan sonra obyektə görə iddiaçıdan 20000 manat pul aldığını, qalan 9000 manatı obyektin sənədləri hazır olduqdan sonra alqı-satqı rəsmiləşdirilərkən iddiaçı tərəfindən ona ödəniləcəyini, lakin obyekti bankda girovda olduğu üçün alqı-satqınırəsmiləşdirə bilmədiyini, buna baxmayaraq iki il ərzində iddiaçının ona məxsus obyektdən icarə haqqı ödəmədən istifadə etməklə 7440 manat gəlir əldə etdiyini, iddiaçıdan aldığı 20000 manat puldan 7000 manatını 2019-cu ilin avqust ayındaq aytardığını, iddiaçıya borclu qaldığı 13000 manatdan iddiaçının gəlir əldə etdiyi 7440 manat çıxıldıqdan sonra onun iddiaçıya 5560 manat borcu qaldığını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində həqiqətən də iddiaçıdan 2018-ci ilin oktyabr ayında satacağı obyektə görə 20000 manat pul aldığını, aldığı 20000 manat puldan 7000 manatını 2019-cu ilin avqust ayında qaytardığını və iddiaçıya 13000 manat pul borclu qaldığını etiraf etmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı, cavabdehin etiraz ərizəsində göstərdikləri, iş materillarında olan aktla İddiaçı 2018-ci ilin oktyabr ayında Cavabdeh ilə sonuncuya məxsus, icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, Xaçmaz-Quba yolunun sol kənarında yerləşən kafe və çilingər sexini satın alması barədə qarşılıqlı olaraq 29000 manata razılaşdıqları, razılaşmalarına əsasən cavabdehin iddiaçıdan xx xxxxxxx 2018-ciiltarixdəilkin olaraq 20000 manat pul alması, iddiaçının qalan 9000 manat pulu isə obyektin sənədləri hazır olub alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilərkən cavabdehə ödəyəcəyini öhdəsinə götürməsi, həmin vaxtdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdehin hazırki günə kimi obyektin sənədlərini hazırlamamaqla obyekti iddiaçının adına rəsmiləşdirməkdən yayınması, iddiaçı cavabdehdən verdiyi pulu tələb etdikdən sonra 2019-cu ilin avqust ayında cavabdeh iddiaçıya 7000 manat pul qaytarsa da qalan 13.000 manat pulu qaytarmadığı öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçı cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi keçirməklə ona 3000 manat dəyərində maddi və mənəvi zərər dəyməsini göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və onun göstərdiyi bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə tədqiqatı zamanı Cavabdeh etirazının əsası kimi özünə məxsus obyektin satılmasına görə İddiaçı sonuncudan satdığı obyektə görə aldığı 20000 manat puldan 7000 manat qaytardıqdan sonra iki il ərzində iddiaçının ona məxsus obyektdən icarə haqqı ödəmədən istifadə etməklə 7440 manat gəlir əldə etməsini, borclu qaldığı 13000 manatdan iddiaçının gəlir əldə etdiyi 7440 manat çıxıldıqdan sonra onun iddiaçıya 5560 manat borcu qaldığını göstərsə də o, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və onun göstərdiyi bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunan) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 2018-ci ilin oktyabr ayında aldığı 20000 manat puldan 7000 manatını 2019-cu ilin avqust ayında qaytarsa da qalan 13000 manat hissəsini qaytarmamaqla iddiaçının əmlakı hesabına əsassız varlandığından həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh əsassız varlanma məqsədilə əldə etdiyi 13000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 13030 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi 3000 manat məbləğində maddi və mənəvi zərər tələbinə dair hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanma məqsədilə əldə etdiyi 13000 (on üç min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 13030 (on üç min otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi 3000 manat məbləğində maddi və mənəvi zərər tələbinə dair hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar