Məhkəmə qərarları › İş №2(067)-1815/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1815/2020

26.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1815/2020 26.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh və onun nümayəndəsi-vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq hazırda yaşadığı Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına qeydə alınmış fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə (çöl darvaza, hamam, tualet, hasar) çəkdiyi xərclərin yarısının alınıb cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ildə Nəsimi Şixməmmədov ilə ailə quraraq cavabehin evinə gəlin gəlmişdir. Birgə nikahlarından iki uşaqları 2 uşaqları olmuşdur. Həmin evə köçdükdə evdə onunla bərabər cavabdeh də yaşamışdır. Gəlin köçdükdən sonra evin təsərrüfatını apararaq mal-qaraya baxmış, bağa baxaraq əldə edilmiş gəlir hesabına evi əsaslı təmir etmişlər. Belə ki, evin dam örtüyünü təzələmişlər, evin divarlarını yenidən təmir etmişlər, evin bir divarını söküb yenidən tikmişlər. Qapılar və pəncərələri dəyişdirərək plastik pəncərələr, evin birinci mərtəbəsinə plastik qapılar, ikinci mərtəbəsinə isə avropa qapıları qoymuşlar. 1-ci mərtəbənin bütün otaqların damını və döşəməsini sökərək yenisi ilə əvəz etmişlər. 2-ci mərtəbədə mətbəx düzəltmişlər, mətbəxə mebel qoymuşlar. Həyətdə hamam və tualet yenidən tikmişlər. Orada müvafiq ləvazimatları yerləşdirmişlər, evin istilik sistemini çəkmişlər. Həmçinin su çəni almışlar, heyvanların saxlanması üçün tövlə tikmişlər, evin küçə hissəsi üçün yeni darvaza almışlar. Həyəti bağdan ayırmaq üçün mişar daşından hasar tikmişlər. Hətta mişar daşını özü boşaldaraq yığmışdır. Evin həyətində olan köhnə və yararsız daxmanı, tövləni, hamamı və navesti söküb özü daşıyaraq bağda çökək hissələrə tökmüşlər. Ailə qurduqdan sonra gündüzlər bağda işləyərək gilas yığmış, gecələr isə bu işlərlə məşğul olmuşdur. Cavabdeh ona qarşı məhkəməyə müraciət edərək bir yaşayış evindən digər yaşayış evinə köçürülmə tələbini irəli sürmüş, məhkəmənin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə onun verdiyi iddia təmin edilməmiş, lakin həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, apellasiya şikayəti qismən təmin olunmuş, onun cavabdehə məxsus fərdi yaşayış evindən çıxarılması qət olunmuşdur. Verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Onun hazırda yaşamağa başqa yeri olmadığı üçün evdən çıxarılmaya 2 il ərzində möhlət verilməsini xahiş etmişdir. Hər bir halda o 2 ildən sonra evdən çıxmalı olacaqdır. Belə olan halda evin yenidən quraşdırdığı təmir etdiyi hissələri özü ilə götürə bilmir. Buna görə də evin, həyətin ümumiyyətlə gəlin köçəndən sonra hazırki ev, həyət, hamam və tualet üçün çəkdiyi xərclərin yarısını tələb edir. Çəkdiyi xərclərin yarısı cavabdehə məxsusdur, yarısı isə onun əməyi ilə əldə olunduğu üçün ona məxsusdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, öz izahatından başqa iddiasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı evinə gəlin köçdüyü 2007-ci ildə evi normal şəraitli ev olmuşdur. İddiaçı evinə gəlin köçəndən sonra da evdə təmir işləri aparılmışdır. Bu heç də o demək deyil ki, həmin təmir işləri iddiaçının qazandığı pullar hesabına başa gəlmişdir. İddiaçı evinə gəlin köçən zaman təsərrüfatında mal-qara olmuşdur. Həm o vaxt həm də iddiaçının evinə gəlin köçəndən sonra təsərrüfatı özü idarə etmiş, mal-qaraya da özü baxmışdır. Oğlu Nəsimi 2013-cü ildə vəfat etdikdən sonra iddiaçı ilə münasibətləri pozulmuş, dəfələrlə iddiaçı ondan polis orqanlarına əsassız şikayətlər etmiş, məqsədi onu öz evindən qovmaq olmuşdur. Evinin təmirinə iddiaçının heç bir vəsaiti sərf edilməmiş, evin təmiri də və təsərrüfatın idarə edilməsi onun zəhməti ilə həyata keçirilmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili X2 iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar