Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1851/2024 16.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC-dən maddi ziyana görə 700 manat, mənəvi ziyana görə 300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzilinə elektrik enerjisinin verilməsinə görə əsassız hesablanmış 269,03 manat pulun silinməsi barədə 2023-cü ilin noyabr ayında cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-437/2024 saylı qətnaməsi ilə onun cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilərək, Azərişıq ASC-nin əməkdaşlarının tərtib etdikləri 20 yanvar 2023-cü il tarixli, 200194 nömrəli akt əsasında hesablanmış 269,03 manat pulun (borc) onun abonent hesabından silinməsi qət edilmişdir, (hakim Sərxan Səmədzadə) Məhkəmədə işə baxılarkən cavabdehin əməkdaşları işıq dirəyindən işıq xəttini ayırdılar. Məcbur olub onu yenidən yerinə bağlatdırdıq. İkinci dəfə işıq xəttini işıq dirəyindən kəsdilər. Baxmayaraq ki, iş məhkəmənin icratında idi, cavabdehin əməkdaşları heçnəyə məhəl qoymadılar. Nəhayət məhkəmənin qətnaməsini aldığı gün xx.xx.2024-cü il tarixdə məhkəmə qərarına sayğısızlıq edərək hesablayıcının içərisində olan xətləri doğruyaraq yenə işiğı kəsdilər. Halbuki artıq məhkəmə qətnaməsi çıxmışdı və tərəflərə göndərilmişdi. Özü xəstədir. Vertebrobazilyar arterial sistem sindromu. Vertebrobazilyar çatmamazlıq. Arterial hipertenziya. Allerqik dermatit diaqnozu ilə uzun müddətdir müalicələr alır. Faktiki insult keçirmişdir. Qış vaxtı xəstəliyinə məhəl qoymadan işıqlarının kəsilməsi, qətnamə çıxdıqdan sonra isə elektrik hesablayıcısının daxilindəki naqillərin kəsilərək məhv edilməsi ona çox ağır mənəvi sarsıntılar gətirmiş, vəziyyəti pisləşmiş, yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bu işlərin başında cavabdehin əməkdaşları sahə rəisi Rafael Quliyev və nəzarətçi İlqar Muradov dururlar. Cavabdehin əməkdaşlarının özbaşına hərəkətləri nəticəsində, yəni özbaşına olaraq dəfələrlə işıq xəttinin kəsilərək xəstə vəziyyətdə onu işıqsız qoymaqları, məhkəmə qətnaməsi çıxdıqdan sonra isə məhkəmə qətnaməsinədə əhəmiyyət verməyərək məhkəməyə sayğısızlıq göstərərək hesablayıcısının içərindəki naqillərin məhv edilməsi səbəbindən ona maddi və mənəvi ziyan 700 manat məbləğində, mənəvi ziyan isə 300 manat qiymətləndirir. Cavabdeh dəymiş ziyanı tam həcmdə ona ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümyəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, "xxxx" ASC-nin işçiləri onların işığını kəsiblər. Onları alçaldıb və mənəvi ziyan vurublar. Bundan sonra yoldaşının da halı pisləşib. Gəliblər yoldaşından "xxxx" ASCnin işçiləri pul istəyiblər. Üstəlik sayğaca heç bir müdaxilə olunmayıb. Özbaşına şəkildə işıq xəttini dəfələrlə kəsiblər. Beləliklə 700 manat maddi ziyan vurublar. Həmçinin yoldaşını əsəbləşdiriblər və insult keçirməsinə səbəb olublar. Mənəvi olaraq da 300 manat ziyan vurublar. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz ərizəsini məhkəməyə ünvanlayaraq, iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cahangiri X2 şəhər Həyat Özəl tibb müəssisəsində müalicədə olmuşdur. -Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Zöhrab qızının "xxxx" ASC-yə qarşı iddiası təmin olunmuş, akt əsasında hesablanmış 269.03 manat məbləğində pul iddiaçının hesabından silinmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tələbini təsdiq etməsi barədə başqa sübutlarının olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə iclaslarında iddiaçıya iddianı təsdiq edəcək sübutlar təqdim etməsi təklif olunsa da, iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Belə ki, iddiaçı cavabdehin özbaşına hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər yetirməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Mənəvi ziyanla bağlı tələblə əlaqədar məhkəmə hesab edir ki, iş materialları ilə, eləcə də məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia həmin hissədə də əsassızdır. İddiaçı tərəfin izahatı iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı hesab edir ki, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1851/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1851/2024
16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver